Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

“Dinləyəndə tüklərimiz biz-biz oldu….” – Türkiyəli jurnalistlər (Fotolar)

TRT World kanalının çəkiliş qrupu qaçqınlar və döyüş bölgəsində gördükləri ilə bağlı danışır

Atakan Kərküklü: “Biz Qarabağ həqiqətlərini ingilis dilində dünyaya çatdırmaq istəyirik”

Bu günlərdə Türkiyənin nüfuzlu TRT World kanalının heyəti Azərbaycanda olub. Xocalı qətliamının ildönümü ilə bağlı olaraq silsilə müsahibə və reportajlar hazırlayan qrup eyni zamanda döyüş bölgələrində, sərhədyanı ərazilərdə də olublar. Onlarla insan hekayələrini dinləyən həmkarlarımız bu gün Türkiyəyə geri qayıdırlar.

“Yeni Müsavat” TRT World heyətinin 1 həftəyə yaxın davam edən Azərbaycan səfəri zamanı gördüyü işlərlə tanış olmaq üçün kanalın layihə prodüsseri Atakan Kərküklü ilə söhbətləşdi. Müsahibimiz öncə səfərlə bağlı ümumi məlumatları bölüşdü.

-Bizim Bakı səfərimiz çox önəmlidir. Ayın 26-da Xocalı faciəsinin 26-cı ildönümüdür. Bu, Azərbaycanla yanaşı, Türkiyə üçün də önəmli tarixdir. Mən universitetdə oxuyanda Dağlıq Qarabağla bağlı araşdırmalar aparmışdım. Özüm milliyyətçiyəm və daima bu mövzularla bağlı çox maraqlanmışam, araşdırmalarım olub. Xocalı faciəsinin ildönümü ilə bağlı olaraq Azərbaycanda silsilə çəkilişlər etmək üçün layihə hazırladım və bu, TRT Word tərəfindən qəbul edildi. Yəni, bu layihə çərçivəsində biz həm Xocalı faciəsinin ildönümünü, həm döyüş bölgələrini, həm də hazırda Azərbaycanın həyatında vacib olan hadisələri çəkib tamaşaçılarla paylaşmağı planlamışıq. Ötən həftənin cümə axşamı günündən etibarən Bakıdayıq. Gəldiyimiz gündən etibarən yüksək vəzifəli məmurlarla müsahibələrimiz, xeyli gəzintilərimiz və döyüş bölgəsinə səfərimiz olub. Xocalı qətliamında ailəsini itirən insanlarla da müsahibələr etdik. Xocalı qətliamını əlimizdən gələn qədər işıqlandırmaq istədik. Bu qətliamın insanların həyatındakı iz, ordan qaçıb, Bakıya sığınanların yaşadıqları çətinliklər haqda məlumat alış-verişləri etdik. Bununla yanaşı, Xocalı qətliamı barədə danışıb, Qarabağ problemini də diqqətdən kənarda qoymaq istəmədik. Bunun üçün də önəmli dövlət adamları ilə müsahibələr etdik. Bu müsahiblərdən biri də Prezident Admistrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov oldu. Bizə Dağlıq Qarabağ problem ilə bağlı detallı və geniş məlumatlar verdi.

-Bir sözlə, Azərbaycanla bağlı bu layihənin və səfər təklifinin müəllifi siz olmusuz…

-Bəli, mən oldum. Amma inanın ki, Azərbaycandan bu qədər dəstək və diqqət görməsəydik, bu cür materialları toplaya bilməz, Qarabağ həqiqətlərini çatdırmaq üçün əlimizdə yetərli bilgilər olmazdı.

-Ümumilikdə nə qədər insandan müsahibə götürmüsüz?

-15-20 nəfərdən… Dediyim kimi, onların arasında dövlət adamları, millət vəkilləri də olub, qaçqınlar da, siyasətçilər də.

-Amma reportajlarınız təkcə Bakı ilə məhdudlaşmadı, səhv etmirəmsə…

-Bəli, Bakıda da müsahibə və reportajlar etdik. Amma əsasən sərhədə yaxın bölgələrdə – Goranboyda, Tərtərdə olduq. Sərhədə 850 metr məsafədə idik. Döyüş yerlərini izləmək və bunu videokameranın yaddaşına köçürmək ciddi bir tarixi hadisə idi. 2016-cı ilin aprel ayında hadisələr cərəyan etmişdi, döyüşlər aktivləşmişdi. Həmin vaxt atəş edilən kəndlərə qədər getdik və insan hekayələrini dinlədik. Biri döyüşlər zamanı anasını, biri atasını, biri həyat yoldaşını itirmişdi. Hətta bir qadın müsahibimiz oldu. 1988-ci ildə ermənilərin hücumu zamanı çənəsinə yumruq atılmış, dişləri qanamış, özü girov götürülmüş, uşaqları döyülmüşdü. Faciələr silsiləsi idi. Dinləyərkən tüklərimiz biz-biz oldu… Sonra əsgərlərin kazarmasında olduq. Onlar da bizə 2016-cı ildəki aprel döyüşləri ilə bağlı maraqlı məlumatlar verdilər, döyüş yerlərini gəzdirdilər. Ən son olaraq ermənilərin sərhədinə 70 metr qalmış gəldik. Orda daha öncə ermənilərin əlində olan, amma döyüşlər nəticəsində Azərbaycan ordusu tərəfindən yenidən azad edilən bölgələri də gördük.

-Mən sizin sosial şəbəkədəki şəkillərinizi və hərəkət trayektoriyanızı izləyirdim. Ölümlə burun-buruna da gəlmişdiniz, deyəsən. Təmas xəttində, ermənilərdən çox qısa məsafədə…

-Əlbəttə, çox təhlükəli idi. Bəzi bölgələr vardı ki, orda erməni snayperləri bizi görürdü. Bəzi yerlər minalanmış ərazi idi və bizim ora girməməyimiz lazım idi. Amma biz düşündük ki, bu, bir milli məsələdir. Hekayəni tam olaraq göstərmək üçün oralara girməmiz şərt idi. Bir az sürətlə qaçdıq, bir az başımızı əydik… amma girdik. Üstü betonla örtülmüş bir bina vardı, o binanın içində çəkilişlər etdik. Eyni zamanda sərhəd xəttindəki əsgərlərin qaldığı yerləri gördük. Fikir mübadiləsi etdik, bizim verdiyimiz bütün sualları cavablandırdılar.

-Əlinizdəki bu materiallardan necə istifadə edəcəksiz? Bizlər bunu xəbər, sənədli film, yoxsa serial müsahibələr şəklinə görəcəyik?

-Biz TRT Word olaraq son 2 ildə fəaliyyətimizin sferasını genişləndirmişik. Bizim məqsədimiz ingilis dilində ən yaxşı yayım verən kanal olmaqdır. CNN, BBC, Əl Cəzirə kanalları səviyyə və keyfiyyət etibarilə üst sıralarda dayanırlar. Biz də bu kanalı yaradanda amalımız belə oldu ki, haqqında danışılmayan hekayələrdən danışaq, əsas xəbər kanallarından fərqli olaraq nələrisə edək. Hazırda da onunla bağlı səylərimizi davam etdiririk. Ayın 26-da bizim üçün özəl bir gün olacaq. Həmin gün “News markers” adlı verilişimizdə Xocalı qətliamı haqda çəkdiklərimizi kiçik bir film halında təqdim edəcəyik. Daha sonra bu mövzu dəyərli və mövzuya hakim ekspertlər tərəfindən müzakirə ediləcək. Həmin gün üçün bizim ən önəmli mövzumuz Xocalı qətliamı olacaq. Bunun xaricində həmin gün xəbər masası olaraq “Dağlıq Qarabağ” paketi, “Xocalı qətliamı” paketi, Əli Həsənovla müsahibəni yayımlayacağıq. Əli bəylə müsahibə ayrıca bir verilişdə yayımlanacaq.

-Qaçqınlarla, zamanında erməni əsirliyində olmuş insanlarla da söhbətlər etmisiz. Onları hansı formada işıqlandıracaqsız?

-Bəli, biz özəl hekayələri olan şəxslərlə də müsahibələri yayımlayırıq. Xocalı qaçqınları ilə danışarkən iki nəfər bizim çox diqqətimizi çəkdi. Bunlardan biri bütün ailəsini itirmiş bir şəxs idi. Uşaqkən ermənilər atasını gözünün qabağında yandırmışdılar. Bizim üçün bu hekayəni dinləmək çox ağrılı idi. Sırf bu bölgədə yaşadığı üçün, heç bir günahı olmayan insanın ailəsinin öldürülməsi, belə vəhşiliklərin edilməsi bizim qanımızı dondurdu. Daha bir qəhrəmanımız isə qaçqın bir qadın idi. Onun həyat yoldaşı illər əvvəl ermənilər tərəfindən öldürülmüş, özü isə əsir düşmüşdü. İki körpə uşağı olan qadın ərinin yerini demədiyi üçün dişlərini qırmış, işgəncələrə məruz qoymuşdular. Ən pisi isə körpə uşaqları da anasının gözü qabağında başından tüfəngin arxası ilə vurublar. Bu müddətdə rus bir jurnalist bu əsir düşərgəsinin içinə girərək, bu qadının şəklini körpələri ilə çəkib. 2010-cu ildə rus jurnalist bu qadının kimliyini tapıb və və həmin şəkilləri ona göndərib. Qadının uşaqlarından biri başından aldığı zərbələrə görə epilepsiya xəstəliyinə tutulub. Azərbaycana gələndən sonra müalicə olunub, amma 18 yaşına qədər yaşaya bilib, ondan sonra həyatını itirib. Digər uşağının baş sümüklərində isə qırıqlar var. Bu hər iki dəhşətli hekayəni ayrıca yayımlayacağıq.

-Qəhrəmanlarınızın Azərbaycan dilində danışıqlarını titrlə türk dilində yazacaqsız, yoxsa izləyiciləriniz Azərbaycan türkcəsini anlayacaq deyə buna gərək görməyəcəksiz?

-Əslində biz ingilis dilində yayım edirik. Məqsədimiz hazırladığımız xəbərlərlə dünyaya mesaj verməkdir. Qərbdə bəzi insanlarla danışanda məlum olur ki, onlar heç Azərbaycan-Ermənistan münaqişəsi barədə heç nə bilmirlər, Qarabağın harda olmasından belə xəbərləri yoxdur. ona görə də həqiqətləri dünyaya çatdırmaq əsas məqsədimizdir. Bəhs etdiyimiz xəbərlər ingilis dilindədir. Amma o iki qəhrəmanın dramını öz dilində, ingilis dilində alt yazı ilə yayımlamağı planlaşdırırıq.

-Azərbaycana yolunuzu salmışkən, ölkə üçün əhəmiyyətli olan başqa hansı mövzularla bağlı müsahibə və araşdırmalar etdiniz?

-Bəli, gəlmişkən, Azərbaycanın vacib mövzularına da toxunduq. Bunlardan biri neft və qaz sektorudur. Bu sektorun Azərbaycan və bölgə üçün önəmi olduğunu, dövlətlərarası münasibətlərdə bu faktorun əhəmiyyətini qabardacağımız bir xəbər də hazırlayırıq. Neft və qaz sektoru ilə bağlı son illərdə həyata keçirilən bütün layihələrin önəmi bu materiallarda yer alacaq.

-Bu materialların yayımı ancaq 26 fevral tarixi ilə məhdudlaşacaq, yoxsa ay ərzində davamlı olaraq efirə verəcəksiz?

-Hazirladiğımız bu materiallar üç gün boyunca telekanalda yayımlanacaq. Eyni zamanda bizim sosial şəbəkədəki hesablarımızda da onunla tanış olmaq mümkün olacaq. Bizim səhifələrimizin yüz minlərlə izləyicisi var. Bayaqdan sadaladığım xəbərlərin xaricində süjetlərimiz də olacaq. Bunlardan biri Türkiyə-Azərbaycan arasındakı dostluq, qardaşlıq, eyni zamanda xarici siyasət. Bundan başqa, hazırda Türkiyə sərhədində davam edən, “Zeytun budağı” adlandırılan döyüşlərlə bağlı düşüncələri özündə əks etdirən müsahibəmiz də oldu. Həmin müsahibəni də Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyevdən götürdük. Hikmət bəy müsahibəsində Azərbaycan olaraq bu əməliyyatı nə qədər dəstəklədiklərindən bəhs etdi. Hikmət bəyi İstanbula da dəvət etdik, ayın 26-da bizim studiyamızın qonağı olacaq.

-Azərbaycanda yaxınlaşmaqda olan prezident seçkiləri ilə bağlı müsahibə və materiallar toplaya bildinizmi?

-Bəli. Bu seçkilərlə bağlı dünya mediasının gözü Azərbaycanda olacaq. Seçkilərin ədalətli keçirilib-keçirilməyəcəyi ilə bağlı tənqidlər və analitik yazılar da xarici jurnalistlər tərəfindən yazılacaq. Bu, təbiidir. Amma biz sabah Mərkəzi Seçki Komissiyasının rəhbəri Məzahir Pənahovdan da müsahibə alacağıq. Seçkiöncəsi mühit və seçkilərə hazırlıqlarla bağlı bütün suallarımızın cavabını ondan alacağıq. (musavat.com)

 

 

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir