Bazar , 24 Noyabr 2024
Drone Cameras

BƏƏ rəsmisi 200 milyon dollarlıq GES-in təməlqoyması üçün Bakıya gəlir

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) enerji və infrastruktur naziri Süheyl Məhəmməd əl-Məzrui (Suhail Mohamed Al Mazrouei) Azərbaycana səfər edəcək.

“Boyukmillet.com”un əldə etdiyi məlumata görə, səfərdə məqsəd Azərbaycanda günəş enerji parkının təməlqoyma mərasimində iştirak etməkdir.

Tədbir sabaha planlaşdırılıb.

BƏƏ-li nazirlə birlikdə bu ölkənin “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Camal Əl Rəhami (Mohamed Jameel Al Ramahi) də Azərbaycana gələcək.

Ötən il aprelin 6-da Energetika Nazirliyi və ”Azərenerji” ASC “Masdar”la 230 MVt gücündə günəş elektrik stansiyası (GES) layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalayıb. Sənədlərə Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, “Azərenerji” prezidenti Baba Rzayev, “Masdar” tərəfdən isə M.C.Əl Rəmahi imza atıb.

GES ildə 500 milyon kVt/saat elektrik enerjisinin istehsal olunmasına, 110 milyon kub metr təbii qaza qənaət edilməsinə, 200 min ton karbon emissiyasının azaldılmasına, yeni iş yerlərinin yaradılmasına imkan yaradacaq. Layihənin dəyəri 200 mln ABŞ dollarıdır. Stansiya “Cənub” yarımstansiyasına qoşulmaqla enerji sisteminə inteqrasiya olunacaq.

Xatırladaq ki, “Energetika sektorunda islahatların surətləndirilməsi haqqında” ölkə prezidentinin 2019-cu il 29 may tarixli sərəncamına uyğun olaraq bərpa olunan enerji sahəsinin inkişafı məqsədilə 10-a yaxın beynəlxalq enerji şirkəti, o cümlədən “Masdar” şirkəti ilə əməkdaşlıq edilərək, şirkətlərin investisiya layihələri ilə bağlı təklifləri hərtərəfli şəkildə təhlil olunub və yüksək rəqabət və şəffaflıq mühitində üç mərhələdə seçim prosesi həyata keçirilib. Seçim prosesinin nəticəsinə müvafiq olaraq Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və BƏƏ-nin “Masdar” şirkətləri ilə 2020-ci ilin 9 yanvar tarixində bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb. İcra müqaviləsi üzrə 230 MVt gücündə günəş elektrik stansiyasının reallaşdırılması ilə bağlı məsələlərin icrası da “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” dövlət başçısının 5 dekabr 2019-cu il tarixli sərəncamı ilə yaradılmış Komissiyanın fəaliyyəti çərçivəsində əlaqələndirilmiş şəkildə təmin edilir.

Check Also

Azərbaycanın “Qaz qambiti” ilə bağlı məqalə skandal yaratdı: Bakı təkzib istəyir

Azərbaycanın Rusiyadan qaz idxalı siyasi açıqlama və rəsmi rəqəmlərdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının …