Milli Məclisin deputatı Fatma Yıldırım Sankt-Peterburqda təşkil olunan III Avrasiya Qadınlar Forumunda Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın ittihamlarına cavab verib.
Deputat Fatma Yıldırım APA-ya açıqlamasında bildirib ki, Forum çərçivəsində keçirilən “Qadınların sülh diplomatiyasının və etimadın inkişafındakı missiyası” mövzusunda sessiyada iştirak edib.
- Paşinyan Azərbaycanın Ermənistanı diplomatik müstəvidə də dalana dirədiyini etiraf edib
- David Zalkaliani: “Azərbaycan və Ermənistan liderləri arasında aktiv kommunikasiya aparılır”
- Gürcü jurnalist və blogerlər Füzulidə minatəmizləmə əməliyyatları ilə tanış olub – FOTO
Deputat qeyd edib ki, forumun ikinci plenar iclasında Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın çıxışı zamanı forumun kontekstindən kənara çıxaraq, ölkəmizə qarşı əsassız və böhtan dolu ittihamlar səsləndirib: “Azərbaycan nümayəndə heyətinin üzvü kimi Anna Akopyanın ittihamlarına cavab verdim, bu ittihamları rədd edərək, Forum iştirakçılarını Azərbaycan həqiqətləri barədə məlumatlandırdım”.
Deputatın sözlərinə görə, 2020-ci ilin payızında Azərbaycanın işğalçı Ermənistana qalib gəldiyini, ərazisinin 30 ilə qədər işğal altında qalan 20 faizini azad etdiyini forum iştirakçılarının diqqətinə çatdırıb: “Keçən ilin bu günlərində cəbhə xəttindən uzaqda yerləşən Azərbaycan şəhərləri də Ermənistanın raket zərbələrinə məruz qalıb, bu, çoxlu sayda insan tələfatına yol açıb. Deputatı olduğum Bərdə şəhəri və Bərdə rayonu da qadağan olunmuş “Smerç” raketlərindən atəşə tutulub, sadə insanlar həyatını itirib. Onların arasında çoxlu sayda qadın və uşaq da vardı. Ancaq bu alçaq hücum Bərdə qadınlarının iradəsini sındıra bilməyib, kişilərlə birgə bu ərazini tərk etməkdən imtina ediblər. Bütün bunları çıxışımda qeyd etdim”.
Fatma Yıldırım Anna Akopyanın əsassız ittihamlarına cavab verərək bildirib ki, bu gün Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur: “Qeyd etdim ki, Qarabağ var və o, dünya tərəfindən tanınmış Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Hərbi əsirlərlə bağlı məsələyə gəlincə, Azərbaycan Prezidenti də birmənalı vurğulayıb ki, hər hansı hərbi əsir, nə qadın, nə də kişi hərbi əsir yoxdur. Diversantlar var ki, imzalanmış üçtərəfli 10 noyabr razılaşmasından sonra bizim ərazilərə daxil olub, terror aktları törətməyə cəhd ediblər. Bu, tamamilə ayrı məsələdir. Bunları da tədbir iştirakçılarının diqqətinə çatdırdım. Habelə vurğuladım ki, nə üçün biz indiyə qədər 1 milyon məcburi köçkünü doğma torpaqlarına – Qarabağa qaytara bilmirik? Çünki orada çoxlu minalanmış ərazi var. Təkcə Ağdamda 97 min mina var, hazırda həmin minalar təmizlənir. Qadınlar, qocalar, uşaqlar 30 ildən sonra tarixi torpaqlarına qayıdacaqlarını gözləyirlər. Bu gün bu humanitar məsələdən danışmaq lazımdır. Bu, regionumuz üçün vacib vəzifədir.
Azərbaycanın həmişə sülhün, regionda sülh və əməkdaşlıq şəraitində yaşamağın tərəfdarı olduğunu bildirdim. Qeyd etdim ki, bu, bütün beynəlxalq platformalarda bəyan edilib. Ancaq biz həmişə Ermənistanın destruktiv siyasətinin şahidi olmuşuq. Azərbaycandakı bütün azlıqlar ölkəmizin vətəndaşları kimi bütün hüquqlara sahib olublar. Hansı azlığın nümayəndəsi Azərbaycanda yaşamaq istəyirsə, Azərbaycan vətəndaşı kimi yaşaya bilər”.