Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

İnternet məkanda sui-istifadənin insan haqlarına təhlükəli olduğunu AŞPA indi gördü…

“Bu məsələ barədə qətnamə qəbul edilsə də, ancaq internet üzərindən sui-istifadə probleminin həlli modeli hazırlanıb təqdim edilməyib”

img

Müşfiq Ələsgərli: “Avropa Şurası Parlament Assambleyası və digər qurumlar bu halların aradan qaldırılmasını həqiqətən istəyirlərsə…”

 

Bu gün dünyada mövcud olan problemlərdən biri internet, sosial şəbəkələr üzərindən söz azadlığından sui-istifadə hallarının geniş yayılmasıdır. Söz azadlığını əlində bayraq tutan insanlar çox zaman burada müxtəlif neqativ fəaliyyətlərlə, çağırışlarla məşğul olurlar. Dünya dövlətlərini ciddi narahat edən söz azadlığından sui-istifadəyə yol verilməsi halları beynəlxalq qurumların da diqqətini çəkib.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) internet idarəçiliyi və insan hüquqlarına dair qətnamə qəbul edib. Məlumata görə, qətnamədə internetdə insan hüquqlarının qorunmasının təmin edilməsinin çox vacib olduğu bildirilir.

Qətnamədə tövsiyə edilir ki, internet və onun idarə edilməsi məsələsi dövlət siyasətinin əsasında duran məsələlərdən olmalıdır. Üzv ölkələr sosial şəbəkənin neytrallığını qorumağa, informatika cinayətinə qarşı qlobal mübarizə siyasətinə malik olmağa, söz azadlığından sui-istifadə edilməsi hallarının qarşısını almağa dəvət olunurlar.

Qeyd edək ki, bundan əvvəl AŞPA ictimai media xidmətlərinə dair qətnamə qəbul edib.

Media eksperti Müşfiq Ələsgərli “Bakı-Xəbər”ə bildirdi ki, bu məsələ ilə bağlı sözügedən beynəlxalq qurumun belə bir qətnamə qəbul etməsi yaxşı haldır.O hesab edir ki, həmin qurumun problemi qabartması və bununla bağlı xüsusi sənəd qəbul etməsinin əhəmiyyəti var, lakin qurum problemin həlli modelini də hazırlayıb təqdim etsə, bunun daha böyük önəmi olar. “Əslində, deyilənlərdə bir həqiqət var. Hazırda dünyanın informasiya ilə əlaqədar trend mövzularından biri internetdə söz azadlığından sui-istifadə edilməsi halları ilə bağlıdır. Digəriləri isə internetdən istifadə edərək nifrət dolu çıxışların, yalan məlumatların yayılmasıdır. Dünyada mövcud olan bütün tanınan beynəlxalq qurumlar bu problem üzərində çalışırlar və onların həlli yollarını arayırlar. Doğrudan da ciddi bir problemdir. Orta hesabla internet üzrərindən yayılan məlumatların təxminən 60 faizindən çoxu yalan informasiyalardır. İkinci yeri isə separatizmə, nifrətə, milli-dini, irqi ayrıseçkiliyə çağırış, şəxsi həyata müdaxilə, təhqir-böhtan və s. tutur. Söhbət bundan gedir ki, həm söz azadlığından sui-istifadə edilməsi, həm də sonuncu problemdən qurtuluş yolu dəfələrlə müzakirə edilib, fikirlər səsləndirilib. Bu məsələ barədə qətnamə qəbul edilsə də, ancaq internet üzərindən sui-istifadə probleminin həlli modeli hazırlanıb təqdim edilməyib”.

M.Ələsgərli qeyd etdi ki, bütün dövlətlərin tətbiq etməli olduğu vahid standartın olmaması məcbur edir ki, hər dövlət bu problemin aradan qaldırılması üçün öz mövcud qanunvericiliyindən çıxış edərək tədbirlər görsün. Bu da bəzən “söz azadlığı”nı qoruyan qurumlar tərəfindən “söz azadlığının boğulması” kimi qiymətləndirilir. Avropa Şurası, eləcə də digər qurumlar bəzi dövlətlərdə söz azadlığının boğulması ilə bağlı qərəzli fikirlər yürütməkdənsə, səylərini real problemlərin praktik həllinə yönəltməlidirlər. O qeyd etdi ki, internet üzərindən söz azadlığından istifadə edərək başqalarının hüquqlarını pozan insanlara, əslində, həmin beynəlxalq qurumlar “ilham” verib. “İnsanlar elə bilir ki, internet azad bir məkandır və burada nə istəsələr edə, ürəkləri istəyənləri yaza, informasiyalar yaya bilərlər. Dövlətlər bu kimi hallara qarşı mübarizə apardıqda Avropa Şurası, Avropa Parlamenti və digər qurumlar hay-həşir salırlar ki, filan ölkədə söz azadlığı boğulur. Ancaq məsələnin mahiyyətinə varmırlar ki, o dövlətlər bu hala qarşı nə üçün mübarizə aparırlar? Bu adamlar sosial şəbəkələrdən, internetdən istifadə edərək separatizmə çağırışdan tutmuş, insanların şərəf və ləyaqətini təhqir etməyə qədər neqativ işlər görürlər. Avropa Şurası Parlament Assambleyası və digər qurumlar bu halların aradan qaldırılmasını həqiqətən istəyirlərsə, onda onun iki variantı var. Birincisi, ölkələr bu kimi hallara qarşı mübarizə apardıqda onun mahiyyətini dərindən öyrənsinlər ki, bu tədbirlər niyə görülür? İkincisi isə bu qurum özü konkret modellər təqdim etməlidir ki, bu modelləri dövlətlər tətbiq etsin və bunla da söz azadlığından sui-istifadənin qarşısının alınmasına nail olunsun” – deyə M.Ələsgərli bildirdi.

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir