Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək.
“Report”un məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçı Qəbələdə eyniadlı komanda ilə “Keşlə” arasında baş tutacaq. Rəşad Əhmədovun idarə edəcəyi görüş saat 18:00-da başlayacaq. İlk turdan sonra əyalət təmsilçisi 1 xalla 3 – 6-cı yerləri bölüşdürür. Xalı olmayan paytaxt klubu isə sonuncudur. İndiyədək ölkə çempionatında 51 dəfə üz-üzə gələn kollektivlərin duelində meydan sahibləri 14, qonaqlar isə 19 qələbə qazanıb. 18 qarşılaşmada qalib müəyyənləşməyib. Topların fərqi də bakılıların xeyrinədir – 68-51. “Qəbələ” son üç matçda qol vurub. Rəqiblərin son dörd oyununda qonaq komanda qələbə qazanmayıb.
Günün son görüşündə isə lider “Sumqayıt” evdə “Sabah”la münasibətlərinə aydınlıq gətirəcək. Oyunun baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. Qarşılaşma saat 20:00-da start götürəcək. İlk turda inamlı qələbə qazanan “gənclik şəhəri” təmsilçisi zirvədə qərarlaşıb. Xalsız “Sabah” isə “Keşlə” ilə birlikdə 7-8-ci yerləri bölüşdürür. Bunadək keçirilən 11 oyunun 5-də meydan sahibləri, 4-də isə qonaqlar 3 xala sevinib. 2 görüş heç-heçə başa çatıb. “Sumqayıt”ın vurduğu 15 qola “Sabah” 12 topla cavab verib. Üç matçdır uduzmayan paytaxt təmsilçisi son altı qarşılaşmada qol vurub. “Sumqayıt” son üç ev oyununda 2 qol buraxaraq məğlub olub.
Azərbaycan Premyer Liqası
II tur
18:00. “Qəbələ” – “Keşlə”
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Tural Qurbanov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Qəbələ şəhər stadionu
20:00. “Sumqayıt” –“Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Kapital Bank Arena”
Qeyd edək ki, tura avqustun 22-də keçiriləcək “Zirə” – “Neftçi” və “Qarabağ” – “Səbail” matçları ilə yekun vurulacaq.