Şənbə , 21 Dekabr 2024
Drone Cameras

Türkiyə və Rusiyanın S-400 sövdələşməsinə Bakıdan, İrəvan və Ankaradan fərqli reaksiyalar…

img

Növbəti bir ay ərzində Rusiyanın Türkiyəyə S-400 hava hücumundan müdafiə sistemini tam şəkildə çatdıracağının dəqiqləşməsi fonunda regionda artıq yeni vəziyyətin yaranması müşahidə olunmaqdadır. Belə görünür ki, yaşananlar fonunda ölkəmizin əsas strateji müttəfiqi olan Türkiyə ABŞ-la iqtisadi, siyasi, hərbi müstəvidə kəskin ziddiyyətlər yaşayacaq. Bunun əvəzində Rusiya  Türkiyə yaxınlaşması mahiyyət etibarilə yeni xarakter alacaq və bu da Yaxın Şərqdə, Qafqazda, Orta Asiyada və bir sıra digər coğrafi məkanlarda hadisələrin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərəcək.

Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, konkret olaraq Qafqaz dövlətlərinin Rusiya – Türkiyə yaxınlaşmasına münasibətləri fərqlidir. Azərbaycan Ankara ilə Moskvanın yaxınlaşmasını əvvəlcədən alqışlayır. Gürcüstan hadisələrə elə də reaksiya vermir, lakin bütövlükdə proseslərin gedişindən narazı deyil. Ermənistan isə tamamilə fərqli fikirdədir. İrəvan Rusiya ilə Türkiyənin münasibətlərinin yaxınlaşmasını özünə təhlükə kimi qiymətləndirsə də, real heç bir addım ata bilmir. Amma bir məsələ dəqiqdir ki, Ermənistan iki ölkənin münasibətlərinin indiki inkişaf axarından dəhşətli dərəcədə narahatdır. Erməni analitiklər bu fikirdədirlər ki, Türkiyə ilə yaxınlaşma fonunda Kreml Ermənistanın təhlükəsizliyinin müdafiəsində ardıcıl olmaya bilər. Onlar hesab edirlər ki, bu, daha çox geosiyasi əhəmiyyətli Türkiyə və Azərbaycan faktoru ilə bağlıdır. Belə vəziyyətdə Ermənistan Rusiyanın Türkiyəyə S-400 hava hücumundan müdafiə sistemi verməsini qəbul edə bilmir. Amma bu məsələdə, təbii ki, İrəvanı saya salan yoxdur. Əksinə, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, sözügedən zenit raket komplekslərinin Türkiyəyə tədarükü Ankaranın xahişi ilə əvvəlcədən planlaşdırılan vaxtdan daha tez həyata keçirilir: “Komplekslərin tədarükü Türkiyə tərəfinin xahişi ilə əvvəlcədən planlaşdırılandan daha tez bir zamanda həyata keçirilir. Gün, ay kimi nüanslara gəldikdə isə, bu sual bizə ünvanlanmalı deyil. Biz bununla məşğul olmuruq. Orada hər şey plana uyğun gedir, heç bir gecikmə yoxdur. Hər şey normaldır”.

Hazırda hadisələrin bu səpkidə inkişafından ciddi narahat olan tərəflərdən biri isə ABŞ və bəzi ABŞ rəsmilərini bu fonda qızışdıran erməni lobbisidir. Məsələyə yenidən münasibət bildirən  ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus qeyd edib ki, rəsmi Vaşinqton Ankaraya S-400 zenit-raket komplekslərinin ciddi mənfi nəticələrinin olacağı barədə xəbərdarlıq edib. O əlavə edib ki, bu  zenit-raket komplekslərinin alınması Türkiyənin ABŞ və NATO ilə müdafiə sahəsində münasibətlərinə ciddi təsir edəcək. ABŞ-ın CNBC telekanalı öz mənbələrinə istinadən bundan əvvəl məlumat yayıb ki, Birləşmiş Ştatlar Türkiyəyə S-400 zenit-raketləri ilə bağlı ultimatum verib. Bildirilir ki, Ankara iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və Amerikanın “Patriot” raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks təqdirdə ABŞ Türkiyəni “F-35” proqramından çıxaracaq. Amerika hökuməti Türkiyəni vəd olunmuş yüzlərlə qırıcıdan məhrum etməklə yanaşı, ona sanksiyalar tətbiq etməklə də hədələyib. “Reuters” agentliyi də bildirir ki, ABŞ Türkiyənin Rusiyadan tədarük edəcəyi S-400 hava hücumundan müdafiə sisteminə qarşı türk pilotların F-35 döyüş təyyarələri təlimlərini dayandıra bilər. Agentliyə müsahibə verən amerikalı rəsmilər Türkiyənin, ABŞ-ın bütün etirazlarına rəğmən, Rusiyadan silah almasına cavab olaraq bu variant üzərində ciddi şəkildə düşündüyünü bildirib.

Qeyd edək ki, ABŞ S-400 hava hücumundan müdafiə kompleksinin Qərbin müdafiə şəbəkəsi ilə uyğunlaşmayacağını əsas gətirərək, Türkiyənin bu sistemdən imtina etməsini tələb edir. Amma Ankara artıq məsələnin bitmiş olduğunu vurğulayır. Eyni zamanda, Rusiya ilə bu xüsusda əməkdaşlığın dərinləşəcəyi qeyd edilir. Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə hətta qeyd edir ki, S-400-lərin çatdırılmasının ardınca Rusiya yeni S-500 hava hücumundan müdafiə komplekslərini Türkiyə ilə birgə istehsal edəcək. Nazir S-400 zenit raket komplekslərinin iyun ayında Türkiyəyə təhvil veriləcəyini deyib: “Bundan sonra Türkiyə ilə S-500 zenit raket kompleksini də ortaq istehsal edəcəyik. Bircə ədəd S-500 batareyası belə Türkiyənin bütün hava məkanını xarici hücumlardan qorumağa kifayət edər. Türkiyə özünün elan etdiyi iqtisadi bölgələrini Şərqi Aralıq dənizindən gələ biləcək Amerika təhdidlərindən müdafiə etmək iqtidarındadır. Çünki Türkiyənin əlində milli istehsalı olan “Hisar” hava hücumundan müdafiə batareyaları var. Amerika gecikdiyini yeni-yeni bilir. Lakin nə edirsə-etsin, Türkiyə öz torpaqlarına raket qalxanı yerləşdirəcək. Amerikanın həmlələri Türkiyənin dostu olan ölkənin hərəkətləri deyil. Bunu dünya öyrəndi. Türkiyə də artıq ABŞ-ın əmr verdiyi ölkə deyil. Tam müstəqil, yeni bir gücdür. Vaşinqton da bunu qəbul edəcək”.

Baş verənləri şərh edən Türkiyənin “Takvim” qəzeti də yazır ki, belə vəziyyət Ankara və Moskvanı biri-birinə daha çox yaxınlaşdırır: “Onurğasını ABŞ-la Avropanın təşkil etdiyi qlobal sistem müstəqil Türkiyəyə eyni vaxtda həm xaricdən, həm də daxildən bərabər şəkildə hücum edir. Çoxyönlü mühasirə strategiyası izləyir. Nə üçün? Bilirlər ki, Avrasiya marşurutunda yer tutan Türkiyəni oyundan kənarlaşdıra bildikləri halda regiondakı varlıqlarını və yaxın coğrafiyamızdakı qanlı hegemonluqlarını davam etdirə bilərlər. Bu durumda Türkiyə yavaş-yavaş Avrasiyaya doğru meyl edir. Görünən budur ki, Rusiya ilə yaxınlaşma fonunda bu proses daha da dərinləşəcək. Bu isə böyük məkanlarda tam fərqli duruma yol açır”. O da qeyd olunur ki, Türkiyənin qərarı həm də Yaxın Şərqdə post-ABŞ qaydalarına qarşıdır. Belə vəziyyət, yuxarıda qeyd olunduğu kimi, ABŞ-la yanaşı, artıq buradakı erməni lobbisinin də ciddi narahatlğına yol açıb. Çünki baş verənlər Ermənistan faktorunun Rusiya-Türkiyə yaxınlaşması fonunda Cənubi Qafqazda daha zəif duruma düşməsini şərtləndirir. İndilikdə proseslər elə məhz bu istiqamətdə də inkişaf edir.

 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir