Cümə , 29 Mart 2024
Drone Cameras

Dövlət təltifləri təqdim olunub – FOTOLAR

Boyukmillet.com xəbər verir ki, oktyabrın 15-də Naxçıvanda 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsinin, Azərbaycan Respublikasının orden, medal və fəxri adlarının, eləcə də Naxçıvan Muxtar Respublikası fəxri adlarının və gənc istedadlara xüsusi aylıq təqaüdün təqdimat mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Azərbaycanda Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən 30 il ötür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi ki, “Müstəqillik bir bəyanatla olmur. Müstəqillik əməli işlə olur. Əməli iş də ondan ibarətdir ki, biz özümüz öz ölkəmizin, öz torpağımızın, millətimizin, taleyimizin sahibi olmalıyıq”. Ümummilli liderimizin Naxçıvan Muxtar Respublikasında yaşayıb fəaliyyət göstərdiyi illər dövlət müstəqilliyi üçün real tədbirlərin həyata keçirildiyi – Azərbaycanın taleyinə sahib çıxıldığı dövrdür. 1990-cı il iyulun 22-də Moskvadan Naxçıvana qayıdan xalqımızın böyük oğlu qədim diyarda müstəqilliyimizlə bağlı qəti qərarlar qəbul edib, üçrəngli bayrağımız ilk dəfə 1990-cı ildə – ölkədə müstəqillik elan olunmamışdan bir il əvvəl Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qaldırılıb, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri götürülüb. Bunun ardınca Sovet qoşun hissələri Naxçıvandan çıxarılıb, ilk milli sərhəd dəstəsi və ordu hissələri yaradılıb, kommunist partiyasının fəaliyyəti dayandırılıb, yeni istehsal münasibətlərinə əsaslanan təsərrüfatçılıq prinsiplərinin təməli qoyulub, ən əsası isə Sovet İttifaqının qorunub saxlanması ilə əlaqədar 1991-ci il martın 17-də keçirilən ümumittifaq referendumunda Naxçıvan Muxtar Respublikası iştirak etməmişdi. Bir sözlə, ulu öndər Azərbaycanın qurtuluşuna və müstəqilliyinə Naxçıvandan başlayıb. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, “1990-cı illərdə Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qəbul edilmiş tarixi qərarlar Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. Məhz o sessiyada Azərbaycanın üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi. O vaxt Azərbaycanda hələ Sovet Azərbaycanının bayrağı dalğalanırdı. O vaxt Sovet İttifaqının dağılması haqqında heç kim düşünmürdü. O ağır, o çətin anlarda bu qətiyyətli qərarlar həm Naxçıvanı qorudu, həm də Azərbaycanın gələcək müstəqilliyini şərtləndirdi”.

Ali Məclisin Sədri deyib: Ulu öndər Naxçıvanda bu tədbirləri həyata keçirərkən, ölkəmizdə isə bunun əksinə olaraq ictimai-siyasi və iqtisadi tənəzzül, vətəndaş müharibəsi, qarşıdurma, hakimiyyət uğrunda mübarizələr hökm sürür, torpaqlarımız işğal olunurdu. Azərbaycan onu gözləyən fəlakətlərdən, daxili və xarici qüvvələrin qəsdindən və müstəqil dövlətçiliyin məhvindən xilas edilməli idi. Belə bir dövrdə – 1993-cü ilin 15 iyununda xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli liderimiz Azərbaycanı Milli Qurtuluşa qovuşdurub, ölkə işğaldan, müstəqilliyimiz isə itirilmək təhlükəsindən xilas edilib, böyük sosial-iqtisadi inkişaf strategiyası həyata keçirilib, birlik və sabitliyə nail olunub.

“Bu gün Azərbaycanda müstəqilliyin, dövlətçiliyin və inkişafın yolu ulu öndərin siyasi xəttindən keçir”, – deyən Ali Məclisin Sədri bildirib ki, ölkə Prezidenti bu yolu uğurla davam etdirərək Azərbaycanı regionun lider dövlətinə, sabitliyin və inkişafın təminatçısına çevirib, dövlət-xalq birliyi möhkəmlənib, güclü ordu yaradılıb, torpaqlarımız işğaldan azad olunub. Ötən dövrdə Naxçıvanda əldə olunan nailiyyətlər də müstəqilliyin nəyə qadir olduğunun göstəricisidir. Müstəqillik illərində muxtar respublikada ümumi daxili məhsul istehsalı 67, kənd təsərrüfatı məhsulları 14, sənaye istehsalının həcmi 114 dəfə artıb, 100 minə yaxın yeni iş yerləri açılıb, yaşayış məntəqələri böyüyüb, 1 rayon, 4 qəsəbə və 2 şəhər yaranıb. Tikinti quruculuq işləri geniş vüsət alıb, 200-dən çox təhsil, 202 səhiyyə, 400-ə yaxın mədəniyyət obyekti, 337 inzibati bina tikilib, bütün yaşayış məntəqələrini əhatə edən müasir yol-nəqliyyat və sosial infrastruktur istifadəyə verilib.

Ali Məclisin Sədri deyib: Sabitlik və dövlət-xalq birliyi olan yerdə inkişaf davamlı olur. Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişafında bu amil əsas götürülür, dövlətinə və xalqına sədaqətlə xidmət edənlərin əməyi yüksək qiymətləndirilir, onlar ölkəmizin müxtəlif orden, medal və fəxri adları ilə təltif olunurlar. Bu gün dövlət mükafatları təqdim olunanlar da öz sahələrində fərqlənən, müstəqilliyimizin möhkəmlənməsində və ölkəmizin inkişafında özünəməxsus payı olan insanlardır.

Ali Məclisin Sədri təltif olunanlara təbriklərini çatdırıb, 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsinin, Azərbaycan Respublikasının orden, medal və fəxri adlarının, Naxçıvan Muxtar Respublikası fəxri adlarının döş nişanlarını və vəsiqələrini, gənc istedadlara xüsusi aylıq təqaüdün kartlarını təqdim edib.

Ülvi Hüseynli, Məmmədəli Məmmədov, Sabir Ağayev, Nəsib Əhmədov, Seyran Əhmədova, Gülnara Əliyeva, Əhəd Məmmədov, Seyfullah Rüstəmov, Seymur Cəfərov, Namiq Quliyev, Eldar Məmmədov, Vüqar Babayev, Gözəl Şahməmmədova, Mustafa Əliyev, Hüseyn Niftəliyev, Qasım Əliyev, Əli Qənbərov, Zəminə Əliyeva, Ərus Ağayeva, Vidadi Quliyev, İnarə Quliyeva, Elnarə Məmmədova, gənc təqaüdçülər Nicat Əlizadə və Nazlı Hümbətova verilən yüksək qiymətə görə dövlətimizə minnətdarlıq ediblər.

Qeyd olunub ki, qarşıda duran əsas vəzifə bundan sonra da ölkə Prezidenti tərəfindən davam etdirilən ulu öndər Heydər Əliyev siyasi xəttinə sadiq qalmaq, müstəqilliyimizin və dövlətçiliyimizin inkişafına töhfə verməkdir.

Check Also

NATO-nun keçmiş baş katibi Ermənistandan rüşvət alıb

Hikmət Hacıyev Rasmussenə hansı bədnam əməllərini xatırladır? Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət …