Cümə , 22 Noyabr 2024
Drone Cameras

Səbuhi Həsənov: Zəngəzur dəhlizi Naxçıvanın iqtisadi-tranzit əhəmiyyətini daha da artıracaq

Zəngəzur dəhlizi təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil, region ölkələrinə iqtisadi imkanları artırmağa da şərait yaradacaq. Azərbaycan və Türkiyə prezidentlərinin təklif etdiyi əməkdaşlıq platforması da region ölkələrinə yeni perspektivlər vəd edir.

Boyukmillet.com xəbər verir ki, bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində “Şərq qapısı” qəzetinin şöbə müdiri Səbuhi Həsənov deyib.

O qeyd edib ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfəri zamanı iki qardaş ölkənin başçıları tərəfindən Zəngəzur dəhlizinin – Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulması bu dəhlizin açılmasını tezliklə reallaşdırmaq istiqamətində mühüm tarixi hadisə oldu. Həmin gün Zəngilanın Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış etdilər. Dövlətimizin başçısı çıxışında bu tarixi hadisəni belə dəyərləndirdi: “Bu gün burada, Zəngilanda olarkən təbii ki, biz Zəngəzur dəhlizi haqqında danışmasaq düzgün olmaz. Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir.

Bu gün Əziz qardaşımla və qonaqlarla birlikdə böyük avtomobil yolunun təməlini qoyduq. Bu avtomobil yolu da Zəngəzur dəhlizinin bir hissəsidir. Bu avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində biz istədiyimizə nail olacağıq”.

Azərbaycan və Türkiyə respublikalarının prezidentlərinin bu il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanma mərasimindən sonra mətbuata birgə bəyanatlarını da xatırladan Səbuhi Həsənov bildirib ki, həmin vaxt da bu məsələdən ətraflı bəhs olunub. Zəngəzur dəhlizi layihəsinə xüsusi önəm verilməsinin səbəbi də dəhlizin Azərbaycan və Türkiyə üçün məxsusi əhəmiyyət daşımasından irəli gəlir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bəyanatında Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq dəhliz açılacağını, bunun çox böyük əhəmiyyət kəsb edəcəyini bildirib. Yeri gəlmişkən, Şuşa Bəyannaməsində Zəngəzur dəhlizinin davamı kimi, Naxçıvan-Qars dəmir yolunun tikintisinin də Azərbaycanla Türkiyə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyi öz ifadəsini tapıb. Nəzərə alaq ki, hazırda qardaş Türkiyə Respublikasının Mərkəzi Asiya ölkələri və dünyanın ikinci böyük iqtisadi gücü sayılan Çinlə xarici ticarət dövriyyəsi (Mərkəzi Asiya ölkələri ilə 6 milyard, Çinlə 21 milyard təşkil edir) durmadan artır və qardaş ölkənin yaxın illərdə bu həcmi artıracağı da artıq mühüm hədəf kimi qarşıya qoyulub. Bu dəhliz, eyni zamanda Çinin “Bir kəmər, bir yol” layihəsinin davamı kimi də dəyərləndirilir. Belə ki, Zəngəzur dəhlizi Çinə Orta Asiya-Azərbaycan-Türkiyə-Avropa tranzit-nəqliyyat xəttindən istifadə etmək imkanı yaradır.

“Azərbaycana gəldikdə isə Zəngəzur dəhlizi ölkəmizi hər iki qitə arasında mühüm iqtisadi tərəfdaşa çevirir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin də buradan keçməsini nəzərə alsaq, Azərbaycan dünyanın ən nəhəng logistik qovşaqlarından birinə çevrilməklə, təkcə dünya iqtisadi sistemində deyil, qlobal siyasi müstəvidə də əlavə nüfuz qazanacaq”, – deyən Səbuhi Həsənov qeyd edib ki, bu dəhliz ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını faktiki olaraq nəqliyyat-kommunikasiya əlaqələrini tamamilə bərpa edəcək. Bu il mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Prezidenti Ordubad rayonunda olarkən deyib: “Mən təsadüfən Ordubad dəmiryol stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan, təqribən, 56-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasına baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıb, talan edib. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır”.

“Şərq qapısı” qəzetinin şöbə müdiri vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası 30 ilə yaxın blokada dövründə özünün möhkəm iqtisadi əsaslarını yaradıb. Belə ki, bölgədə tikinti və nəqliyyat infrastrukturu tamamilə yenilənib, avtomobil və dəmir yolları yenidən qurulub, mühüm sənaye və kənd təsərrüfatı müəssisələri yaradılıb. Muxtar respublika ərazisi mühüm faydalı qazıntı yataqları ilə zəngin olduğundan və kənd təsərrüfatının hərtərəfli inkişafı yaradılan istehsal müəssisələrinin demək olar ki, hamısının yerli xammalın emalı və istehsalı bazası üzərində qurulmasına imkan verib. Nəticədə, ötən dövrdə burada mühüm aqrar-sənaye istehsalına nail olunub. Yəni, Naxçıvanın ixrac potensialı xeyli artıb. Təbii ki, Zəngəzur dəhlizinin açılması muxtar respublikanın xarici ticarət dövriyyəsinin həcminin artmasına da böyük təsir göstərəcək. Çünki daşınma xərclərinin aşağı düşməsi muxtar respublikanın ixrac qabiliyyətini daha da genişləndirəcək. Burada mühüm istiqamətlərdən biri də yerli xidmətlərimizin ixracı ilə bağlıdır. Məlumdur ki, imkanlardan asılı olaraq milli iqtisadiyyatlar beynəlxalq xidmət bazarına müxtəlif çeşiddə xidmətlər təklif edə bilirlər. Bu xidmətlərə turizm və səyahət, rabitə, nəqliyyat, tikinti, maliyyə, biznes və sair daxildir. Bu sahələrin özü də çoxsaylı xidmət çeşidlərini özündə birləşdirir. Məsələn, reklam və bazar araşdırmaları, hüquq, mühasibatlıq, ictimai əlaqələr, İT xidmətləri, bank əməliyyatları və sair. Eləcə də rabitə, tikinti, bank-maliyyə və digər istiqamətlər üzrə də muxtar respublikanın əməkdaşlıq əlaqələrini genişləndirəcək.

Muxtar respublikanın investisiya cəlbediciliyinə də diqqət çəkən Səbuhi Həsənov bildirib ki, Naxçıvan ənənəvi sahələrlə yanaşı, innovativ investisiya layihələri (bərpa olunan enerji mənbələri, texnologiya parkları, ağıllı regional idarəetmə mərkəzləri və sair) üçün də əlverişlidir və artıq bu sahədə müəyyən təcrübələr var, o zaman regiona biznes maraqlarının artacağı da şübhəsizdir. Eyni zamanda müxtəlif sahələr üzrə yerli mütəxəssislərin yetişməsi də yeni biznes layihələrinin həyata keçirilməsinə şərait yaradır. Bütün bunlar isə yaxın illərdə muxtar respublikanın iqtisadi əlaqələri ilə yanaşı, xidmət sektorunda da əməkdaşlığının inkişafına öz müsbət təsirini göstərəcək.

“Şərq qapısı” qəzetinin şöbə müdiri deyib: “Heç şübhəsiz ki, bu dəhlizin açılması, Zəngəzur dəhlizi ilə Naxçıvana, oradan da İstanbula gedən yol Naxçıvanı yeni tranzit qovşağına çevirməklə diyarımızın Şərqin qapısı kimi iqtisadi-tranzit əhəmiyyətini daha da artıracaq, muxtar respublikamızın sosial-iqtisadi inkişaf baxımından daha böyük uğurlar qazanmasına səbəb olacaq. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz, bir illiyini qeyd edəcəyimiz Tarixi Zəfər təkcə hərbi qələbə kimi deyil, gələcək möhtəşəm iqtisadi uğurları, beynəlxalq əməkdaşlıq çərçivəsindəki nailiyyətləri ilə də tarixə öz möhürünü vurmuş olacaq”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …