Şənbə , 23 Noyabr 2024
Drone Cameras

İndi Şuşa yenidən doğulub, yenidən dirçəlir – Samir Adıgözəlli yazır

Çox səhərlər olub ki, sübh tezdən evdən çıxıb hansısa bir rayona xüsusi ilə də xaricə səfərə yol almışam. 30 ildən artıqdır maşınla, qatarla, təyyarə ilə Vətəndən uzaqlara səfər edib vətənin səsini dünyaya haraylamışam.

2021-ci ilin 29 dekabr tarixinin səhəri o səhərlərdən çox fərqli və çox təsirli idi. Bu dəfə Şuşaya yol alırdım. Şuşaya azadlığ tələb etmək üçün bilmirəm neçə səhərlər evdən, vətəndən ayrılıb dünyanın müxtəlif şəhərlərinə səfər etmişəm. İndi məhz Qarabağımızın tacı, milli heysiyyat nöqtəmiz olan Şuşaya səfər etmək hər bir azərbaycanlıya olduğu kimi mənim üçündə böyük qürurdur.

Zəfər yolu ilə Şuşaya doğru yol gedirik. Bütün yolboyu sağı-solu pəncərədən seyr etdikcə, o böyük 44 günün qəhrəmanları gözümün önünə gəlirdi. Sanki onlarda bir daha bizim ilə bərabər Şuşaya doğru irəlləyirdilər. Azad edilmiş torpağlarımızdan sakit və həyəcansız keçmək mümkün deyildi. Bu yerdə böyük türk şairi Mehmet Akif Ersoyun bir misrasını qeyd etmək istəyirəm:

“Basdığın yerlərə, torpaq, deyərək keçmə tanı:

Düşün altında minlərlə kəfənsiz yatanı,

Sən şəhid oğlusan incitmə yazıqdır Atanı:

Vermə, dünyaları alsanda, bu cənnət vətəni.” (Şəhidlərimizin ruhları şad olsun!)

Şuşaya çatırıq və birbaşa ilk olaraq Cıdır düzünü ziyarət edirik. Cıdır düzü Şuşa şəhəri ilə tez-tez adı hallanan həm də Şuşanın simvollarından biri olan məkandır. Cıdır düzü tarix boyu qəhrəman oğullarımızın at çapdığı, xalqımızın toy-bayram keçirdiyi yer olub. Bu yerlərin düşmən tapdağı altında qalması və buradan bizə qarşı mənəvi işgəncənin göstərilməsi qürurumuzu çox sarsıtdı.

Cıdır düzündən qayalıqları, yüksəklikləri, ətrafı seyr edib dərin nəfəs aldım. Nəfəsimin belə azad olunduğunu hiss elədim. Şuşaya, Qarabağa azadlıq, hürriyyət istədiyimiz bir çox fərqli tədbirlərdə çıxışlar, çağırışlar, mübahisələr, müzakirələr, yüksək səs tonu ilə səsləndirilən tələblər film lenti kimi gözlərimdə canlandı. İndi artıq Şuşanın özünə qovuşmuş Şuşadan dünyaya bir çağırış etmək istəyirəm:

“Şuşa tarixi-mədəni irsimizin zəngin dəyərlərini daşıyan, hər qarışında keçmişimizin yaddaşına həkk olunduğu Azərbaycan şəhəridir. Şuşa quruluşu, yaşantısı, torpağı, daşı, təbiəti ilə Azərbaycandır. Şuşanı heç bir qüvvə 28 il deyil 200 ildə işğal altında saxlamış olsaydı ruhunu bizdən ayıra bilməzdi. Və ayıra bilmədilərdə.”

İndi Şuşa yenidən doğulub, yenidən dirçəlir, yenidən Azərbaycanımızın və dünyanın ən gözəl yaşanılacaq məskəninə çevriləcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ili Şuşa ili elan etməsiməhz bu amala xidmətin bariz nümunəsidir.

Milli həmrəylik günü ərəfəsində Şuşaya ilk ziyarətimi ömrümün keçən dövrü üçün bəxtəvərlik sayıram. 28 il Şuşa üçün yazdığ, danışdığ, çalışdığ. Yalnız bu gün Şuşanı görəndə keçirdiyim həyəcan insanda nə yazacağını nə danışacağının rabitəsini itirərək yalnız sevinc gözyaşlarına qərq edir.

Azad edilən torpaqlarımız milli həmrəyliyimizin, birliyimizin, diriliyimizin var olma səbəbidir. Yəqin ki, Şuşadan yenə yazacağam, ora səfərlər edəcəm, tədbirlər keçirəcəyik, Şuşamızı bir daha dünyaya tarixi-mədəni irsimiz olaraq tanıdacağıq.

Bu gün isə Şuşa üçün deyəcəyim yalnız bir söz var: ŞƏHİDLƏRİMİZƏ minnətdarlığ və TANRIMIZA şükürlər olsun!

Xalqımıza bu sevinci bəxş edən vətən mülkündə müqəddəs bayrağımızı dalğalandıran müzəffər Azərbaycan ordusuna, cənab Ali Baş Komandana təşəkkürümü bildirirəm!

Başlanan yeni ildə xalqıma, dövlətimə Şuşa zəfəri kimi böyük uğurlar arzu edirəm!

Samir Adıgözəlli

İSBAM sədriboyukmillet.com baş redaktoru

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …