“Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva MDB dövlətləri daxili işlər nazirləri şurasının üzvlərini qəbul edərkən əhatəli və əsaslı şəkildə ölkəmizin işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi əməlləri qeyd edib. Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər əməllər haqqında hesabat və “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy” kimi fundamental sənədlər hazırlanıb”.
“Report”un xəbərinə görə, bunu keçirdiyi mətbuat konfransında XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O bildirib ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətləri aşağıdakı istiqamətlər üzrə təsnif edilir:
“- İşğal olunmuş ərazilərdə məskunlaşmanın aparılması;
– Azərbaycanın təbii sərvətlərinin istismarı və ticarəti;
– İqtisadi və maliyyə fəaliyyətləri;
– İnfrastruktur dəyişikliklər və telekommunikasiya şəbəkəsinin istismarı;
– İşğal edilmiş ərazilərin mədəni xarakteri və irsinin dəyişdirilməsi;
– İşğal edilmiş ərazilərin turizm məkanı kimi təşviq edilməsi, qeyri-qanuni səfərlərin təşkili və digər fəaliyyətlər”.
H.Hacıyev əlavə edib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərin həyata keçirilməsinə məsuliyyət daşıyan tərəfdir. Bu qeyri-qanuni əməllərin bir qismi beynəlxalq hüququn imperativ normalarından irəli gələn öhdəliklərin ciddi surətdə pozulmasıdır. “Bu sıraya aşağıdakılar daxildir:
– BMT Nizamnaməsini pozaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər rayonlarının de-fakto ayrılmasını təmin etmək üçün gücdən istifadə;
– Bu xüsusda Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulması;
– İşğal olunmuş ərazilərdə etnik təmizləmənin aparılması, məskunlaşma məntəqələrinin yaradılması və əhalinin köçürülməsinin təmin edilməsi bu ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi;
– Hərbi işğala dair hüququn, xüsusilə “Quruda müharibənin aparılması qanunları və adətləri” haqqında 1907-ci il Haaqa Konvensiyası ilə bağlı Qaydaların 43-cü bəndi, 1949-cu il “Müharibə zamanı mülki şəxslərin müdafiəsi”nə dair Cenevrə Konvensiyasının 49-cu maddəsinin kobud şəkildə pozulması;
– İşğaldan əvvəl həmin ərazidə yaşayan insanların maraqlarının aliliyini nəzərə almadan işğal olunmuş ərazilərin təbii resurslarının istismar edilməsi;
– Ərazinin mədəni irsinin dəyişdirilməsi”.
Onun sözlərinə görə, beynəlxalq hüququn imperativ normalarının sadalanan ciddi pozuntusu ağırlaşdırılmış məsuliyyətlə nəticələnən xüsusi halların tətbiq edilməsini nəzərdə tutur. Bu sıraya daxildir:
– Bu kimi pozuntular nəticəsində yaranmış vəziyyətin tanınmaması;
– Bu vəziyyətin saxlanması üçün hər hansı yardımın göstərilməsinin qadağan olunması;
– Bu kimi pozuntuları etmiş şəxslərin hər hansı immunitetdən məhrum edilməsi;
– Ağırlaşdırılmış məsuluyyət kimi bütün Dövlətlər tərəfindən Ermənistanı məsuliyyətə cəlb etmək və ona qarşı tədbirlərin görülməsi, o cümlədən sanksiyaların tətbiq edilməsi, cinayət və mülki işlərin açılması.
XİN sözçüsü deyib ki, beynəlxalq münasibətlərdə və münaqişələrin həlli prosesində qanunun aliliyinin təmin olunması mütləq xarakter daşıyır: “Bütün beynəlxalq ictimaiyyəti, müvafiq beynəlxalq təşkilatları, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini, əcnəbi hüquqi və fiziki şəxsləri “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy” və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri ilə bağlı Azərbaycanın təqdim etdiyi digər fundamental hüquqi hesabatları nəzərə almağa çağırırıq”.