Şənbə , 23 Noyabr 2024
Drone Cameras

İsmayıl Əhməd yazır: Yaradılış sirri 1-ci hissə


Allahın adı və yadı ilə
“Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur!” (Muminun.14)
Allahın yaradılış sifətləri
Bu barədə ağlımıza ilk gələn yoxdan var etmə olsada Quranın bir çox ayələrində tam fərqli yanaşma və tam fərqli mənalarla qarşılaşırıq. Belə ki, Quranın yaradılışla əlaqəli ayələrində yer alan ayələrdə keçən Allahın həm yoxdan var etmə, həm vardan var etmə var, var olanın bir halından başqa bir hala çevirmə var, nəyinsə ziddindən çevirərək var etmə var , iki ziddiyətli varlığı yan-yana gətirərək üçüncü bir varlığı yaratmaq kimi sifətlərlə qarşılaşırıq. Quranda istifadə olunan ifadələrdən biri də Allahın “xəllaq” ismidir. Xəllaq- həm çox yaradan, həm davamlı olaraq yaradan, həm də hər növ və çeşiddə yaradan mənasını verir. Yəni Allahın yaradıcı sifəti tək bir növ yaradıcılıqla məhdudlaşmır, bəlkə bir neçə növə ayrılır. Quranda yer alan ifadələrdən biri də yoxdan var etmə mənasını verən “bədə-ə” kəlməsidir. (bədiussəmavati vəl ərzi) “Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. ” (Bəqərə.117) Bununla yanaşı Quran həm də “fətərə” kəlməsindən də istifadə edir (fatirussəmavati vəl ərz) “De: “Ey göyləri və yeri yoxdan yaradan, ey gizlini və aşkarı bilən Allah!” (Zumər.46) Lakin bunlarla yanaşı nədənsə nəyisə yaratmaq mənasını verən “xələqə” kəlməsindən də istifadə olunur. Qeyd olunan əvvəlki iki kəlmə yalnız Allah üçün istifadə olunsa da “xələqə” kəlməsi Allahla yanaşı digər varlıq üçün də istifadə olunur. Məsələn, Muminun surəsinin 14-cü ayəsində deyilir (fətəbarəkəllahu əhsənil xaliqin) “Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur!”. Bu isə o deməkdir ki, Allahdan başqa bri varlıq da, məsələn insan nədəndə nələərisə yaradıcılıq xüsusiyyətinə malikdir. İstifadə olunan başqa bir ifadə nəyinsə bir başqa hala gətirilməsi ilə əlaqəlidir ki, bunun üçün Quranda “cəələ” kəlməsindən istifadə olunur. Bəs Allah bu kimi sifətləri ilə hansı növ və xüsusiyyətlərə sahib varlıqlar yaratmışdır? Suala cavabı Zariyat surəsinin 49-cu ayəsi verir: “Biz hər şeydən (erkək və dişi, bir-birinin əksi olmaqla) cüt-cüt yaratdıq.” Yasin surəsinin 36-ci ayəsi qeyd olunan ayəyə açıqlama verərək buyurur: “Yerin yetişdirdiklərindən, onların (insanların) özlərindən və bilmədiklərindən (erkək və dişi olmaqla) cütlər yaradan Allah pakdır, müqəddəsdir! (Eyibsiz və nöqsansızdır!)” Ayədə keçən “bilmədikləri” ifadə bu günümüzdə hələdə kəşf edilməkdə olan bitki və heyvan aləminin elmə məlum olmadığından xəbər verir. Qeyd olunan ayələrdən həm Allahın cüt yaratma, həm də varlıqların cüt-cüt yarana bilmə xüsusiyyətinə sahib olduqları məlum olur. Ümumilikdə yaradılış mövzusunda mələklərin tüstüsüz oddan (rəvayətlərə əsasən nurdan), bütün canlıların sudan yaradılışı Allahın çeşidli yaradıcı xüsusiyyətinə sahib olmasından xəbər verir. Nəhl surəsinin 8-ci ayəsində verilən xəbərdən isə yaradılış prosesinin həm dayanmadan davam etdiyindən xəbər verir “(Allah) hələ sizin bilmədiyiniz neçə-neçə şeylər (nəqliyyat, minik vasitələri və s.) də yaradacaqdır.” həmdə Tövratdın “Allahın yer və göyləri altı günə yaradıb yeddinci gün istirahət etdi” verdiyi xəbərin yanlış olduğundan xəbər verir. Quranın iki ayəsində daha maraqlı bir ifadədən “min misqalin” (zərrə qədər) kəlməsindən istifadə olunur. Həmin ayələrdən biri Yunus surəsinin 61-ci ayəsi “(Ya Peyğəmbərim!) Sən nə iş görsən, Qurandan nə oxusan, (ümmətinlə birlikdə) nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!” digəri isə Səba surəsinin 3-cü ayəsidir “(Ya Peyğəmbər! Sən onlara) de: “Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, qiyamət sizə gələcəkdir. Nə göylərdə, nə də yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!” Göründüyü kimi hər iki ayədə “min misqali zərrətin” kəlməsindən istifadə olunur ki, bu da Quranın nazil olduğu dövrdə ərəb dilində istifadə olunan və ərəb zehniyyətində yer alan ən kiçik varlıq anlamına gəlir. Hətta kəlməyə verilən açıqlamada “zərrənin” günəş şüaları evin içinə düşərkən yerdən qalxan toz dənəcikləri mənasını verdiyi qeyd olunmuşşdur. O dövrdə zərrə deyildikdə günəş şüaları alrında görünən toz dənəcikləri nəzərdə tutulsa da hazırki dövrdə onlardan da xırda olan mikro aləmə aid olan hər bir varlığa şamil olur ki, atomu təşik edən neytron və protonlar və onların da tərkib hissəsini təşkil edən varlıqlardır ki, Quranın “bilmədiyiniz” ifadəsi bir zamanlar bilinməyən və bəlkə də bu günə nisbətdə bilməyən başqa varlıqlar ola bilər. Hicr surəsinin 20-ci ayəsində başqa bir maraqlı məqama toxunaraq deyilir: “Orada həm sizin üçün, həm də sizin ruzi vermədikləriniz üçün dolanışıq vasitələri yaratdıq.” Buradan da yer üzündə bizə məlum olmayan varlıqların mövcudluğuna və onların bizə məlum olmayan yallarla ruzilər verildiyinə işarə olunur. Ayəni daha dəqiq başa düşmək üçün orijinal mətndə istifadə olunan ifadələrə nəzər salmaq lazımdır “və cəəlna ləkum fiha məayişə və mən ləstum ləha biraziqinə” Burada keçən “mən” ədatı şüurlu canlı varlıqlar üçün istifadə olunur. Bu isə yaradılış aləmində bizimlə yanaşı bizim kimi digər şüurlu və canlı varlıqların olmasına dəlalət edir. Ayədəki “mən” ədatından yola çıxaraq yer və göylər arasında, yəni bizə məlum olan və olmayan qalaktikada canlı varlıqları mövcudluğu qəbul etməyimiz heç də əsassız olmur. Nəhl surəsinin 49-cu ayəsi bir daha buna dəlil ola bilər: “Göylərdə və yerdə olan (bütün) canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər!” Ayənin məfhumunu olduğu kimi başa düşmək üçün yenədə orijinal mətninə nəzar salmalıyıq “vəlillahi yəscudu ma fis-səmavati və ma fil ərzi min daabbətin vəl-mələikətu və hum la yəstəkbirun”. Bəzi təfsirçilər həmin varlıqların mələklər olduğuna işarə edirlər. Bir haldaki mələklər açıq-aydın işarə olunur və burada “daabbə” ifadəsindən istifadə olunur ki, bu da hərəkəttə olan hər bir valığa şamil olunur. Qeyd olunan ayələrlə yanaşı yer və göylərdə insanlardan başqa hərəkətdə olan digər şüurlu varlıqların mövcudluğundan xəbər verən digə ayələr də var ki, Rəd surəsinin 15 ci və Nəml surəsinin 65-ci ayə onlardan biridir. Yuxarıda qeyd etdiyimiz kimi Allahın yaradıcı sifət və xüsusiyyətlərindən biri də varlıqların ziddi ilə yarada bilməsidir. Mövzu ilə əlaqəli Əraf surəsinin 57-ci, Nur surəsinin 43-cü, Rum surəsinin 48-ci və Fatir surəsinin 9-cu ayələrinə işarə etmək olur. Qeyd olunan ayələrdə yüklü buludların küləklərlə hərəkətə gətirilərək yağışların yağmasından söz açılır : “Küləkləri Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Belə ki, küləklər (yağmur yüklü) ağır buludları hərəkətə gətirdiyi (daşıdığı) zaman Biz onları (buludları) ölü (qurumuş) bir məmləkətə tərəf qovur, ora yağmur endirir və onunla hər cür meyvə yetişdiririk.” (Əraf.57) Ayələrdən yola çıxaraq belə qənaətə gəlmək olur ki, şimşək çaxması nəticəsində meydana gələn alovdan, ziddinin , yəni suyun (yağışın) yaranmasından xəbər verildiyi görürük.Başqa bir yaradıcı sifət zidlərin bir araya gətirilib başqa bir zidd varlığın meydana gəlməsi ilə əlaqəlidir. Yasin surəsinin son ayələrində nankor bir şəxsin insan ölüb sümükləri çürüdükdən sonra necə yarana biləcəyinə növbəti ayələrdə üç əsalı cavab verilir. “Öz yaradılışını unudub: “Çürümüş sümükləri kim dirildə bilər?!” – deyə, hələ Bizə bir məsəl də çəkdi.” (Yasin.78) Verilən ilk cavabda hər şeyi yoxdan var edən bir varlığın vardan da var edə bilməsindən söz açılır: “(Ya Peyğəmbər!) De: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir.” İkinci cavabda yaş ağacdan (yəni tərkibi hidrogen və oksigendən ibarət olan sulu maaddədən) tam zid varlığın, yəni alovun meydana gəlməsindən xəbər verilir: “O yaradan ki, sizin üçün yaşıl ağacdan (Ərəbistanda bitən mərx və ifar ağaclarından) od əmələ gətirdi. ” (Yasin.80) Yəni yandırıcı söndürən xüsusiyyətlərə malik olan hidrogen və oksigen malekullarının birləşərək tam fərqli xüsusiyyətli tərkibin meydana gəldiyini görürük. Bu yalnız “xəllaq” sifətinə sahib olan bir varlığın qüdrət nişanələrindəndir. Belə bir müqəddimədən sonra yaradılışın şah əsəri olan və Quranda “bəşər”, “Adəm övladı” və “İnsan” kimi kəlmələrlə keçən insan növünün yaradılışı barədə araşdırmaya başlayırıq.
Bu barədə insanın ağlına suallar gəlir: Adəm hansı surətdə (görünüşdə) yaradıldı? Mələklər ona səcdə edərkən şeytan nə üçün etiraz etdi? Adəmdən də əvvəl başqa varlıqlar (insanlar) olub? Ona öyrədilən ismlər nədən ibarət idi? Şeytanın ona etdiyi vəsvəsələr nədən ibarət idi? Adəmin tövbəsi necə qəbul oldu? Adəm övladları yer üzünə necə yayıldı? Kəbəni doğrudanmı ilk dəfə Adəm inşa edib? Və s.
Bu barədə məşhur hekayədə deyilir: Adəm torpaqdan, daha sonra zövcəsi Həvva onun qabırğasından yaradıldı. Bundan sonra onlar qadağan olunmuş meyvədən (almadan) yeyib günah işlətdilər, nəticədə Cənnətdən qovuldular və yer üzünə düşüb nəsilləri beləcə artıb yayıldı. Bu doğrudanmı belədir?

Torpaqdan yarandıq
Adəmin dünya torpağından yaradıldığını Quranın bir çox ayəsi sübuta yetirir ki, onlardan biri də Ali-İmran surəsinin 59-cu ayəsidir. “Allah yanında İsa da (İsanın atasız dünyaya gəlməsi) Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “(Bəşər) ol!” – dedi, o da oldu”. Ayədən göründüyü kimi Adəm torpaqdan yaradılıb. Lakin çoxlarına görə Adəm möminlərə vəd olunan Cənnətdə yaradılmış və günah işlətdiyi üçün oradan çıxarılaraq yer üzünə enmişdir. Bu fikrin üzərində dayananlar adətən Bəqərə surəsinin 36-cı və Taha surəsinin 123-cü ayələrinə istinad edirlər. Həmin ayələrdə deyilir: “(Lakin) Şeytan onları azdırıb (buğdadan yedizdirməklə nemətlər içində) olduqları yerdən uzaqlaşdırdı. Biz də (Adəmə, Həvvaya və Şeytana): “Bir-birinizə düşmən kəsilərək (buradan kənar olub yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər (ömrünüzün axırınadək) sığınacaq və yaşayış (dolanacaq) vasitələri var”, – dedik” (fəəzəlləhuməşşəytanu ənha fə əxrəcəhuma mimma kana fihi. Və qulnahbitu bəzəkum libəzin əduvvin və ləkum fil ərzi mustəqərrun və mətaun ila hin ) – “(Allah Adəmə və Həvvaya) belə buyurdu: “Bir-birinizə (siz İblisə və nəslinə, İblis də sizə və nəslinizə) düşmən kəsilərək hamınız oradan (Cənnətdən yerə) enin” (qaləhbitu minha cəmiən. bəzukum libəzin əduvvin…).

Eniş
Bəqərə surəsinin 36-cı ayəsinin orijinal mətnində “ihbitu” kəlməsindən istifadə olunur ki, bəzi dilçi alimlər onu bir yerdən başqa bir yerə keçmək kimi mənalandırsalar da məqam sahibinin yüksək məqamdan nisbətən aşağı məqama düşmə mənasını verdiyini də qeyd etmişlər. Deməli, belə bir mənanı nəzərə alaraq Adəm və Həvva üçün istifadə olunan “ihbitu” kəlməsini məkani tənəzzül kimi deyil , mənəvi tənəzzülə kimi mənalandırmalıyıq. Eyni kəlmə Bəqərə surəsinin 61-ci ayəsində İsrail övladlarına cəza olaraq şəhərə getmə (enmə) əmri verilir (ihbitu misrən). Demək “ihbitu” kəlməsi bir məkandan başqa bir məkana keçmək mənasını verdiyi kimi məqam və rütbə baxımından daha aşağı dərəcəyə enmə mənasını da verə bilir. Bununla yanaşı, İslam tarix ədəbiyyatında qədimliyi və mötəbərliyi ilə yer alan Təbərinin tarix kitabında Adəmin yaradılışı barədə verilən xəbərə nəzər salaq: “Allah-Taala Adəmi yaratmaq istərkən Cəbrail mələyi bir ovuc torpaq gətirmək üçün yer üzünə göndərir. Lakin yer üzü ona deyir: Mən sənin məndən bir şey əskiltməyindən Allaha sığınıram, bunun üçün sənə bir şey verə bilmərəm. Beləliklə Cəbrail mələk Allahın hüzuruna qayıdaraq yerin bir ovuc torpaq verməkdən imtina etdiyini və bu işdə Ona sığındığını xəbər verir. Cəbrail mələkdən sonra Mikail mələk yer üzünə enir və o da bir ovuc torpaq ala bilmədən əliboş Allahın hüzuruna qayıdır. Onlardan sonra yer üzünə ölüm mələyi Əzrail enir və o da yer üzündən eyni sözləri eşidincə “Mən də Allahın əmrini yerinə yetirməməkdən Ona sığınıram” – deyib yer üzünün müxtəlif yerlərindən qırmızı, ağ və qara torpaq götürərək Allahın hüzuruna qayıdır. Sonra torpaq xəmir halına gətirilir və qırx gün qaldıqdan sonra Adəm öz surətini alır…”. Həmin mənbədə mövzunun davamı olaraq deyilir: “Allah-Taala Adəmi Öz surətində yaratdı və onun boyu altmış zira oldu (bir zira – dirsəkdən barmaqların ucuna qədər olan məsafə, yəni təxminən 40-50 sm, bu hesabla Adəm peyğəmbərin boyu nə az-nə çox, düz 30 metr olmalı idi)”.

İsmayıl Əhməd

(Ardı, sabahkı yayımımızda)

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …