Udmurtiya Muxtar Respublikası Prezidentinin Rusiya Federasiyası Prezidenti yanında Daimi Nümayəndəsi – Udmurtiya Hökuməti sədrinin müavini Mixail Xomiçin başçılıq etdiyi nümayəndə heyəti bu il fevralın 21-dən 23-dək Azərbaycanda səfərdə olacaq.
“Report” xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Udmurtiyanın iş adamları, təhsil müəssisələrinin və ictimai təşkilatlarının nümayəndələri daxildir.
İşgüzar proqramda Muxtar Respublikanın 12 istehsal və 2 ali təhsil müəssisəsinin, 1 ictimai təşkilatın nümayəndələri iştirak edəcəklər.
Rusiyanın bu regionunu təmsil edən şirkətlər neft-qaz, dəmir yolu və tikinti sahəsi üçün avadanlıq, kimya sənayesi məhsulları, mebel, ət və süd məhsulları, qablaşdırmalar, iş proseslərinin avtomatlaşdırılması üçün proqram təminatı və digər işlər üzrə təklif etməyi planlaşdırır.
Bundan başqa, Udmurtiya Azərbaycan ilə təhsil sahəsində əməkdaşlıq üçün geniş imkanlar görür. Səfərin prioritet məqsədi kadrların hazırlanması, elmi-tədqiqat və metodiki-təhsil fəaliyyəti sahəsində təcrübə mübadiləsi, həmçinin azərbaycanlı tələbələrin Udmurtiya ali təhsil müəssisələrində təhsilə cəlb edilməsidir.
Biznes missiyası çərçivəsində Azərbaycan-Udmurtiya biznes forumu, dövlət strukturlarında, təşkilatlarda, həmçinin ali təhsil müəssisələrinin rektorları və məktəblərin direktorları ilə görüşlər, B2B üzrə danışıqlar, Bakıda yerləşən sənaye müəssisələrinə səfərlər və digər işgüzar tədbirlərin keçirilməsi planlaşdırılıb.
Ümumiyyətlə, Azərbaycan Udmurtiya məhsullarının 10 ən böyük istehlakçılarından biridir. Bir ildə tərəflər arasında ticarət dövriyyəsi 6 milyon ABŞ dollarından çox olub. Bu səfər Udmurtiya və Azərbaycan arasında iqtisadi-ticarət münasibətlərinin genişləndirilməsinə, həmçinin dostluq və etimadın möhkəmləndirilməsinə yeni təkan verə bilər.
Udmurtiyadan olan ixracatçıların tam siyahısı ilə tanış olmaq və qeydiyyatdan keçmək üçün https://clck.ru/akmdK ünvanına daxil ola bilərsiniz.