Ermənilər tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevdən demək olar ki, xəbər yoxdur. Beynəlxalq qurumlar şifahi şəkildə girovlarla görüşdüklərini və səhhətlərində heç bir problem olmadığını dilə gətirsələr də, ailələri bunun əksini deyir. Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov 1 il 2 aydır ki, atasından, nəinki məktub, xəbər belə almadıqlarını bildirib. O, deyib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi bir aydan bir atasından məktub, üç aydan bir video görüntü gətirməli olduğu halda, bugünkü gün nə məktub var, nə də video… Beynəlxalq Qırmızı Xaç Komitəsi isə girovlarla vaxtaşırı görüşdüklərini və hər şeyin yolunda olduğunu açıqlayır.
Maraqlıdır ki, xaricdə və daxildə olan azərbaycanlılar, diaspora üzvləri, eləcə də siyasi mühacirlər, xaricə köçən digər qrup adamlar Ermənistanın xaricdəki səfirlikləri önündə piket və ya aclıq aksiyası təşkil etmirlər. Ümumiyyətlə, girovların azad edilməsi yönündə indiyədək Azərbaycan diasporasının hər hansı addımı nəzərə çarpmayıb. Əslində diasporamız sözügedən məsələ ilə bağlı çox vacib və təqdirəlayiq addımlar atmaqla yaşadıqları ölkələrin ictimai-siyasi həyatına nüfuz edə bilərlər. Ancaq bu xəttin davam etdirilməsi hiss olunmur.
Mövzu ilə bağlı Cebhe.info-ya danışan İSBAM sədri, Beynəlxalq Diaspora Mərkəzinin Aparat rəhbəri Samir Adıgözəlli deyib ki, hazırda girovların məsələsi ilə bağlı müzakirələr aparılır:
“Bu müzakirələr girovlarımızla və son vaxtlar ölkəmizə yönələn təhdidlərlə bağlıdır. Bu gün mətbuatda söyüş müxalifətinin yazılarına rast gəlirik. Bu, yolverilməzdir. Fransada baş verən hadisələrdən bütün dünya xəbərdardır. İndi mən də bir fransızı Azərbaycana gətirib və buradan Fransa prezidentini söydürəcəyəm. Görüm bu, Fransa dövlətçiliyinə, prezidentinə, xalqına xoş gələrmi? Söz yox ki, bu hadisələrin başında erməni lobbisi durur. Erməni lobbisi əslində mövcud deyil, onun tərkibində cinayətkar ünsürlər var. Lobbi adı altında fəaliyyət göstərən bizim diaspora girovlarla bağlı Ankarada, Sankt-Peterburqda müxtəlif aksiyalar, konfranslar keçirib. Təbii ki, girovlarla bağlı işlər daha çox ölkədən kənarda görülməlidir. Hər zaman bu sözü demişəm və arxasında dayanıram. Necə ki, biz bu gün futbolu oynaya bilmirik, eləcə də diaspora və lobbiləşmə sahəsində mobil şəkildə mübarizəmizi aparmağı bacarmırıq. Bu, çox ağrılı mənzərədir. Müəyyən işlər görülür, fəaliyyət var. Amma əsas deyil. Məsələn, Mehman Hüseynovla bağlı bütün məsələ çılpaqlığı ilə ortaya çıxdı. Qardaş da qardaşı ölümə göndərər ki, onun hesabına nəyisə qazansın? Demək ki, bunlar maddiyyat və qranta görə hər şeyə gedərlər. Bu gün Mehmandır, sabah isə bir başqası ortaya çıxarılacaq. Bu gün bizim girovlar həbsdə və əsirlikdədir. Amma bir toplum olaraq insanlarımız bundan narahat deyil. Cəmiyyət sanki bu mövzuda susqun bir vəziyyətdədir. Niyə biz bu məsələləri beynəlxalq təşkilatlar qarşısında qoya bilmirik? Niyə xaricdə fəaliyyət göstərən diaspora təşkilatlarımız, media və ictimaiyyət olaraq mütəşəkkil ola bilmirik? Bu proseslərdən çıxış yolunu fikirləşməliyik. Cəmiyyət olaraq gözümüzü açmalıyıq. İlk növbədə isə söyüş müxalifətinə qarşı ciddi mübarizə aparılmalıdır. Bu gün Azərbaycan diasporasının Rusiyada, Ukraynada, Avropanın özündə geniş imkanları var. Baxın, ermənilər Türkiyədə televiziya açmağa hazırlaşır. Bütün sahələrdə bu adamlar fəaliyyətlərini, maddi imkanlarını, güclərini ortaya qoyurlar. Bəs biz necə, eyni fəaliyyəti göstərə bilirikmi? Təəssüf ki yox”.
Xatırladaq ki, azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda doğma torpaqlarını və ata-analarının məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Onların girov götürülməsindən 5 il ötür. D.Əsgərov və Ş.Quliyev girov götürülərkən onların yanında olan Həsən Həsənov isə qətlə yetirilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, Azərbaycan vətəndaşı Elnur Hüseynzadə isə bu ilin fevralında Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb.
Alçina Amilqızı