Ukraynada Taras Şevçenko adına Milli Muzeydə tanınmış “Kyiv Diplomatic” jurnalının Azərbaycan Prezidenti İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirilib.
Boyukmillet.com xəbər verir ki, layihə Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü, “SOCAR Energy Ukraine” şirkətinin dəstəyi ilə baş tutub.
Təqdimat zamanı Kiyevdəki müxtəlif ölkələrin diplomatik korpuslarının nümayəndələri, hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri və diaspor fəalları iştirak ediblər.
Azərbaycanın Ukraynadakı səfirliyinin üçüncü katibi Təranə Sadıqova tədbiri açaraq layihə barədə iştirakçılara məlumat verib.
Belə ki, jurnalının yeni nömrəsinin üz hissəsində oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantısının rəsmi açılış hissəsində Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin söylədiyi “Azərbaycan tamamilə müstəqil daxili və xarici siyasət yürüdür, daxili işlərinə bütün müdaxilə cəhdlərini effektiv şəkildə neytrallaşdırır” ifadəsi ölkə başçısının portreti üzərində yer alıb.
Çıxış edən Azərbaycanın Ukraynadakı səfirliyinin müvəqqəti işlər vəkili Kamal Xəlilov məqalənin həmiyyətindən danışaraq əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müasir Azərbaycan dövlətinin artan beynəlxalq nüfuzunun hazırkı prezident, müzəffər Ali Baş komandan İlham Əliyevin siyasi iradəsinin nəticəsi olduğunu xatırladaraq bildirib ki, hazırkı layihə də məhz bunun təzahürüdür.
Çıxış edən Ukrayna Mədəniyyət nazirinin 1-ci müavini Rostislav Karandeev isə Azərbaycan dövlətinin və onun liderinin tək dünya azərbaycanlılarının yox, dünyanın bir çox millətlərinin, o cümlədən Ukrayna ictimaiyyətinin də rəğbətinə səbəb olduğunu bildirərək, məqalə barədə fikirlərini bölüşüb.
Çıxış edən “Kyiv Dipolomatic” jurnalının Baş redaktoru Oleksandr Kondarenko Azərbaycan Prezidenti İlham Əliyevin foto portretini səfirliyə təqdim edib.
Çıxış edən digər iştirakçılar “Taras Şevçenka Milli Muzeyi”nin Baş direktoru Dmitri Stus, Ukrayna Xarici İşlər Nazirliyinin departament direktorunun müavini Vladimir Boeçko, “SOCAR Energy Ukraine” şirkətinin icraçı direktor müavini Həzi Aslanov və digərləri ötən il 44 günlük Vətən Müharibəsində işğal edilmiş ərazilərini geri qaytarması ilə müzəffər Ali Baş komandan, prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın son bir ildə daha da artan beynəlxalq nüfuzundan danışaraq bu səbəb ilə məqalənin geniş auditoriya marağına səbəb olacağından əminliklərini bildiriblər. Təqdimatda sərgilənən jurnalın qeyd olunan sayı iştirakçıların böyük marağına səbəb olub.