Cümə , 22 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: “Beynəlxalq güclər də çalışmalıdır ki, Ermənistanı bizim zəruri və obyektiv olan xarici siyasət kursuna uyğunlaşması üçün təzyiqlər göstərsinlər”

Azərbaycan öz xarici siyasətində təhlükəsizliyə əsaslanan konsepsiyadan iqtisadiyyata əsaslanan konsepsiyaya keçir. Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Caspian Policy Center”in təşkil etdiyi “ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili” adlı vebinarda deyib.

H.Hacıyev bildirib ki, Azərbaycanın işğal altında olan əraziləri azad edildikdən əsas təhlükəsizlik problemini həll edib:

“Azərbaycan bu problemi həll etdikdən sonra hazırda bütün diqqətini region və dünya ölkələri ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəldə bilər”.

Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycan ilə ABŞ arasında iqtisadi əlaqələr hər iki tərəf üçün faydalıdır:

“Azərbaycanla müqavilələr ABŞ-da yeni iş yerlərinin açılmasına kömək edir. Xüsusilə, aviasiya, kosmos və digər sahələrdə əməkdaşlıq səmərəlidir. Biz, həmçinin iki ölkə vətəndaşları arasında əlaqələrin genişləndirilməsini, turizmin inkişaf etdirilməsini və ABŞ-ın ayrı-ayrı ştatları ilə birbaşa əməkdaşlığı gözləyirik ki, bu da mühüm əhəmiyyətə malikdir”.

Hikmət Hacıyevin xarici siyasətimizdə olan prinsipial konsepsiya yeniliyi ilə bağlı ekspertlər nə düşünür?

İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr (İSBAM) Mərkəzinin rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Hikmət Hacıyev Azərbaycanın son dönəm üçün xarici siyasi kursunu tam dəqiqliyə ilə

İfadə edib: “Bəli, uzun illər ərzində Ermənistanın yürütdüyü işğalçılıq siyasəti regionda təhlükəsizlik üçün təhdid yaradırdı. Bu səbəbdən də böyük layihələrin reallaşması Ermənistandan yan keçməklə baş tuturdu. Təəssüflər olsun ki, Azərbaycan bu reallıqları öz gücünə yaratdı. Bu istiqamətdə dünya gücləri tərəflər arasında məsuliyyəti eyniləşdirən bəyanatlar verməklə kifayətləndilər. Hazırda Ermənistanın inkişaf etməsi üçün, düşdüyü böhrandan çıxmasına olduqca gözəl imkan yaranıb. Ancaq biz görürük ki, Ermənistan yenə də prosesi yubadır. Bizim reallaşdırmaq istədiyimiz beynəlxalq layihərin yalnız bizə faydası yoxdur. Bundan bütün dünya mənfəət götürə biləcək. Köklü və strateji hədəflərə doğru irəliləyən bir ölkə olaraq bizim xarici siyasət kursumuzda vahid mərkəzdən idarə olunan  xətt var. Ermənistanda isə komandanın daxilində parçalanma aydın hiss edilir. Biz bunu hakimiyyətin müəyyən qolları arasındakı pərakəndəlikdə hiss edirik. Məhz bunun nəticəsiydi ki, Prezident könüllü istefa verdi. Beynəlxalq güclər də çalışmalıdır ki, Ermənistanı bizim zəruri və obyektiv olan xarici siyasət kursuna uyğunlaşması üçün  təzyiqlər göstərsinlər”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …