Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədri olduğu “Caspian European Club” tərəfindən hazırlanan investisiya reytinqində ölkəmizin regionları arasında 2017-ci və 2018-ci illərin nəticələrinə görə ard-arda iki dəfə liderlik qazanıb. Şübhəsiz, bu göstərici regional inkişaf prioritetləri baxımından qədim diyarın sosial-iqtisadi sahədə və xarici iqtisadi əlaqələrdə uğurlarını bir daha ortaya qoymaqla, yeni investisiyalar üçün cazibədarlığını da artırmaqdadır.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində “Naxçıvan” Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarov deyib. O qeyd edib ki, sərmayə, yəni investisiya qoyuluşu iqtisadiyyatda əsas hədəflərə çatmaq üçün həyata keçirilən məqsədyönlü tədbirlərin mühüm tərkib hissəsidir. Belə tədbirlər nəticəsində iqtisadi artım və həyat səviyyəsinin yüksəlməsi, xüsusilə elmtutumlu innovativ sahələrin inkişafında arzuedilən nəticələr əldə olunur. Bu da dövlətin investisiya siyasətinin əsas hədəflərindəndir. Belə ki, dövrün tələblərinə cavab verən investisiya siyasətini işləyib hazırlamaqla dövlət ölkə və region iqtisadiyyatının investisiya aktivliyinin artırılmasına, bununla da sosial-iqtisadi inkişaf üçün tələb olunan resursların cəlb edilməsinə və onlardan səmərəli istifadəyə şərait yaradır. Başqa sözlə, bazar iqtisadiyyatı şəraitində investisiya mənbələrinin üzə çıxarılması, onların lazımi istiqamətə yönəldilməsi dövlət investisiya siyasətinin əsas məqsədlərindən biridir. Planlı və məqsədyönlü şəkildə həyata keçirilən bu siyasət bəzi sahələrdə dərhal, bir sıra sahələrdə isə uzunmüddətli perspektiv üçün öz səmərəsini verir. Bu sahədə ölkəmizin regionları arasında lider mövqeyini möhkəmləndirmiş Naxçıvan Muxtar Respublikasında həyata keçirilən belə bir investisiya siyasəti də, son nəticədə, özünü real sektorun inkişafında, maliyyə potensialının və intellektual yaradıcı gücün artırılmasında göstərir. Bu da haqlı olaraq Naxçıvanın cazibə qüdrətini artırır.
Muxtar respublikada sənaye müəssisələrinin sayı 8,5 dəfə artaraq 442-yə çatıb
İqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarov deyib: Naxçıvan Muxtar Respublikasının müasir inkişafında insan amilinə verilən diqqət ön planda durur. İqtisadi sahədə əldə olunan nəticələrin sosial sahəyə transformasiyası, uzunmüddətli dövrdə yeni, yaradıcı insan resurslarının formalaşdırılması həyata keçirilən bütün tədbirlərin, o cümlədən investisiya qoyuluşlarının da istiqamətini müəyyənləşdirir. Əhali məşğulluğunun təmin olunması, insanların ən ucqar yaşayış məntəqələrində məskunlaşmasını daha da əlverişli edən quruculuq tədbirlərinin geniş vüsət alması, daha çox intellektual potensialın gücündən faydalanmağı nəzərdə tutan innovativyönümlü yeni texnologiyaların istehsalata fəal tətbiqi məhz insan əməyinin yüksək qiymətləndirilməsi ilə nəticələnir ki, bu da iqtisadiyyatın istənilən sektorunda daxili imkanlar hesabına təkrar investisiya qoyuluşlarına müsbət təsir göstərir. Xüsusən özəl sektor üçün bu cəhətə baxdıqda muxtar respublikada istehsal olunan ümumi daxili məhsulun həcmi ilə nisbətdə geniş investisiya qoyuluşu gücünün formalaşdığını demək olar.
Məhz bu səbəbdəndir ki, 1990-cı illə müqayisədə muxtar respublikada sənaye müəssisələrinin sayı 8,5 dəfə artaraq 442-yə çatıb. Təkcə bir sahə üzrə rəqəmlərə baxdıqda görünür ki, son nəticədə, sakinlərin rifah səviyyəsinin artırılmasına yönəldilən belə sərmayə qoyuluşları istehlak bazarında yeni tələbatın formalaşmasına, bu isə, öz növbəsində, iqtisadi artımın dinamikasını müsbət səviyyədə saxlamağa imkan verən bir amildir.
