Bazar , 22 Dekabr 2024
Drone Cameras

Andranikin qulağını kəsmiş məşhur azərbaycanlının nəvəsi Türkiyədən Azərbaycana yazdı…

Yücel Laçın: “Sultan bəyin Azərbaycandan olan bütün yaxın qohumları həmin məzarı ziyarət edib, onun başında şəkil də çəkdiriblərsə, burada əlavə söz-söhbətə nə ehtiyac var?”

img

Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun qardaşı, erməni generalı Andranik Ozanyanın qoşununu darmadağın edən, hətta bəzi bilgilərə görə, onun qulağını kəsən Sultan bəy Sultanovun məzarının Türkiyənin Qars vilayətinin Koçköy kəndində olması ilə bağlı məlumatlar yayılıb.

Qeyd edək ki, həmin məzarın Sultan bəyə aid olması ilə bağlı məlumatı Azərbaycan cəmiyyətinə ilk dəfə Beynəlxalq Diaspor Mərkəzi verib. Qurumun sədri İsmayıl Ağayev həmin məzarın abadlaşdırılması istiqamətində bəzi işlərin görüldüyünü, hətta məzara Sultan bəyin böyük portret şəklinin vurulduğunu bildirib.

BDM sədri İsmayıl Ağayevin rəhbərliyi ilə 2 il öncə Koçköy kəndində Sultan bəyin məzarı önündə Qarsdakı baş konsulun iştirakı ilə tədbir keçirilib.

Müstəqil araşdırmaçı Orxan Cəbrayıl Sultan bəy Sultanovun məzarının Qarsda deyil, Bursa şəhərində olması ilə bağlı məlumatların olduğunu deyir: “Belə bir versiya var ki, Sultan bəy Türkiyədə mühacirətdə olduğu dönəmdə Qarsın Koçköy kəndində yaşamış və orada vəfat etmişdir. Lakin həmin məzarın üzərində Sultan bəyə aid olması ilə bağlı heç bir yazı yoxdur. Ümumiyyətlə, Sultan bəyin Qarsda yaşaması, orada vəfat etməsi və məzarı haqqında bilgilər heç bir sənədə, tarixi mənbəyə əsaslanmadan bir fərziyyə olaraq irəli sürülüb. Kənd camaatı məzar sahibinin 1935-ci ildə vəfat etdiyini bildirir. Lakin Sultan bəy 1942-ci ildə vəfat edib. Sultan bəyin qohumları olduğunu iddia edən adamlar Xosrov bəy haqqında heç bir məlumata sahib deyillər. Hansı ki, həmin vaxtlar Xosrov bəylə Sultan bəyin əlaqələri olub və təsadüfi deyil ki, Xosrov bəy qardaşının vəfat etməsi ilə bağlı “Cümhuriyyət” qəzetinin 15 aprel 1942-ci il sayında məlumat verib. Məlumat üçün bildirim ki, həm Sultan bəy, həm Xosrov bəylə bağlı bütün işlər millət vəkili Mahir Abbaszadənin nəzərindədir. Bir dəfə nümayəndə heyəti göndərib, bir dəfə də bilavasitə özü Qarsda Koçköy kəndində gedərək, həmin naməlum məzara baş çəkib. Məzarın abadlaşdırılması ilə bağlı yetkililərlə də görüşüb. Mən özüm də məzarın Sultan bəyə aid olması ilə bağlı şübhələrimi ona çatdırmışam. Çünki həm ora gedən nümayəndə heyətinin, həm də mənim o kənddən olan insanlarla ünsiyyətim zamanı belə bir qənaətə gəldik ki, həmin məzar Sultan bəyə aid deyil. Sonralar Türkiyə Cümhuriyyəti Dövlət Arxivindən Xosrov bəylə bağlı əldə olunan bəzi sənədlərdə onun tez-tez Bursaya səfər etməsi ilə bağlı bilgilər əldə etdik. Bu işlə əlaqədar olaraq mən 1 il əvvəl Bursada oldum, ancaq ciddi bir məlumat əldə edə bilmədim. Amma bu yöndə axtarışlar davam edir. Abidə ucaltmaq, məzarı abadlaşdırmaq fərziyyələr üzərindən hərəkət etməklə mümkün olacaq bir iş deyil. Düşünürəm ki, bu axtarışların nəticəsi bəlli olduqdan sonra məzarın abadlaşdırılması istiqamətində işlərin görülməsi daha məqsədəuyğun olar. Azərbaycanın istiqlalı və torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə misilsiz xidmətləri olmuş, öz adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazmış Xosrov bəy və Sultan bəy Sultanov qardaşlarının adları əbədiləşdirilməli, layiq olduqları qiymətin verilməsi böyük mənəvi əhəmiyyət kəsb edir”.

Bütün bu iradlara aydınlıq gətirmək üçün Sultan bəyin məzarının Qarsda olduğunu ilk iddia edən və həmin məzarı abadlaşdıran BDM sədri İsmayıl Ağayevlə əlaqə saxladıq. O, qəzetimizə açıqlamasında bildirdi ki, Sultan bəyin məzarı ətrafında açılan bu cür yersiz polemikaları təqdir etmir: “Həmin şəxsiyyətin Azərbaycan tarixindəki rolu bizi onunla bağlı araşdırma aparmağa vadar etdi. İlk dəfə bu barədə məlumatı Sultan bəyin qardaşı oğlu, metropolitenin sabiq rəis müavini Elbrus Əliyev verdi. O, Türkiyədə bu istiqamətdə araşdırma aparıb və ona həmin qəbri göstəriblər. Onunla söhbətdən sonra biz gedib həmin kəndi ziyarət etdik. Apardığımız bütün araşdırmalar həmin məzarın məhz Sultan bəyə məxsus olduğuna qəti şübhə yeri qoymadı. Onun nəvəsi Yücel Laçın var. Türkiyədə tanınmış şəxslərdəndir. Onda Xosrov bəyin silahı və xəncəri də qalıb. Nəvəsi onun silahlarını saxlayır. Biz həmin məzarı tapanda bu gün məzar ətrafında polemikaları qızışdıran millət vəkili təklif etdi ki, bu işləri birlikdə görək. Biz razı olmadıq. İndi deyirlər həmin məzar başqa adama məxsusdur. Görünür, bundan da dividend götürmək istəyən adamlar var. Bir daha xatırladıram ki, Soltan bəyin iki yaxın qan qohumu – Elbrus və Yücel bəy həmin məzarın həqiqətən Xosrov bəyə aid olduğunu təsdiqləyir. Başqa nə cür polemika istəyirlərsə, mən hazıram. Qəbrin niyə indiyə kimi abadlaşdırılmaması iddiası ortaya qoyulur. Gedin, həmin kəndin məzarlığına baxın. Orada bütün məzarlar eyni ölçüdədir. Yəni heç bir dəbdəbə görməzsiniz. Sultan bəy təqib olunduğu üçün həmin kənddə əsl kimliyini gizlətməyə məcbur olub. Çünki bilirdi ki, rus casusları və erməni daşnakları onu izləyirlər. Mən bildirilən iradların hamısını əsassız sayıram”.

  • “… əlimizdə dəlillər, təkzibedilməz sübutlar olmasaydı…”

Sultan bəyin nəvəsi kimi təqdim olunan Y.Laçın da qəzetimizə bu məsələ ilə bağlı münasibət bildirməyə hazır olduğunu bildirdi. Türkiyədə nüfuzlu iş adamı olan Y.Laçın Azərbaycanda onun babası ilə bağlı belə yersiz söhbətlərin aparılmasından ciddi narahatlıq keçirdiyini bildirdi: “Mən Azərbaycanda olan qohumlarımıza da bu barədə məlumat verdim. Onlar da lazım gəlsə mövqelərini bildirəcəklər. Biz bilirik ki, Xosrov bəyin məzarı İstanbuldadır. Onun qardaşı olan, yəni bizim babamız Sultan bəyin isə məzarı Kocköydədir. Ora bizim kəndimizdir. Sultan bəyin Azərbaycandan olan bütün yaxın qohumları həmin məzarı ziyarət edib, onun başında şəkil də çəkdiriblərsə, burada əlavə söz-söhbətə nə ehtiyac var? Sultan bəyin məzarının Qarsın Koçköy kəndində olmasına dair heç bir şübhələr ola bilməz. Biz onun Azərbaycanda olan hansısa malına, mülkünə iddialı deyilik. Başa düşə bilmirəm, niyə bəzi insanlar belə narahatlıq keçirirlər? Bizim Türkiyədə işimiz-gücümüz, özümüzə görə imkanımız var. Məzarın əbədiləşməsinə Azərbaycan kömək edəcəksə, buyursunlar, etməsələr belə sağ olsunlar, özümüz orada nə lazımdır inşa edərik. Ancaq biz kimlərəsə imkana vermərik ki, bizim tariximizi, soykökümüzü saxtalaşdırmağa cəhd etsinlər. Yaxşı, Sultan bəyin məzarı o deyilsə, bəs hansıdır? Qoy bunu iddia edənlər gəlib mənə Türkiyədə onun yerini göstərsinlər. Biz, sadəcə, söz olaraq bunu demirik, əlimizdə dəlillər, təkzibedilməz sübutlar olmasaydı, belə iddianı irəli sürməzdik”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir