“Zəngəzur dəhlizinin açılmaması Ermənistanın bir dövlət kimi sonu olar”
Bu günlərdə Zəngəzur mövzusu Qarabağ məsələsini üstələyib. Mövzunun aktuallığını nəzərə alaraq deputat, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərliyə müraciət etdik.
- Əziz bəy, bir müddət öncə rəhbərlik etdiyiniz qurumlar “5 Dekabr deportasiyanın Anım günü” tədbirini keçirdi. Məlum oldu ki, 1988-ci ildə Ermənistandan qovulan qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dollarından artıq təşkil edib ki, beynəlxalq qiymətləndirmə standartlarına görə 33 ildən sonra bu gün bu rəqəm 1 trilyon ABŞ dollarına çatır. Bəs Ermənistandan kompensasiya tələb etməkdən ötrü hansısa təşəbbüsünüz varmı?
- Bu, bizim təxmini hesablamalarımızdır. Ermənistandan kompensasiya tələb etməkdən ötrü bu hesablamalar başa çatdırılmalı və beynəlxalq standartlara uyğun qiymətləndirmə aparılmalıdır. Təəssüf ki, 33 il ərzində bu iş lazımi səviyyədə aparılmayıb. Ermənistandan qovulduqları 22 rayonun 300-ə yaxın yaşayış məntəqəsi üzrə dəymiş ziyanı hesablamaq sizə elə də asan gəlməsin. Həm də 33 ildən sonra. 2017-ci il fevralın 24-də baş nazir Artur Rasizadənin imzaladığı sərəncamın 2-ci maddəsində belə bir bənd var: “1988-1992-ci illərdə Ermənistan Respublikasından deportasiya olunmuş azərbaycanlılara dəymiş ziyanın hesablanması təmin edilsin”. Təxminən iki ay sonra həmin sərəncamın beş ili tamam olacaq. Həmin sərəncamla yaradılmış İşçi Qrupu beş ildir fəaliyyət göstərir, amma bir nəfər belə Ermənistan qaçqınına dəymiş ziyan hesablanmayıb. Kimlərinsə xoşuna gəlməyə bilər, amma tam məsuliyyətlə deyirəm ki, bu günə qədər Qərbi Azərbaycan qaçqınları ilə bağlı iş görən yeganə qurum Azərbaycan Qaçqınlar Cəmiyyəti olub. Çünki 32 il ərzində fəaliyyət göstərən bu qurum bu məsələdə kifayət qədər təcrübəyə, faktlara, sənədlərə, arxivə və qaçqınlarla əlaqəyə malikdir. Bu gün bu, bizim üçün strateji məsələdir. İndiyə qədər qarşımızı kəsən bir ümummilli məsələ – Qarabağ problemi vardı, şükürlər olsun, “Dəmir yumruq”un gücü ilə biz bu problemi həll etdik. İndi hədəfimiz Zəngəzurdur, Göyçədir, İrəvandır və bütün Qərbi Azərbaycandır.
- Bir müddət öncə məlumatlar yayıldı ki, Ermənistandan deportasiya edilmiş qaçqınların sənədləri it-bata düşüb, ya arxiv materialları yandırılıb, ya yoxa çıxarılıb. Qaçqınlar Cəmiyyətinin bu məsələ ilə bağlı bilgiləri nədən ibarətdir?
- Bu məsələyə bir qədər aydınlıq gətirmək lazımdır. Birincisi, qaçqınların sənədlərindən söhbət gedə bilməz, kim hansısa sənədini kiməsə verər? Hər kəsin sənədləri özündə, evindədir. Məsələn, bizim ailənin, atamın, anamın, özümün bütün sənədlərimiz evimizdədir, hətta 1979-cu ildə aldığım tibbi arayışa, evimizin “çertyoj”una qədər… Burada olsa-olsa sənədlərin surətindən söhbət gedə bilər. Bunu da bu gün bərpa etmək o qədər də çətin deyil, həmin insanların çoxu və ya ailələri, övladları həyatdadırlar. Yığılan sənəd sovet pasportlarıdır ki, onu da vaxtilə şəxsiyyət vəsiqəsi alarkən, hamı kimi, qaçqınlar da Daxili İşlər Nazirliyinin pasport şöbələrinə təhvil verib, əvəzinə şəxsiyyət vəsiqəsi alıblar, deməli, sovet pasportları da DİN-in arxivində olmalıdır. İkincisi, bəli, 1988-ci il hadisələri ilə bağlı bütün faktlar, sübutlar təcili toplanmalıdır və Qaçqınlar Cəmiyyəti olaraq biz bu sahədə əlimizdən gələni edirik. Sadəcə olaraq, bəzi dəllallar, işbacarmazlar fəaliyyət göstərmək, qaçqınlıq tariximizi araşdırmaq, faktları, sənədləri toplamaq əvəzinə hay-küy yaratmaqla “bulanıq suda balıq tutmaq” həvəsindədirlər. Zatən bundan artığına gücləri də çatmır.
- Əziz bəy, həm Rusiya, həm də Avropa Birliyi sərhədlərin dəqiqləşməsi ilə bağlı öz köməyini təklif edib. Siz sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı hansı illərin xəritələrindən istifadə edilməsini istərdiniz, yaxud hansı xəritənin masada olacağını proqnozlaşdırırsınız?
- Ortada hüquqi əsası olan iki sənəd var, biri Ermənistanın 1920-ci il noyabrın 29-da sovetləşməsindən sonra Azərbaycan SSR ilə Ermənistan SSR arasındakı ərazi bölgüsü – bu, daha çox Zəngəzurun iki yerə bölünməsi ilə əlaqədardır – biri də 1921-ci il oktyabrın 13-də imzalanmış Qars müqaviləsindəki ərazi bölgüsü. 70 il sovet dönəmində hər iki respublika bu sərhədlər daxilində mövcud olub və həmin sərhədlər daxilində də 1992-ci il martın 2-də BMT-yə üzvlüyə qəbul olunublar. Amma təəssüf ki, 70 il ərzində ermənilər ermənipərəst Moskvanın əli ilə dəfələrlə qanunsuz olaraq Azərbaycanın müxtəlif ərazilərini zəbt ediblər. İndi delimitasiya zamanı həmin ərazilər Azərbaycana qaytarılmalıdır. Misal üçün, o vaxt Zəngəzur iki yerə bölünəndə Ermənistana verilən Qərbi Zəngəzurun ərazisi 3637 kv km idisə, bu gün həmin ərazi 4480 kv km-ə çatıb. Sual ortaya çıxır: haradandır bu iki rəqəm arasındakı 843 kv km fərq? Cavab özlüyündə aydındır: 843 kv km Azərbaycan ərazisi ermənilər tərəfindən sağdan-soldan zəbt edilib. Bundan başqa, 1929-cu il fevralın 18-də Naxçıvandan alınıb Ermənistana verilən doqquz kənd, Şərqi Zəngəzurdan verilən üç kənd də geri qaytarılmalıdır. 1984-cü ildə Qazax rayonundan alınıb Ermənistana verilən 5 min hektar ərazini də bura əlavə etmək lazımdır. Belə faktlar kifayət qədərdir.
- Sosial şəbəkədə çox vurğulanan mövzulardan biri budur: digər məsələlərdən danışılır, ancaq Vedi mahalına yaxın Kərki kəndindən, yaxud Qazağın 7 kəndinin azad olunması məsələsi bir az arxa plana keçib. Necə bilirsiniz, bu kəndlərin taleyi necə olacaq?
- Cənab Prezident İlham Əliyevin mövqeyi qətidir: bir qarış da Azərbaycan ərazisi düşməndə qalmamalıdır! Və qalmayacaq da! Kərki də, Qazağın 7 kəndi də geri qaytarılacaq. Bütün bunlara nail olmağın bircə yolu var, buna inanmaq və bizi bu hədəfə aparan Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşmək! 44 günlük Vətən müharibəsində qazandığımız zəfərdən sonra bizi bu zəfərə aparan Prezidentə qarşı çıxmaq erməniyə işləməkdir, satqınlıqdır. Belələrinə aman verilməli deyil və qanunun ən sərt tələbləri ilə cəzalandırılmalıdırlar.
- Bugünlərdə erməni separatçılarından biri demişdi ki, onların qarşısında iki yol var: ya “müstəqil” olmalı, ya da Qarabağı birdəfəlik tərk etməlidirlər. Necə bilirsiniz, bu, separatçıların artıq öz taleyi ilə barışmasından xəbər verir, yoxsa məkrli niyyətin davamının ifadəsidir? Xankəndi və digər ərazilərlə bağlı səbrimiz haradək davam edə bilər?
- Ermənilərin müstəqil dövlət kimi mövcud olması məsələsi cəfəngiyyatdır, erməni heç vaxt müstəqil dövlət olmayacaq, bu gün də deyil. Çünki ermənilərin dövlətçilik ənənəsi, dövlətyaratma təcrübəsi yoxdur. Dünənə kimi dillərindən “status” söhbəti düşməyən erməni separatçıları bu gün artıq Qarabağı birdəfəlik tərk etməkdən bəhs edirlər. Amma sabah Cənubi Qafqazı tərk eləməkdən bəhs edəcəklər. Xankəndi Azərbaycanın ayrılmaz hissəsidir, bundan narahat olmağa dəyməz. Mən Şuşa səfərimdə buradan Xankəndinə xeyli tamaşa elədim. Şuşa Xankəndinin başı üstündə qürurla, dəmir yumruq kimi dayanır. O dəmir yumruq istənilən vaxt öz işini görə bilər. Bu gün bizim problemimiz Xankəndi deyil, işğaldan azad edilmiş torpaqlarımızın abadlaşdırılması və məskunlaşdırılmasıdır. Cənab Prezidentimiz Ağdam, Laçın və Kəlbəcəri bir güllə atmadan necə geri aldısa, Xankəndi də eləcə geri alınacaq. Ora Azərbaycanın suveren ərazisində şəhərdir və bizim olaraq da qalacaqdır.
- Bugünlərdə mərhum prezident Heydər Əliyevin Zəngəzur haqda fikirləri, Nüvədi və digər ərazilərin Ermənistana verilməsi barədə kadrlar yenidən geniş ictimaiyyət tərəfindən müzakirə olundu. Bu fikirlər həm də “yol xəritəsi”nə çevrilə, sovetlər dövründə, konkret 1929-cu ildə itirilmiş torpaqları qaytarmağımızla nəticələnə bilərmi?
- Zəngəzur tarixi Azərbaycan torpağıdır. Bunu hər kəs bilir, bunu ermənilər də gözəl bilir. Necə olur ki, ermənilər ağızlarını açanda Nuhdan, Tiqrandan danışırlar, özlərinin uydurma “3-4 min illik tarixindən” bəhs edirlər, amma 200 il əvvəl haradan və necə gəldiklərini bilmirlər? Guya bilmirlər ki, Türkmənçay müqaviləsindən sonra onları kimlər və niyə sürü kimi qabağına qatıb gətirib Azərbaycanın münbit torpaqlarına yerləşdirib? Guya bilmirlər ki, 1915-1918-ci illərdə Osmanlıya xəyanətləri nəticəsində necə qaçıb doluşublar Cənubi Qafqaza? Ya bilmirlər ki, 1946-cı ildə Stalin onların Avropadan, Suriyadan, Livandan köçüb Ermənistana gəlmələri üçün 1945-ci ilin dekabrında hansı fərmanı imzalayıb? Çox gözəl bilirlər, amma özlərini qanmaz yerinə qoyublar, elə hesab edirlər ki, heç kəs heç nə anlamır, bir bunlar ağıllıdır, elə bilirlər ki, bununla dünyanı aldada bilirlər. Daha anlamırlar ki, dünya əsl həqiqəti çox gözəl bilir, sadəcə, dünyaya nə sərf edirsə, dünya ona inanır, dünyaya necə sərf edirsə, dünya eləcə inanır.
Ulu Öndər Heydər Əliyev Zəngəzurla, Meğri, Nüvədi ilə bağlı məşhur çıxışında həmin həqiqətləri dilə gətirərək erməni yalanlarını faktlarla bir daha ifşa edir. Zəngəzuru erməni ərazisi hesab edənlərə qarşı Meğri rayonunun Nüvədi kəndini misal çəkir, bu kəndin çoxminlik əhalisi olduğunu, həm də sırf azərbaycanlı kəndi olduğunu, Ermənistana 1929-cu ildə verildiyini xatırladır. Bu kadrlar bir daha sübut edir ki, Heydər Əliyev təkcə Azərbaycanın tarixinin yox, həm də Azərbaycanın gələcəyinin dahi şəxsiyyətidir.
- Brüsseldə liderlərin görüşündə Zəngəzurdan keçməklə dəmir yolu xəttinin çəkilməsi razılaşdırıldı. Bu fakt sizə nə deyir? Sizcə, proseslər haradək davam edə bilər? Zəngəzur dəhlizinə imkan verilməyəcəyi halda, Laçın dəhlizinin taleyi necə olacaq?
- Zəngəzur dəhlizinə imkan verilməməsi ehtimalı yoxdur. Zəngəzur dəhlizinin açılmaması Ermənistanın bir dövlət kimi, ermənilərin bir toplum olaraq Cənubi Qafqazda sonu demək olardı. Bunu ermənilər yaxşı bilir. Sadəcə, ənənəvi erməni hiyləgərliyi ilə bu yolun açılmasını istəyən ölkələrdən – Azərbaycandan, Türkiyədən və Rusiyadan daha çox güzəşt qoparmaq istəyirlər. Lakin bu dəfə bu hiylələri baş tutmayacaq. Bu yol ya açılacaq, ya da açılacaq!
Elşad PAŞASOY,