Xarici siyasətdə, o cümlədən də iqtisadi münasibətlərdə böyük problem yaşayan Ermənistan hazırda enerjiyə olan tələblərinin ödənilməsində də getdikcə daha böyük problemlər yaşayır. Xüsusən də Rusiyanın bu ilin əvvəlindən etibarən Ermənistana satdığı qazın qiymətini artırması Ermənistanda ciddi problemlərə rəvac verib. Yaranmış vəziyyətdə İrəvan qaza olan tələbini İran vasitəsilə ödəməyə çalışsa da, bu xüsusda da ciddi problemlər müşahidə olunur.
Erməni ekspertlər özləri belə bəyan edirlər ki, İrəvanın Tehrandan böyük həcmdə istədiyi qiymətə qaz alması sadəcə mümkün olmayan məsələdir. Məsələn, ekspert Armen Manvelyan bu yaxınlarda baş nazir Nikol Paşinyanın Tehrana səfərindən sonra gündəmə gəlmiş İran qazının Ermənistan ərazisindən tranziti məsələsini xam xəyal adlandırıb. Energetika üzrə ekspert İrəvanın İrandan təbii qaz idxalını artırmaq və bunun müqabilində qonşu ölkəyə elektrik enerjisi vermək barədə vədlərinə də münasibət bildirib. O qeyd edib ki, Ermənistanda öz tələbatını belə güclə ödəyəcək həcmdə elektrik enerjisi istehsal olunur və onun İrana nəqlinin artırılması real deyil. Onun sözlərinə görə, İrəvanla Tehran arasında energetika layihələrinin həyata keçirilməsi həddindən artıq çətin olacaq: “Hazırkı geosiyasi reallıqda İran təbii qazının Ermənistan ərazisindən tranzitindən danışmaq ciddi deyil. Birincisi, İranın özünün təbii qaz hasilatı ilə bağlı problemləri mövcuddur, ikincisi isə, Avropa İttifaqı Tehrandan qaz tədarükünə elə də maraq göstərmir. Avropanın qaz bazarı həddindən artıq yüklənib və İran qazının Ermənistan ərazisindən hansı ölkəyə nəql olunacağı da anlaşılan deyil”.
Ekspert əlavə edib ki, Ermənistan-İran yüksəkgərginlikli elektrik xəttinin tikintisində də problemlər yaranıb və bu səbəbdən İrəvan elektrik enerjisi qarşılığında Tehrandan əlavə qaz ala bilməyəcək. Bu xəttin tikintisi dəfələrlə təxirə salınıb və ötən il istifadəyə verilməsi nəzərdə tutulan obyektdə işlərin cəmi 20 faizi görülüb. Gürcüstanla energetika sahəsində əməkdaşlığa gəldikdə isə, erməni ekspert vurğulayıb ki, Tiflis Vaşinqtonun reaksiyasına qarşı çox həssasdır və ABŞ-ın sanksiyaları fonunda energetika sahəsində İranla əməkdaşlıq etməyəcək: “Söhbət İran qazının Ermənistan ərazisindən Gürcüstana nəqlindən gedir və bu məsələ ətrafında tezliklə hər hansı razılaşma əldə ediləcəyi gözlənilmir”.
Digər politoloq Vahe Davtyan da “Lragir.am” saytına müsahibəsində İran qazının Ermənistan ərazisindən Gürcüstana və Avropaya nəqli haqda Ermənistanda baş alıb gedən eyforiyanın reallıqdan çox uzaq olduğunu vurğulayır: “Bu layihənin, prinsipcə, Ermənistan-İran gündəliyinə çıxdığı birinci dəfə deyil. Bu haqda Ermənistan-İran qaz kəməri layihəsinin təzəcə hazırlandığı 1990-cı illərdə danışılıb, amma bu, tətbiqi məkana 2015-2016-cı illərdə daxil edilib – Rusiya hökumətinin təşəbbüsü ilə Ermənistan, İran və Gürcüstran hökumətləri arasında qaz mübadiləsi haqda saziş imzalananda. Niyə mübadilə? Çünki mövcud infrastruktur – İran-Ermənistan qaz kəməri və Ermənistanın paylama şəbəkəsi tranziti təmin edə bilmir və İrandan qazı Ermənistan üzərindən Gürcüstan və üçüncü bazara nəql etmək mümkün deyil. Layihə, hər şeydən əvvəl, ona görə həyata keçirilməyib ki, sazişə baxmayaraq, rəsmi Tiflis, o cümlədən Azərbaycan lobbiçiliyinin təsiri altında bəyanatla çıxış etdi ki, Azərbaycandan Gürcüstana ixrac edilən qaz Gürcüstanda daxili tələbatı bağlamağa bəs edir və Gürcüstanın alternativ qaynaqlara hələlik ehtiyacı yoxdur.
Qeyd etmək gərəkdir ki, son illərdə qazı Gürcüstana Azərbaycanın Gürcüstan üçün sosial və kommersiya tarifləri müəyyən edərək yetərincə çevik siyasət aparan SOCAR tədarük edir. Bu, Gürcüstan bazarında müəyyən manevrlər üçün imkanlar yaradır. Daha bir mühüm məqam – Ermənistandakı paylama şəbəkəsi və xüsusilə Ermənistan-İran qaz kəməri Rusiyanın “Qazprom”unun balansındadır və Moskva ilə məsləhətləşmələr gərəkdir”. Ekspert xatırladır ki, ABŞ 2018-in payızında İranın nüvə proqramı üzrə sazişdən çıxdı və sanksiyaları sərtləşdirdi: “Sanksiyalar zərfi İranın energetika layihələrini məhdudlaşdırır. Gürcüstan ABŞ-ın bölgədəki geopolitik satelliti və maraqlarının provayderi kimi çıxış edir, belə ki, sanksiyalar məqamı burada öz təsirini göstərə və Gürcüstanın inteqrasiya niyyətlərini qabaqlaya bilər. Digər tərəfdən, SOCAR-ın planlarında hətta azacıq dəyişikliklər Gürcüstan iqtisadiyyatını ciddi sarsıntılara gətirə bilər. Tiflis bunları nəzərə alır. Bu səbəbdəndir ki, Ermənistanda tranzitlə məşğul olmalı olan dövlət səhmdar cəmiyyətinin yaradılmasına baxmayaraq, prosesi Gürcüstan dayandırdı. Hələ o zaman Gürcüstanın energetika naziri Kaxa Kaladze son anda bildirdi ki, onlara Azərbaycan qazı bəs edir. Görünür, Azərbaycanın tarif siyasəti Gürcüstan üçün rahatlığın təməl səbəbi olub. Qaldı ki Avropanın energetik təhlükəsizliyinə, hər şeydən öncə, Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa “Cənub Qaz Dəhlizi”nə Rusiya qazına alternativ kimi baxılır. Yəni burada yenə Azərbaycanın mövqeyi mühüm rol oynayır və Bakının bizə münasibəti də bəllidir. Bundan başqa, güman etmirəm ki, beynəlxalq sanksiyalar Avropanın böyük şirkətlərinə İranla sövdələşməyə girmək imkanı versin. Eyni zamanda, hətta bu rəsmən səsləndirilməsə də, pərdəarxası söhbətlər hökmən olacaq – özəlliklə də Fransa, Almaniya, Böyük Britaniya antiiran sanksiyalarından yan keçmək mexanizmi hazırladığı üçün”.
Tahir TAĞIYEV