Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilməsi mühüm hadisədir”

“Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilməsi ölkəmizin həyatında mühüm hadisədir. Prezident İlham Əliyevin mərasimdə dediyi kimi  bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir. Bu stansiyanın tikintisi ilə bağlı təxminən bir il bundan əvvəl Azərbaycan Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında icra müqaviləsi imzalanıb. Külək Elektrik Stansiyası Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaq. Bu hadisə bütövlükdə Azərbaycan – Səudiyyə Ərəbistanı Krallığı münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir”. 

Bu fikirləri 525.az-a açıqlamasında Milli Məclisin deputatı, Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fatma Yıldırım deyib. Fatma Yıldırım bildirib ki, Azərbaycanın xarici siyasətində Səudiyyə Ərəbistanı Krallığı ilə münasibətlər xüsusi yer tutur. Ölkələrimizi qarşılıqlı hörmət və özünəməxsus qardaşlıq münasibətləri birləşdirir. Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığını qovuşduran ümumi islam mirası və maraqlarımıza xidmət edən hərtərəfli əməkdaşlıq və onlar arasında tam bir koordinasiyanın olması xalqlarımız üçün qürur qaynağıdır. Bizim üçün çox xoşdur ki, Səudiyyə Ərəbistan Krallığı Azərbaycana dost və müttəfiq ölkələrdən biridir. Səudiyyə Ərəbistanı yerləşdiyi bölgədə, ümumiyyətlə, bütün Yaxın və Orta Şərqdə çox böyük siyasi və iqtisadi əhəmiyyətə malik olan bir dövlətdir.

Azərbaycan Respublikası tarixən dini və mədəni köklərlə bağlı olduğu ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Biz məmnunuq ki, iki ölkə arasında artıq bütün sahələrdə möhkəm dostluq əlaqələri qurulub. Prezident İlham Əliyev 2015-ci ildə Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri zamanı Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz əl Səud ilə görüşüb, habelə bir sıra dövlət rəsmiləri ilə səmərəli görüşlər keçirib, bu da münasibətlərimizin  daha da inkişafına öz müsbət təsirini göstərib.

Bu günə kimi, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında əməkdaşlığa dair bir çox sənədlər imzalanıb. Bizim üçün çox təqdirəlayiq haldır ki, Səudiyyə Ərəbistanı daim Ermənistan-Azərbaycan arasında keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində davamlı olaraq dəstəkləyib və işğalçılıq siyasəti yürütmüş Ermənistanla diplomatik münasibətlər qurmayıb.

Parlamentlərarası əlaqələr üzrə İşçi qrupun rəhbri qeyd edib ki, dövlətlər arasında əlaqələrin inkişafında parlamentlərimiz də fəal rol oynaya bilər:

“Düşünürəm ki, parlamentlərarası əlaqələrin inkişafı  ölkələrimiz arasındakı gələcək ikitərəfli münasibətlərə müsbət təsir göstərəcək. Çünki biz bütün istiqamətlərdə qarşılıqlı əməkdaşlığımızın çox böyük faydalarını görürük. Ötən il iyunun 23-də Milli Məclisin Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq Səudiyyə Ərəbistanı Krallığının Məşvərət Şurasında fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə onlayn formatda keçirilən görüşdə bu məsələlər ətrafında geniş müzakirələr aparılıb. Görüşdə Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Fayiz bin Abdullah Əl-Şəhri və qrupun üzvləri parlamentlərarası əlaqələrimizin inkişaf etdirilməsini, qarşılıqlı görüşlərin intensivləşməsini, özəl sektorlarımız arasında birgə fəaliyyətin qurulmasını, səfirliklərdə və turizm sektorunda Azərbaycan və ərəb dillərini bilən mütəxəssislərin olmasını vacibliyini vurğulayıblar. Bütövlükdə, görüşdə qarşılıqlı əlaqələrin gücləndirilməsi qərara alınıb. Eyni zamanda, iki dövlət arasında əlaqələrin inkişafında Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dr.Haməd bin Abdullah bin Səud bin Xudeyrin uğurlu fəaliyyəti xüsusi qeyd olunmalıdır”.

Külək Elektirk Stansiyasının təməlinin qoyulmasının qarşılıqlı əlaqələrin növbəti nümunəsi kimi dəyərləndirən Fatma Yıldırım qeyd edib ki, Azərbaycana yatırılan 300 milyon dollara yaxın sərmayə “ACWA Power” şirkətinin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən iri sərmayədir. Bu fakt onu göstərir ki, Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiqləyib və ölkələr, xarici şirkətlər sərmayə yatırmaq üçün Azərbaycana etibar edirlər.
 

Sevinc Qarayeva

Check Also

Azərbaycanın “Qaz qambiti” ilə bağlı məqalə skandal yaratdı: Bakı təkzib istəyir

Azərbaycanın Rusiyadan qaz idxalı siyasi açıqlama və rəsmi rəqəmlərdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının …