Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Moskva görüşündən əvvəl səslənən iddialar fiaskoya uğradı” – Rufiz Qonaqov

Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin Moskvada keçirdiyi üçtərəfli görüşdə Azərbaycan masadan qalib ayrıldı.

Görüşün nəticəsində imzalanan razılaşma da bunun göstəricisidir. Görüşdən əvvəl isə bəzi iddialar səsləndirilirdi. İddia olunurdu ki, Moskva görüşündə Azərbaycana yeni güzəştlər qəbul etdiriləcək, bir növ müharibədə əldə olunan qələbəyə kölgə salınacaq.

Amma görüşün nəticəsindən bir daha bəlli oldu ki, bu cür iddialar əsassızdır və Azərbaycan müharibə meydanında olduğu kimi, diplomatik arenada da qalib tərəfdir və milli maraqların əksinə heç bir addım atmır.

Görüşdən əvvəl səslənən iddialar və Moskva görüşünün nəticələri ilə bağlı Cebhe.info-ya danışan Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Rufiz Qonaqov bildirib ki, üçtərəfli görüşün məqsədi 10 noyabrda Dağlıq Qarabağa dair imzalanmış bəyanatın reallaşmasının gedişini, mövcud vəziyyəti, dinc həyatın qaydaya salınmasına dair sonrakı addımların müəyyən olunması ilə bağlı idi:

“Burada 10 noyabr bəyanatının videoformatda imzalanmasını və bununla bağlı təmasların telefonla baş tutduğunu nəzərə alsaq, ilk dəfə idi ki, müharibədən sonra üç ölkə lideri birbaşa danışıq aparırdı. Azərbaycan ilk olaraq Rusiyanın mehriban qonşu, dost jestlərini hər zaman dəyərləndirib. Bu dörüşdə də cənb Prezident bunu xüsusilə qeyd etdi. Görüşün yekunu olaraq bölgədəki vəziyyətin inkiafına dair birgə bəyanat imzalandı. Qeyd edib ki, burada əsasən 10 noyabr bəyanatında regiondakı iqtisadi və nəqliyyat komunikasiyalarının həyata keçirilməsini nəzərdə tutan 9-cü bəndin üçtərəfli işçi qrupunun yaradılması barədə razılıq əldə olundu. Hansı ki, bu komunikasiyaların açılması həm regiona bütövlükdə sülh gətirəcək, həm də dünya üçün kifayət qədər önəmli məsələdir. Bundan başqa Naxçıvana dəhlizin açılması bilavasitə Azərbaycanın maraq dairəsində olan və imzalanmış 10 noyabr bəyanatında olan xüsusi maddələrdən biridir. Azərbaycan hərb meydanında olduğu kimi, diplomatik arenada da üstün mövqedədir”. Rufiz Qonaqov qeyd edib ki, heç bir zaman Azərbaycanın bu qalibiyyəti güzəştə getmək niyyəti olmayıb: “Ancaq məkrli niyyətləri olan Ermənistanın və radikal adlandırılan müxalifətin, eləcə də Azərbaycanı gözü götürməyən xarici dairələrin niyyəti belə olub. Burada kommunikasiyaların bərpası regionun inkişafında dinamizm yaratmaqla bərabər, həm də etibarlı təhlükəsizliyə xidmət edəcək. Prezident bu görüşdə xüsusi olaraq bildirdi ki, regionun bundan sonra davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüş çox vacib idi. Prezident həmçinin dedi ki, biz sentyabrda baş verən hadisələrə yekun vurmaq əzmində idik ki, bu görüşdə buna da yekun vurulub və Dağlıq Qarabağ münaqişəsi artıq keçmişdə qalıb.Artıq irəliyə baxmaq, regionun inkişafına xüsusi önəm vermək lazımdır. Moskva görüşündə Azərbaycan öz istəyinə nail oldu. Ortaq bəyanatın mətni, xüsusilə də üçtərəfli işçi qrupunun yaradılması da bunu bir daha təsdiqləyir”. BMAM sədri bildirib ki, rəsmi Bakının şərtləri qəbul edilməsəydi, üçtərəfli format olmayacaqdı: “Azərbaycanın görüşdən əvvəl irəli sürdüyü tələblər də regionlar sabitliyi və təhlükəsizliyi möhkəmlənməsinə xidmət edirdi. Bu, faktiki olaraq Mehri dəhlizinin açılması və Türkiyəyə dəmir yolu çəkilişinin başlaması deməkdir. Açılacaq kommunikasiya xətləri Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq. Nikol Paşinyan erməni cəmiyyətində itmiş nüfuzunu bərpa etmək üçün Moskva görüşü ərəfəsində müxtəlif təxribatlara əl atmağa çalışırdı. Maksimum nəticə əldə etmək üçün danışıqları pozmaq istəyirdi. Bütün bunların heç biri baş tutmadı. Paşinyanın növbəti hiyləgərlikləri heç bir səmərə vermədi. Azərbaycan artıq Ermənistana “dəmir yumruq”la elə bir zərbə endirib ki, bundan sonra uzun müddət özünə gəlməsi mümkün deyil. Paşinyanın qaldırdığı Minsk Qrupunun bərpası, əsir və girovlarla bağlı dediyi fikirlər də fiasko idi. Artıq Minsk Qrupu tarixə qovuşur, bu proseslərdə heç bir rolu olmadı”.

Rufiz Qonaqov əlavə edib ki, görüşdən əvvəl gündəmə gətirilən iddiaların hamısı fiaskoya uğradı:

“Radikal müxalifətin gündəmə gətirdiyi Azərbaycan yeni güzəştlər qəbul edəcək, Rusiya hərbi gücünü artıracaq fikirləri də fiaskodan başqa bir şey deyil, absurd fikirlərdir. Halbuki rus və erməni mediyası belə Azərbaycanın öz milli maraqlarını sona qədər müdafiə etdiyini, 10 noyabr razılaşmasının ruhuna zidd heç bir şərti qəbul etmədiyini öncədən təsdiqləyirdi. Əlbəttə ki, görüşün nəticələrini Azərbaycanın qələbəsini daha da gücləndirdi. Bu, Azərbaycanın maraqlarına xidmət edən, bölgəyə barış və sülhün gəlməsi, keçmiş köçkünlərin evlərinə qayıtması üçün uğurlu addımlardan biri idi. Azərbaycanı gözü götürməyin görüşlə bağlı qaldırdığı ajiotaj da bir daha göründü ki, yersiz və absurd fəaliyyət idi”.

Vilayət Muxtar

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …