Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunda bu gün final mərhələsi start götürəcək.
Boyukmillet.com xəbər verir ki, 11 gün davam edəcək yarışa 10 qrossmeyster qatılacaq. Onların arasında Azərbaycan təmsilçiləri Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov da var.
İştirakçılar əvvəlki 9 mərhələdə qazandıqları bonus xallarının nəticələrinə əsasən müəyyənləşdiriliblər. Final mərhələsində onlar 9 turdan ibarət dairəvi sistemlə mübarizə aparacaqlar.
Hər tur 4 rapid partiyadan və ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq. 40-cı gedişədək heç-heçəyə icazə verilmir.
Turnirdə hər gün 1 tur oynanılacaq. İlk turda Rəcəbov rusiyalı Vladislav Artemyovla qarşılaşacaq. 34 yaşlı qrossmeyster mübarizəyə ağ fiqurlarla start verəcək. Məmmədyarov isə ABŞ təmsilçisi Uesli Soya qarşı qara fiqurlarla oynayacaq.
Çempionlar turu
25 sentyabr
I tur
Teymur Rəcəbov – Vladislav Artemyov (Rusiya)
Uesli So (ABŞ) – Şəhriyar Məmmədyarov
Maqnus Karlsen (Norveç) – Yan-Kşiştof Duda (Polşa)
Levon Aronyan (Ermənistan) – Maksim Vaşye-Laqrav (Fransa)
Aniş Giri (Niderland) – Hikaru Nakamura (ABŞ)
Qeyd edək ki, turnirin mükafat fondu 100 000 ABŞ dollarıdır.