Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Moskvada Nizami Gəncəviyə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

Bu gün Moskvada “Nizamidən Nəvaiyə qədər: dövrləri bağlayan tellər” mövzusunda onlayn beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Azərbaycanın Rusiyadakı Səfirliyindən “Report”un Rusiya bürosuna verilən məlumata görə, konfrans Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin dəstəyi, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Asiya və Afrika Ölkələri İnstitutunun təşkilatçılığı ilə təşkil edilib.

Tədbirdə çıxış edən səfir Polad Bülbüloğlu bildirib ki, tarixdə elə görkəmli şəxsiyyətlər var ki, əsrlər keçməsinə baxmayaraq, onlar öz yaradıcılığı ilə xalqları, mədəniyyətləri və ölkələri birləşdirirlər.

2021-ci ilin ölkəmizdə Nizami ili elan edildiyini deyən Səfir, keçən il həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində dahi Azərbaycan şairinin 880 illiyinin geniş qeyd olunduğunu söyləyib.

Nizaminin xatirəsinin Azərbaycanda, o cümlədən onun doğma Gəncə şəhərində əbədiləşdirildiyini bildirən Polad Bülbüloğlu, Rusiyada da dahi mütəfəkkirin adının hər zaman əziz tutulduğunu qeyd edib.

Çıxışının sonunda Polad Bülbüloğlu Nizaminin yaradıcılığına müraciət edərək şeir səsləndirib.

Daha sonra çıxış edən natiqlər Nizami və Nəvainin həyat və yaradıcılığı haqda danışıb, əsərlərində bəşəriyyətə ünvanlanmış çağırışları qeyd ediblər.

Konfrans öz işini seksiyalar üzrə plenar iclasla davam etdirib.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …