Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Gürcüstanın anti-Azərbaycançı Prezidenti Azərbaycandan qisas alır – ölmüş erməni canisinin əli ilə…

img

Gürcüstanda Dağlıq Qarabağda öldürülmüş erməni əsilli bir terrorçuya qoyulmuş heykəl ətrafında yaranan ajiotaj sönmək bilmir. Söhbət Gürcüstanın Axalkalaki Bələdiyyəsinin Buqaşen kəndində həmin yaşayış məntəqəsində doğulmuş, Ermənistan ordusunun tərkibində Dağlıq Qarabağda Azərbaycana qarşı vuruşmuş, dinc azərbaycanlı əhalini qətlə yetirmiş “Kobra” ləqəbli terrorçu Mixail Avakyana ucaldılan abidədən gedir.

Qeyd edək ki, bu hal Azərbaycanın haqlı narazılığına səbəb olub. Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin Gürcüstandakı səfiri tərəfindən dərhal Gürcüstan XİN-də məsələ ilə bağlı görüş keçirilib. Eyni zamanda, Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edilərək, ölkələrimiz arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib.

Gürcüstanda yaşayan ermənilər separatçı meyllərini heç zaman gizlətməyiblər. Məhz erməni terrorçuya heykəlin qoyulduğu ərazi də separatçılığa meyllidir. Orada yaşayan, milliyyətcə erməni olan əhali dəfələrlə Gürcüstandan ayrılıb Ermənistana birləşməklə bağlı tələblər irəli sürüb. Cavaxetiya bölgəsi Gürcüstanın milli maraqlarını təhdid edən bir bölgədir. Əminliklə söyləmək olar ki, Qarabağ müharibəsi olmasaydı, ermənilər bu gün Qarabağda etdiklərini  Cavaxetiyada da edərdilər.

Bundan əlavə, Gürcüstanda baş qaldıran digər separatçı hərəkatlara ermənilər var-gücü ilə dəstək veriblər. Məhz ermənilərin yaratdığı “Baqration” batalyonu isə yerli gürcü dinc əhaliyə qarşı xüsusi amansızlığı ilə seçilib. Əslində, büdcəsinin mühüm bir hissəsini Azərbaycanın hesabına dolduran Gürcüstandan biz fərqli münasibət gözləyirik və bunu tələb etməyə də haqqımız çatır. Əvəzində isə tam fərqli mənzərənin şahidi oluruq. Onlar Ermənistana atəşkəs dövründə bütün mümkün köməklikləri edib və edirlər. Hətta işğalçı ölkəyə Abxaziyadan yeni dəhliz açılması tez-tez İrəvan və Tiflis arasında müzakirəyə çıxarılır. Gürcüstan fikirləşməlidir ki, Azərbaycanın da əlində analoji addımların atılması ilə bağlı imkanlar var, ancaq biz yaxın qonşuluq və strateji müttəfiqlik məsələsini əsas tutub belə addımların atılmasına yol vermirik. Artıq cəmiyyətdən belə təkliflər gəlməyə başlayıb ki, Gürcüstan hakimiyyəti bu məsələni həll etməyəcəyi təqdirdə, həmin ölkənin ərazi itkisinə səbəb olmuş döyüşlərdə osetin və abxaz tərəfində döyüşmüş hər hansı şəxsə Azərbaycanda abidə qoyulması nəzərdən keçirilsin. Gürcüstan hakimiyyəti bir faktı da nəzərə almalıdır ki, bu əməlin törədiciləri həm də onların milli maraqlarına zərbə vurmuş olurlar. Çünki belə həssas məsələ iki ölkə arasındakı münasibətlərə xələl gətirmiş olur. Bu təxribatın baş verməsi eyni zamanda maraqlı dönəmə təsadüf edir.

Bu məsələnin Ermənistanın baş naziri Nikol Paşinyanın Gürcüstanda azərbaycanlıların yaşadığı Bolnisiyə təcili səfəri və gürcü həmkarı Mamuka Baxtadze ilə görüşündən sonraya və xüsusilə də seçkiqabağı çıxışlarında ermənilərə xüsusi reveranslar etməsi ilə Azərbaycanda narazılıq doğurmuş Salome Zurabaşvilinin prezident seçilməsindən sonraya təsadüf etməsi suallar doğurur. Bəllidir ki, Gürcüstanda keçirilən son seçkilərdə əslən azərbaycanlı olan gürcü vətəndaşları Salome Zurabaşvilinin opponentinə daha çox səs veriblər. Ola bilərmi ki, Gürcüstanın yeni prezidenti məhz həmin qisasası soydaşlarımızdan alır?

Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev qəzetimizə bildirdi ki, artıq Gürcüstan hakimiyyətinin laqeydliyi bizdə bir çox ehtimalların yaranmasına səbəb olur: “Gürcüstanda son prezident seçkiləri gərgin keçdi. Həmin vaxt indiki xanım prezident birinci turda lazım olan səviyyədə səsləri toplaya bilmədi. Buna görə də seçkinin taleyi ikinci turda həll edildi.  Gürcüstanda əhəmiyyətli çəkiyə malik olan azərbaycanlı əhali Saakaşvilinin namizədi olan Vaşadzeyə daha çox səs vermişdi. Bunun da səbəbi aydın idi. Çünki məhz indi erməni terrorçuya heykəlin ucaldığı ərazilərə səfəri zamanı indiki prezident erməniləri tərifləmiş, azərbaycanlıların isə heysiyyatına toxunan sözlər demişdi. Məhz bu səbəbdən də soydaşlarımızın ona səs verməməsi məntiqi addım kimi qəbul edilməlidir. Seçkini tədqiq edən ekspertlər deyirdilər ki, Zurabaşvilinin birinci turda qalib gələ bilməməsi məhz soydaşlarımızın mövqeyinə görə mümkün olmadı. İndi baş verən hadisələr göstərir ki, yeni prezident doğrudan da bunun qisasını soydaşlarımızdan almaq fikrinə düşüb. Bu qədər etirazların fonunda, onun susqun mövqe nümayiş etdirməsi bunu əminliklə söyləməyə imkan verir. Ancaq hesab edirəm ki, ölkə başçısının belə cılız ambisiyalarla yaşaması ona ziyandan başqa nəsə gətirməyəcək. Çünki Azərbaycan Gürcüstan üçün olduqca böyük önəmə malik olan ölkədir”.

Məhəmmədəli QƏRİBLİ 

 

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir