Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Dillər Universiteti qədim dillərimizin öyrənilməsində nə edə bilir…

Kamal Abdulla: “Alban dili ilə bağlı cənab Prezident çox konkret məsələ qoyub”

Müasir dünyada qədim dillərin öyrənilməsi, öyrədilməsi və tədrisi olduqca aktualdır. Azərbaycanda da dövlət səviyyəsində qədim dillərin öyrənilməsinə dəstək verilir. Qədim dillərdən Akad, Avesta, Şumer, Midiya, alban və sair dillərin öyrənilməsi Azərbaycana daha çox lazımdır. Ona görə ki, bu dillərdə bizim xalqımızla, mədəniyyətimizlə, dövlətçiliyimizlə, tariximizlə bağlı çox mühüm məsələlər yer alırdı. Qədim əlifbalarda yazılan əlyazmaların oxunması üçün qədim dillərin özünün öyrənilməsi və öyrədilməsi vacib bir tələbata çevrilib. 

Bildiyimiz kimi, ölkə başçısı İlham Əliyev Qəbələdə səfərdə olarkən alban dili və əlifbasının tədrisi məsələsini aktuallaşdırdı.

Qədim dillərin və əlifbaların öyrədilməsi, tədrisi sahəsində hansı işlər görülür? Qədim dillərin öyrədilməsi üçün bizdə baza varmı, varsa, hansı səviyyədədir? Alban dilinin öyrədilməsinin aktual olduğu bir vaxtda bu dillə bağlı hansı işlər planlaşdırılır? Bu istiqamətdə Azərbaycan Dillər Universitetində nə işlər görülür? 

  • “Azərbaycanın qədim dillərini öyrənmək çox vacib məsələdir”

Azərbaycan Dillər Universitetinin rektoru, akademik  Kamal Abdulla “Bakı-Xəbər”ə bildirdi ki, qədim dillərin tədrisi məsələsi gündəmdədir: “Biz bu məsələni qaldırmışıq. Qədim latın dili, qədim yunan dili və sanskrit dili ilə bağlı konkret fəaliyyət göstəririk. Səfirliklərlə əlaqə saxlamışıq və o dillərin mütəxəssislərini cəlb edəcəyik. Yəqin ki, yaxınlarda siz bunu eşidərsiniz”.

Alban dilinin və əlifbasının tədrisi məsələsinə gəlincə, K.Abdulla bildirdi ki, alban dilinin öyrənilməsi və tədrisi də qarşıda duran hədəflərdəndir. “Təbii ki, alban dilini də öyrənəcəyik. Alban dilinin burada konkret olaraq daşıyıcıları yoxdur. Yəqin ki, tədricən onu da keçərik. Çünki Azərbaycanın qədim dillərini öyrənmək çox vacib məsələdir”.

“Əsas məsələ alban və digər qədim dillər üzrə mütəxəssislərin cəlb edilməsidir ki, söhbət onların haradan dəvət edilməsindən gedir. Məsələn, udilər deyirlər ki, onlar alban əlyazmalarını tərcümə ediblər və s. Amma burada bizə mütəxəssislər lazımdır. Mütəxəssisləri hansı ölkələrdən cəlb etmək olar, yaxud bizim ölkəmizdə elə mütəxəssislər varmı” sualına gəlincə, K.Abdulla bunları dedi: “Çətin məsələ də qədim dillər üzrə mütəxəssislərin tapılmasıdır. Tutaq ki, sanskritin mütəxəssisini tapmaq asan deyil, çətindir. İndi gərək mütəxəssisi ya Hindistanda, ya da Avropada axtarasan. Biz axtarışdayıq. Pandemiya olmasaydı, indi biz bu məsələni həll etmişdik. Çünki Hindistandan bura mütəxəssis dəvət edirdik. Sanskrit qədim hind dilidir.

Alban dili ilə bağlı cənab Prezident çox konkret məsələ qoyub, onu da gərək həll edək. Gərək araşdıraq ki, bizə bu gün nə lazımdır və kim lazımdır?”

Bu işin kompleks yanaşma tələb etdiyini deyən K.Abdullanın sözlərinə görə, bu işdə nailiyyət əldə edilməsi üçün bütün mümkün variantlardan istifadə ediləcək. “Bu iş, bilirsiniz, nəyə görə çətindir, çünki onun bazası yoxdur, başlanğıcı yoxdur. Mən vaxtilə akademiyada məsələ qaldırmışdım ki, qədim dillərin öyrənilməsi üçün mütəxəssisləri başqa ölkələrə  göndərək. Onlar gedib o ölkələrdə qədim dilləri öyrənib qayıtsınlar, Dillər Universitetinin nəzdində qədim dillər laboratoriyası açılsın. Bu söhbət on il bundan əvvəl yarımçıq qaldı. İndi bu istiqamətdə müəyyən işləri Dillər Universitetində görməyə çalışıram. Biz mütəxəssisləri qədim latın dilini öyrənmək üçün Rumıniyaya, İtaliyaya göndərə bilərdik. Çünki bu ölkələrdə latın dilini öyrənirlər. Qədim yunan dilini öyrənmələri üçün Yunanıstana göndərə bilərdik. Mütəxəssis deyəndə biz mütləq mənada gənc insanları nəzərdə tutmamalıyıq. Çünki bu mütəxəssis, ən azından, bir ingilis dilini bilməlidir ki, gedib öyrənəcəyi dili bu dildə öyrənsin. Çünki öyrənəcəyi dili hansısa dildə öyrənməlidir. Ona görə də bu, kifayət qədər püxtələşmiş bir dilçi olmalıdır, gedib o dili öyrənib, geri qayıdıb, burada həmin dili məqsədəuyğun şəkildə istifadə etsin” – deyə K.Abdulla qeyd etdi.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …