“Bunun üçün iri məmur kontingenti də bu məsələyə sadiqliyini nümayiş etdirməlidir”
Elşən Həsənov: “İri məmur kontingentinin heç də hamısının indiki mövqeyi struktur islahatlarının həyata keçirilməsi üçün…”
Ölkə Prezidentinin rəhbərliyi ilə son illər ölkəmizdə bütün sahələrdə uğurlu islahatlar həyata keçirilməkdədir. Dünyanın yeni inkişaf meyllərinə cavab verən bu islahatlar respublikamızın daha sürətlə inkişafına yönəlib. Dövlət idarəetmə sistemində başladılan islahatlar şübhəsiz ki, bu sahədə paralelliyin və təkrarçılığın aradan qaldırılmasına, təkmilləşməyə, dinamikliyə, mobilliyə, daha çevik, operativ idarəçilik mexanizminin formalaşmasına xidmət edir.
İdarəetmə sistemi və icra mexanizmi sahələrində həyata keçirilən bu mühüm islahatlar qarşıya qoyulan məqsədlərə daha tez nail olmaq üçün atılan zəruri və məqsədyönlü addımlardır. Struktur islahatlarına xüsusi diqqət yetirən dövlət başçısı öz çıxışlarında dəfələrlə qeyd edib ki, bu islahatların aparılmasına ehtiyac var. Prezident vurğulayıb ki, daha çevik, operativ idarəetmə mexanizmi işlənməlidir: “Bəzi hallarda bir sıra qurumlar bir-birinin fəaliyyətini təkrarlayırlar. Buna yol vermək olmaz. Struktur islahatları mütləq aparılmalıdır. Biz daha səmərəli işləməliyik və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən, struktur islahatları nəticəsində təmin etməliyik”.
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks islahatlar ölkəmizə “dünyada ən islahatçı” ölkə imici qazandırmaqla yanaşı, həmçinin, davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin edib. Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident yeni islahat istiqamətləri barədə danışarkən qeyd edib ki, indi struktur islahatı gözlənir. Çünki idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır – daha çevik, daha yığcam, daha məqsədyönlü.
Prezidentin rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. Struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. Prezidentin müəyyənləşdirdiyi yeni iqtisadi modelə uyğun olaraq, institusional altyapı mütəmadi şəkildə yenilənir. Beləliklə, idarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur.
Struktur islahatların uğurla aparılmasını şərtləndirən bir sıra amillər mövcuddur. İlk növbədə Prezidentin bu islahatların həyata keçirilməsində ardıcıl addımlar atması önəmlidir ki, biz bu əzmi ölkə başçısında görürük. Çünki ölkəyə rəhbərlik etdiyi bu 15 il ərzində belə islahatlar davamlı şəkildə həyata keçirilib. İkinci mühüm amil isə islahatları həyata keçirmək üçün ölkədə maliyyə vəsaitlərinin olması və stabillikdir. Bunlar da lazımınca təmin edilib. Ən vacib şərtlərdən biri isə iri məmur kontingentinin bu islahatlarla bağlı sərgilədiyi mövqedir. Həmin zümrənin hazırkı səviyyədə ortaya qoyduğu mövqeyini qənaətbəxş saymaq olarmı?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkədə idarəetmənin təkmilləşdirilməsi üçün struktur islahatların aparılması zəruridir:“Ölkə başçısının iqtisadi sferada belə bir kursu götürməsi bizi partiya olaraq sevindirdi. Biz sosialist yönümlü partiya olaraq analoji təklifləri hökumətin qarşısında dəfələrlə qaldırmışıq. Bu baxımdan da belə bir kursa başlamağı yalnız dəstəkləyə bilərik. Ancaq cəmiyyətdə həm də bu islahatlarla bağlı bir narahatlıq da vardı ki, kütləvi işsizlik yarana bilər. Göründüyü kimi, ölkə başçısının özü bu məsələyə aydınlıq gətirdi və bildirdi ki, islahatlar kütləvi ixtisarlarla müşahidə edilməməlidir. İslahatların həyata keçirilməsi üçün siyasi iradə və maliyyə imkanları, bütün resurslar var. Ancaq bu kifayət deyil axı. Bunun üçün iri məmur kontingenti də bu məsələyə sadiqlyini nümayiş etdirməlidir. Təəssüflər olsun ki, biz bəzən bu məsələdə sabotaj görürük. Sanki hansısa iri məmurlara belə bir vəziyyətin yaranması, islahatların uğurla həyata keçirilməsi sərf etmir. Prezidenti bu məsələdə tək qoymaq olmaz. Ona mütləq mənada dəstək gərəkdir. Son hadisələrlə bağlı bir misal çəkim. Şəhid vərəsələri ilə ölkə başçısının görüşünü gördünüz. Bütün xalq tərəfindən ölkə başçısının davranışları, qəbul etdiyi qərarlar rəğbətlə qarşılandı. Ancaq bir müddət əvvəl həmin şəhid vərəsələri ilə əlaqədar qurumlar heç də nümunəvi davranış ortaya qoymurdular. Bəlkə də aşağılarda bu, lazımi səviyyədə araşdırılıb ölkə başçısına təqdim olunsaydı, məsələ bu qədər şişməzdi. Görün vəziyyət nə yerə çatıb ki, Prezident keçirdiyi bütün müşavirələrdə məmurları ədəb-ərkana, nümunəvi davranışa çağırır. Hər halda, zərurət var ki, bunu edir. Deməli, bu nəticəyə gəlirik ki, iri məmur kontingentinin heç də hamısının indiki mövqeyi struktur islahatlarının həyata keçirilməsi üçün qaneedici deyil. Onlar öz fəaliyyətlərində mütləq dönüş yaratmalıdırlar ki, aparılan siyasətə xələl gəlməsin”.
Məhəmmədəli QƏRİBLİ