Naxçıvanın 200-dən artıq kəndi abadlaşdırılıb, müasirliyə qovuşub
“Naxçıvan” Universitetinin dosenti qeyd edib ki, yol, nəqliyyat, rabitə, içməli su təminatı, idman, sağlamlıq, rekreasiya və turizm kimi əhalinin rifahına birbaşa təsir edən sahələrə yatırılmış investisiyalar iqtisadiyyatın digər sahələrinə də öz təsirini göstərməkdədir. Belə ki, bu məqsədlə yatırılmış hər manat ən azı 30 il müddətində öz çoxaldıcı təsirini göstərməklə sənaye, kənd təsərrüfatı, tikinti sektoru kimi sahələrə sabit maliyyələşmə zəmanəti verir. Muxtar respublikanın 200-dən artıq kəndinə çəkilmiş abad yollar, hər bir yaşayış məntəqəsini müasirliyə qovuşduran kənd və xidmət mərkəzləri, təhsil, səhiyyə və mədəniyyət ocaqları kimi yüzlərlə obyekt məhz bu siyasətin nəticəsində ərsəyə gəlib.
Son illər muxtar respublika iqtisadiyyatına 9,6 milyard manatdan çox investisiya yönəldilib
Əli Cabbarov bir mühüm məsələyə də diqqəti cəlb edərək vurğulayıb ki, bu gün dünyanın bir sıra iri dövlətlərində belə, kəskin problem kimi özünü göstərən ərzaq və enerji təhlükəsizliyi məsələsi Naxçıvanda tam şəkildə həll olunub. Ümumi gücü 239 meqavat olan 8 elektrik stansiyası, müasir texnologiyalara əsaslanan heyvandarlıq, quşçuluq, balıqçılıq, arıçılıq, bağçılıq, üzümçülük təsərrüfatları, soyuducu anbar və istixana kompleksləri, taxıl emalı müəssisələrindən ibarət 500-dən artıq kənd təsərrüfatı təyinatlı obyekt qeyd olunan sahələrdə muxtar respublikanın idxaldan asılılığını tamamilə aradan qaldırıb. Xüsusilə muxtar respublikada alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin ümumi enerji istehsalında 60 faizdən çox və istehsal olunan ərzaq məhsullarının ekoloji təmiz və orqanik mənşəli olması təkcə Naxçıvana gələn yüksək səviyyəli qonaqların deyil, iqtisadiyyat üzrə ekspertlərin də diqqətindən kənarda qalmır. Bundan başqa, Naxçıvanda əhalinin müasir standartlara cavab verən içməli su ilə təmin olunması və müasir kanalizasiya sistemlərinin qurulması da diqqət mərkəzindədir. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublika əhalisinin 40 faizdən çoxu beynəlxalq standartların tələblərinə uyğun içməli su ilə təmin olunur. Davam etdirilən işlər nəticəsində artıq bir neçə ildən sonra muxtar respublikanın bütün şəhər və rayon mərkəzləri və ətraf kəndləri tamamilə təmiz içməli su və kanalizasiya sistemi ilə təmin olunacaq. Bütün bu sadalananlarla birgə, ümumilikdə, son illər muxtar respublika iqtisadiyyatına 9,6 milyard manatdan çox investisiya yönəldilib, 12 mindən çox müxtəlif təyinatlı obyekt istifadəyə verilib.
On beş ildə muxtar respublika üzrə 73 mindən çox yeni iş yeri yaradılıb
“Sahibkarlıq fəaliyyəti iqtisadiyyatın hərəkətverici qüvvəsi, innovativ yeniliklərə və yeni investisiyalara çox həssas olan bir sahədir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədilə müxtəlif mənbələr hesabına yatırılan investisiyalar, son nəticədə, iqtisadiyyatın şaxələndirilməsi, əhalinin tələbatının ödənilməsi üçün mümkün olan əmtəə və xidmətlərin istehsalına imkan yaradır”, – deyən alim bildirib ki, yeni iqtisadi layihələr gerçəkləşdikcə əhalinin gəlirləri artır və istehlak bazarında canlanma yaranır. Ötən dövrdə Naxçıvanda bir çox bu kimi layihə reallaşdırılıb. Belə ki, 2000-ci ildən bəri Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1270 layihənin maliyyələşdirilməsinə 142 milyon 298 min manatdan çox güzəştli kreditlər ayrılıb. Bunun nəticəsində 2003-cü ildən ötən müddətdə muxtar respublika üzrə 73 mindən çox yeni iş yeri yaradılıb, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. Ötən dövrdə Naxçıvanda reallaşdırılan tədbirlər, keçilən inkişaf yolu ona liderlik mövqeyi qazandırıb.