Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Qazi intiharlarında artım rəsmi etiraf olunur – psixoloji amil, ya məmur laqeydliyi…

Nahid Salayev: “TƏBİB-in qazilərin psixoloji yardım almasını könüllülük prinsipinə bağlaması düzgün deyil”

“Təəssüf ki, qazilərimiz arasında intihar halları artıb. Psixoloq yardımı könüllü keçirilir. Bəzən qazilər keçirdikləri hisslərdən dolayı yardımımızı qəbul etmirlər”. Bu barədə TƏBİB-in yaydığı rəsmi açıqlamada bildirilir.

Qazilər arasında intihar hallarının artması doğrudanmı psixoloji amillərlə bağlıdır, yoxsa burada məmur süründürməçiliyi də rol oynayır? TƏBİB nə üçün qazilərə zamanında qayğı göstərmir?

Qeyd edək ki, bəzi mütəxəssislər qazilərin bu yolu seçməsinin bir səbəbini yerlərdəki məmurların yaratdıqları bürokratik əngəllərlə, süründürməçilik halları ilə əlaqələndirir.

Vətən Müharibəsi İştirakçılarının Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Nahid Salayev baki-xeber.com-a şərhində bildirdi ki, qazilər arasında intiharın artmasının bir neçə səbəbi var. “Qazilər arasında intihar hallarının artmasının bir neçə səbəbi var. Bilirsiz ki, postmüharibə dövründə müharibə dövründəki travmanı yaşamaq, depressiyadan çıxmaq bir az çətin olur. Belə deyək, müharibə dövründə həddən artıq aqresiyaya, düşmənə nifrət hissinə köklənmiş döyüşçü, qazi özünü bir qədər “kənarlaşdırılmış”, “lazımsız” hiss edir. Bu gün bu qazilər arasında olan problemlərdən biridir. Yəni belə deyək, yaşadığı hisslərin müəyyən qədər qarşılığını cəmiyyətdən ala bilmir. Təsəvvür edin ki, düşmənin üzərinə böyük əzmlə gedən, ölümün gözünə dik baxan adamlar müharibədən qayıdandan sonra cəmiyyətdə adi həyat tərzinə öyrəşə bilmir, bir az da öz yerini tapa bilmir. Bu bütün dünyada belədir, müharibədən sonra istənilən hallarda insanlarda psixoloji problemlər yaranır. Bunu təkcə qazilərə də aid etmək olmaz, ümumiyyətlə müharibədən keçmiş hər bir şəxsdə bu problem ola bilər. Qaldı ki, TƏBİB-in mövqeyinə, TƏBİB-in mövqeyində bir qədər səhlənkar yanaşma var. Psixoloji yardım konüllülük əsasında olmalı deyil. Ölkənin tibbi-sosial imkanları kifayət qədərdir ki, müharibə iştirakçılarını təmin etsin. Bu qurumlarda qazilərin, müharibədən keçmiş insanların siyahısı var, amma onlara bir az səhlənkar, məsuliyyətsiz yanaşılır. Əsas məzmun budur. Yəni qazilərin özlərinin könüllü olaraq psixoloji yardıma müraciət etməsini gözləmək, bu bir az absurddur. Çünki bu adam müharibənin dəhşətini, odunu-alovunu görüb, müharibədə qələbə qazanmış bir insandır. Yəni bu hisslə yaşayan adamdır, amma bununla belə ola bilsin ki, o özünə sığışdırıb müraciət etmək istəməsin. Amma bununla belə bu o demək deyil ki, TƏBİB qaziləri taleyin öhdəsinə buraxa bilər. Bununla razı deyiləm. TƏBİB tərəfindən qazilərə psixoloji yardım briqadaları yaradılmalıdır, qazilər bir-bir ziyarət edilməlidir. Bu belə olmalıdır. Onların TƏBİB-ə müraciət edib psixoloji yardım istəməsi gözlənilən deyil. Yəni istənilən qazi gəlib “mənim psixoloji problemim var” deməyəcək. Mən özümdən götürürəm. Şəxsən mən “Yaşat” fonduna müraciət etdim, sağ olsunlar məni TƏBİB-ə yönləndirdilər, amma mən yaxınlaşmadım. Başqaları da yaxınlaşmır. Fakt olaraq TƏBİB-in qazilərin psixoloji yardım almasını könüllülük prinsipinə bağlaması düzgün deyil”.

N.Salayev həmçinin bürokratik əngəllərin də olduğunu istisna etmədi. Onun sözlərinə görə, hər zaman süni əngəllər yaradanlar olur: “TƏBİB-də də bunun olması qaçılmazdır. Amma mənim şəxsi istəyim odur ki, bu qurumun nəzdində psixoloji briqadalar yaradılmalıdır. Bürokratik əngəllərə gəlincə, təkcə TƏBİB-də yox, başqa dövlət orqanlarında da öz işinə səhlənkar yanaşan məmurlar olur. Bunlar isə adı işdə getsin deyə işə gələn adamlar var ki, bəzən o şəxslərin yarıtmazlığına görə böyük bir dövlət qurumunun adına ləkə gəlir. Bu barədə belə düşünürəm. Qazilərə ən böyük köməklik, onlara göstərilən qayğı nə ola bilər ki? Söhbət qaziyə maddi yardımın edilməsindən getmir, dövlət maddi tərəfi həll etməyə çalışır və xeyli dərəcədə də işlər görülüb. Sırf psixoloji dəstəyin alınması üçün qazilərə bir az daha doğma, isti yanaşma olmalıdır. Məmur ki, öz üzərinə götürdüyü öhdəlikdən çıxış edərək qaziyə məmur kimi yanaşmamalıdır, ona daha səmimi yanaşmalıdır, özünü daha çox sevdirməyə, qaziyə dəstək olmağa çalışmalıdır. Mən bürokratik əngəlləri bunda görürəm ki, qazilərlə, müharibə iştirakçıları ilə dövlət qurumları, aidiyyəti məmurlar arasında həddən artıq rəsmiyyət var. Qazilərə bəzən səmimi yanaşmanın olmaması, qazilərə sırf məmurcasına yanaşmanın sərgilənməsi bu sahədə dərin uçurumun yaranmasına səbəb olur. Mən bu baxımdan, işin daha yaxşı doğru təşkil edilməsi, şəffaflığın təmin olunması və qazilərin bu problemin əlindən xilas edilməsi üçün psixoloji yardım xətlərinin yaradılmasını təklif edirəm. Bu həddindən artıq vacibdir. İnanıram ki, TƏBİB-in dövlətdən aldığı kömək sayəsində bunu yaratmağa böyük imkanları var. Bununla həm qazilərə böyük kömək göstərmiş olacaq, həm də arzuolunmaz halların da baş verməsini minimuma endirəcək. Məsələn, bir qazinin intihar etməsi xəbəri nəinki onun ətrafına, xəbər ictimailəşəndən sonra bütün vətən müharibəsi iştirakçılarına və qazilərə böyük bir psixoloji travma yaşadır, inamsızlıq mühiti formalaşdırır. Məhz bunun qarşısının alınması üçün psixoloji dəstək xətlərinin, briqadalarının yaradılması çox vacibdir”-deyə N.Salayev vurğuladı.

İradə SARIYEVA

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …