Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 103-cü ildönümü tamam olur. Xüsusi xidmət orqanlarımızla bağlı olan, bir çox tarixi – siyasi şəxsləri araşdıran Psixoloji Portretologiya və Siyasi Analizlər Mərkəzinin rəhbəri, Adıgözəl Məmmədovla görüşərək ondan müsahibə almaq qərarına gəldik:
– Adıgözəl müəllim , Azərbaycanın sovet rəhbərləri içərisində psixoloji portretlini yaratdığınız və həyatını tədqiq etdiyiniz əsas insanlardan biri Mircəfər Bağırovdur. Maraqlıdır niyə Bağırov?
– Çox maraqlı sualdır. Bu mövzuyla yaradıcılığa başlamağımın əsas səbəbi Mircəfər Bağırova Azərbaycan cəmiyyətində ciddi marağın olmasından irəli gəldi. Gənclik illərimdə onun haqqında ağsaqqallarımın dilindən çox eşitmişdim. Həmin insanların dilindən Mircəfər Bağırov adı düşmürdü. Doğrudanda məndə M. Bağırov şəxsiyyətinə böyük bir maraq yarandı. Həmdə o dövürdə Əkrəm Əylislinin tərtib etdiyi ici yalan ittihamlara dolu olan kitabı nəzərə almasaq, Mircəfər Bağırola bağlı sanballı bir tədqiqat əsəri yox idi. Öncə o, dövrü yaşayan insanlarla görüşərək müstəqil tədqiqat aparmağa başladım. Mircəfər Bağırov Azərbaycanın keşməkəşli dövrünə rəhbərlik edib. Bu dövrdə Moskvadan XDİK-dan “0047” saylı əmri gəlmişdi, İkinci dünya müharibəsi, Pişəvəri hərəkatı və rəhbərliyin azərbaycanlaşdırma siyasəti həyata keçirilmişdi.
O, hakimiyyətə gəldikdə Mərkəzi Komitənin üzvlərinə baxdıqda say baxımından azərbaycanlılar axırıncı yerlərdə idi. Ancaq 1953-cü ilin siyahısına baxanda azərbaycanlılar artığ çoxluq təşkil edirdi. Əslində bunun əsası Nəriman Nərmanov tərəfindən qoyulmuşdu. Vaxtıilə Mircəfər Bağırovun elə özü də birbaşa Nərmanov tərəfindən önə çəkilmişdi. Belə dəsək ki, Bağırov Nərmanovun milli xəttinin davamçısı idi. Sovetlər dövründə hər zaman Azərbaycanın siyasi rəhbərliyi daxilində milli xətti olub və bu ümumilli liderimiz Heydər Əliyev dövrünün əsas ana xətt olub. Bu ənənənin, şüurun, hisslərin daşıyıcılarından biri Mircəfər Bağırov olub. Məhz buna görə də Bağırovun Nərimanova böyük hörməti vardı. Hətta onun bədxahları 1927-ci ildə onu Nərimanovçuluqda (o dövrdə Nərimanovçuluğ millətçilik kimi qələmə verilirdi) ittiham edərək Azərbaycan Siyasi idarəsinin rəhbərliyindən uzaqlaşdırdılar. –
Adıgözəl müəllim, Mircəfər Bağırov və Stalin yaxınlaşması necə yarandı? Hələ də bunun haqqında ətraflı məlumat yoxdur.
– Stalin Mircəfər Bağırovu qiyabi tanıyırdı, lakin onların yaxınlaşması 1933-cü ilə təsadüf edir. 1927-ci ildə Bağırov Azərbaycan siyasi idarəsinin rəhbəri vəzifəsindən kənarlaşdırıldıqdan az bir müddət sonra o, Zaqafqaziya su təsərrüfatı komissarı olur. Bağırovun Bakıdan uzaqlaşdırılmasının səbəblərini və Tiflisdəki vəziyyəti barədə məlumatı Moskvada partiya kurslarında olan Ruhulla Axundova onun göndərdiyi məktubda görmək olar (bu məktublar «Siyasi partiyalar, ictimai hərəkatlar» mərkəzi dövlət arxivində saxlanılır).
Məktub 1929-cu ilin 6 mayında Tiflis şəhərinin Piroqov 8 ünvanından Ruhulla Axundova göndərilib. Məktub «Əzizim, Ruhulla» sözləri ilə başlayır. Əvvəlcə Mircəfər Bağırov məktubda Ruhulla Axundovun səhhəti ilə əlaqədar narahat olduğunu və Bakını tərk edən zaman onunla sağollaşmadığına görə özünü bağışlaya bilmədiyini söyləyir. O, məktubunda qeyd edir ki, “Serqo Orcоnikidzenin qəti göstərişinə əsasən Bakını tərk etmək məcburiyyətində qaldım. Elə başa düşürdüm ki, burda (Tiflisdə) yeni vəzifəmi normal şəraitdə icra etməyə başlayacağam. Lakin çox təəssüf ki, əksinə, yüz dəfə ağır şəraitə düşdüm və əvvəlcədən mənə qarşı hazırlanmış «tələlərlə» üzləşdim. Sanki bu vəhşiləşmiş insanlar məni ilk işıq dirəyindən asmağa hazır dayanmışdılar. Mənə qarşı olan münasibətin əsasını isə Azərbaycan rəhbərliyinin (L.Mirzoyan-Ə.Qarayev-Novruz Rzayev birliyi-A.M.) mənim barəmdə mərkəzə ötürdükləri informasiyalar formalaşdırır. Amma bu rəhbərlər başa düşmürdülər ki, respublikada törətdikləri əməlləri ört-basdır edə bilməyəcəklər”. Sonralar Beriyanın Stalinə yolladığı məktubla 1929-cu ildə Bağırov yenidən Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri təyin edildi. Artıq Beriya–Bağırov birliyi Orconikidze–Qarayev–Mirzoyan qruplaşması ilə üz-üzə gəlmişdi. 1931-ci ilin noyabrında Lavrenti Beriya Gürcüstan Kommunist Partiyasının I katibi və ÜİK(b)P-nin Zaqfederasiya komitəsinin II katibi seçilir. Bundan sonra Mircəfər Bağırov öz mübarizəsini vəzifədə qalmaq üçün hər şeyi satmağa hazır olan dəlibaşlı kommunistlərə qarşı deyil, bu marionetkaları idarə edən və onların başında duran Serqo Orconikidzeyə tərəf yönəldir. Nikita Xruşşov xatirələrində yazır: «Mənim Beriya ilə ilk tanışlığım 1932-ci ildə baş vermişdi. Belə ki, o vaxt mən, Moskva partiya komitəsinin II katibi vəzifəsində işləyirdim. Beriyanın mənimlə görüşünün səbəbi kadr məsələsi idi. O mənim yanıma Bağırovla birlikdə gəldi. Bağırov Bakının partiya xadimlərindən biri idi. O vaxt Bağırovla Beriya marksizm-leninizm kurslarında təhsil alırdılar. Aramızdakı söhbətin məğzi Frunze rayon partiya komitəsinin katibi erməni yoldaşımız Ruben barədə idi. Sözsüz ki, o vaxt kadr məsələsini mən həll etmirdim. Ona görə də Beriyanın Azərbaycan K(b)P MK-nın I katibi vəzifəsinə Bağırovun təyin edilməsi barədə xahişini yerinə yetirə bilməzdim. Sonra ancaq mənə məlum oldu ki, bu vəzifəyə Rubenin namizədliyini Serqo Orconikidze vermişdir». Həqiqətən də Ruben bir müddət Azərbaycan K(b)P MK-nın I katibi vəzifəsində işləyib. Buradan başa düşülür ki, bu erməni əsilli partiya funksionerinin bu vəzifəyə təyin olunmağında canfəşanlıq edən Serqo Orconikidzeymiş. Lakin çox keçmir ki, Bağırov-Beriya birliyi Orconikidzenin adamı olan Rubeni vəzifədən kənarlaşdırmağa nail olur. Mircəfər Bağırov Moskvada marksizm-leninizm kurslarında təhsilini başa vurduqdan sonra Ümumittifaq K(b)P MK-da əvvəl müfəttiş, bir müddət sonra isə Azərbaycan Sovet Xalq Komissarlığının sədri vəzifəsinə yüksəlir. Sonralar o,Stalinə göndərdiyi məktubda yazırdı: «Əziz İosif Vissarionoviç, Sizə bildirmək istəyirəm ki, Azərbaycanda Sizin apardığınız siyasi kursa qarşı işə Moskvadan Serqo Orconikidzenin başçılıq etdiyi mərkəz rəhbərlik edir».
1956-ci ildə Bağırovun məhkəməsində Xruşşovun əlaltısı olan SSRİ-nin baş prokuroru Rudenko bu məktubu oxuyur və Bağırov da belə bir məktubun mövcudluğunu inkar etmir. Beləliklə, 1933-cü ildə Mircəfər Bağırov Azərbaycan K(b)P MK-nın birinci katibi seçilir. Onu görə də Beriya faktorı olmasaydı Bağırovu Nərmanovun adamı kimi siyasi səhnədən uzaqlaşdıracaqdılar.
– Maraqlıdır Beriya-Bağırov yaxınlaşmasının köklü səbəbləri nədir?
– Ümumiyyətlə kəşfiyyat tariximizin ən uğurlu layihələrindən biri L.Beriya olub. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında, 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi dövlətimizin tarixi yaddaşı baxımından olduqca əlamətdar bir hadisədir. Azərbaycan Demokratik Respublikası fəaliyyət göstərdiyi 23 ay ərzində Milli Ordunun təşkili prosesində və həmçinin dövlətin təhlükəsizliyi baxımından general Səməd bəy Mehmandarov, general Əliağa Şıxlinski və general Məmməd bəy Sulkeviç xüsusi rol oynamışlar. Belə ki, 1919-cu il mart ayının 28-də hərbi nazir Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi Məmməd bəy Sulkeviçin imzaladıqları 157 saylı əmrlə Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeystr şöbəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. Bu əmrdən sonra bölmənin komplektləşdirilməsi, əsas fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi sahəsində xeyli iş görüldü, lakin hərbi idarə çərçivəsində olan bu struktur fəaliyyətini yalnız təhlükəsizliyin hərbi aspektlərinə yönəldirdi. 1919-cu il aprelin 2-də Nazirlər Şurası sədrinin adına göndərdiyi məktubunda Səməd bəy Mehmandarov yazırdı (Məmməd Cəfərli. “Azərbaycan Demokratik Respublikasının milli təhlükəsizlik orqanları”, Bakı-2004): “Hərbi əks-kəşfiyyatın başlıca vəzifəsi dövlət daxilində hərbi casuslarla mübarizədir, bolşevizmlə mübarizə ümumdövlət işi olduğundan tək hərbi idarə onun öhdəsindən gələ bilməz…”.
Beləliklə, 1919-cu il aprelin 13-də dövlət hakimiyyətinin bütün strukturları Azərbaycan hökumətinin ixtiyarına keçdikdən sonra mərkəzləşdirilmiş kəşfiyyat və əks-kəşfiyyat haqqında məsələnin müzakirəsi mümkünləşdi. Azərbaycan Demokratik Respublikasının parlamentinin qərarı ilə iyun ayının 9-da Vətəni müdafiə sahəsində fövqəladə səlahiyyətlərə malik olan xüsusi orqan – Dövlət Müdafiə Komitəsi yaradıldı.
Respublikanın daxilində və sərhədlərində vəziyyət daha da gərginləşdiyindən Dövlət Müdafiə Komitəsi 1919-cu il iyun ayının 11-də Azərbaycanda fövqəladə vəziyyət elan etdi və elə həmin günlərdə də müvafiq qərarla Azərbaycanın dövlət sistemində ilk dəfə idarə tabeçiliyi olmayan xüsusi xidmət orqanı – “Əksinqilabla Mübarizə Təşkilatı”nı yaratdı. Qısa müddət ərzində Bakıda təşkilatın yeddi rayon bölməsi yaradıldı. İlk vaxtlar yeni yaradılan bu strukturun rəhbəri Məmmədbağır Şeyxzamanov oldu. Ancaq çox keçmir ki, paritet əsaslarla formalaşan “Əksinqilabla Mübarizə Təşkilatı” işləməz hala gəldi. “Əksinqilabla Mübarizə Təşkilatı”nda təmsil olunmuş hər partiyanın nümayəndələri səmərəli işləmək əvəzinə daha çox bir-birilərini pusur və pozuculuqla məşğul olurdular. Bu da kəşfiyyat və əks-kəşfiyyat işini iflic hala salmışdı. Belə ki, yeni yaradılan xüsusi xidmət orqanı-“Əksinqilabla Mübarizə Təşkilatı” paritet əsaslarla formalaşdırılırdı. Yəni Azərbaycan parlamentində olan hər partiya bu kəşfiyyat strukturunda öz nümayəndələri ilə təmsil olunurdular. Ona görə də bu paritet əsaslı struktur formalaşmasına etiraz edən Məmmədbağır Şıxzamanov istefa verir. Məhz bu paritet sistemi əsasında gələcəkdə marşal rütbəsinə qədər boyüyən, sovet dövlətinin Stalin dönəminin əsas simalarından birinə çevriləcək Lavrenti Beriya Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanlarına, sol yönümlü “Hümmət” siyasi təşkilatının görkəmli nümayəndələrindən biri olan Mirzə Balanın təqdimatı ilə işə götürülmüşdü. Məmmədbağır Şıxzamanovun bu addımından sonra paritet əsaslı struktur formalaşmadan imtina edilir. Xüsusəndə Türkiyənin müharibədə məğlubiyyəti ilə Azərbaycanda marağı olan ölkələrlin kəşfiyyat orqanların tuğyan etdiyi bir yerə çevrilmişdi.
Yeni səviyyədə kəşfiyyat işinin təşkilinə çox ehtiyac vardı. Bu baxımdan milli marağlara qulluğ edə biləcək, kəşfiyyat məlumatlarının bu konteksdən toplayacağ peşakar komandaya çox ehtiyac duyulurdu. Ona görə də “Əksinqilabla Mübarizə Təşkilatı”nın yeni rəhbəri Nağı Şeyxzamanov çox ciddi kadr islahatları həyata keçirərək, əsasən sədaqətli peşəkarlardan ibarət komanda formalaşdırır. Bax bu zaman Beriyanın sədaqətinə tam inanan Nağı bəy ona daha məsul vəzifəni tapşırır. O, “Əksinqilabla Mübarizə Təşkilatı”nın məktubların yoxlanılması şöbəsinin rəisi təyin edilir. Əslində, Beriyaya çox ciddi strateji bir sahə tapşırılmışdı. Ona görə ki, o dövrdə məktublar rabitənin ən birinci növü idi. Beriyanın bu təyinatı gələcəkdə onu ittiham atəşinə tutanların ən əsas arqumentinə çevriləcəkdi. Məntiqlə “Hümmətin “Əksinqilabla Mübarizə Təşkilatı”ndakı nümayəndəsi paritet” prinsiplərə son qoyulandan sonra istefa verməli idi, lakin Beriya nəinki bu strukturda öz vəzifəsini qorudu və hətta daha məsul vəzifəyə irəli çəkildi.
Əlbəttə, Beriya sonrakı tərcümeyi-halında bunları tamamən yazmır və gizlədir.1923-cü il tərcümeyi halında ADR-in kəşfiyyatında olduğunu deyir və bolşeviklər tərəfindən paritet əsaslarla göndərildiyini vurğulayır, amma ikinci məqamı, yəni Nağı bəy tərəfindən paritet əsaslara son qoyulandan sonra yenidən işə cəlb olunmasını gizlədir. Burada Əhməd Bedin ortaya çıxır. Əhməd Bedin türk kəşfiyyatının nümayəndəsi idi.Erməni Hamazapsın quldurlarının Qubaya hücumu zamanı yerli mülkədar Əli bəy Zizikski yaratdığı dəstə onlara qarışı vuruşurdu. Əli bəy Zizikski Qubada qoçaq oğlanları yığır və Qubanı qorumağa çalışırdı. Bunların içərisində Bağırov da vardı. Bir müddət sonra Əhməd Bedin Əli bəy Zizikski ilə ünsiyyət qurur. Elə burada Bağırov Əhməd Bedinlə tanış olur. Azərbaycanda Sovet höküməti qurulduğdan bir müddət sonra Beriya Bakıda həbs olunur.Bağırov artıq fövqalədə komissiyanın rəhbəri idi. Əhməd Bedin Bağırovdan Beriyanın həbsdən azad etməyi xahiş edir. O da Əhməd Bedinin xətrin çox istədiyindən onun sözün yerə salmır və Beriyanı həbsdən azad etdirir. Bir müddətdən sonra Bağırov Beriyanı fövqalədə komissiyaya işə götürür. Əhməd Bedin isə bir müddətdən sonra Əhməd Triniç olur və uzun müddət Azərbaycan nəşriyyatının direktoru işləyir.
– Bəs Nərmanovla Bağırov necə tanış oldular?
– Nərmanovla Bağırovun tanışlığı Həştərxanda olur. Əli bəy Ziziksikinin dəstəsindən ayrılan Bağırov Həştərxana gedir və orda tanış olurlar. Sonra Bağırov özünü bolşevik kimi qələmə verir və milli hissləri qorumağa başlayır. Bir məsələni də qeyd edim ki, Bağırov dövründə Əli bəy Zizikskiyə heç kim dəymir. Bağırov Gürcüstana sürgün olan kimi onu güllələyirlər.
– Stalinin vəfatından sonra Beriya hakmiyyəti niyə ələ keçirə bilmədi.
– Stalinin bir xüsusiyyəti var idi. O ətrafında geniş miqyasda düşünə bilən bütün siyasətçiləri məhv etmişdi. Onun ölümünə yaxın çevrəsi əsasən iddiasız texnokrat nümayəndələri əhatə olunmuşdu. Ona görə də Stalinin ölümündən sonra siyasi hakimiyyət boşluğu yaranmışdı. Onun əzəməti və çəkisinə bərabər bir insan siyasi rəhbərliydə yox idi. Əslində Beriya bunu gördüyünə hakimiyyəti əla almağa çalışdı. Amma Mikoyan və onun həmfikirləri bunu hiss eləyirdi. Dərhal əks müdaxiləyə keçdilər. Beriya Bağırova zəng edir ki, hazırlaş. Birdən birə 1953-cü ilin aprelində Bağırov Mərkəzi Komitənin I katibliyindən istefa verir. Hələ heç kim həbs olunmayıb və Beriya da öz işinin başındadır. Burada əsas səbəb var idi. Çünki Bağırov Moskvaya getməli idi. Mirteymur Yaqubov olur birinci katib və Mircəfər Bağırov da Nazirlər Sovetinin sədri olur. Bağırov Sovet İttifaqı Komunist Partiyasının Mərkəzi Komitəsinin Prezidiumuna (o dövrdə siyasi büro belə adlanırdı) namizəd seçilir. Mikoyan Bağırovu yaxşı tanıyırdı. Mikoyan Xuruşovu başa salır ki, Bağırov-Beriya təhlükəsi tam kandarımızdadır. Mikoyan beləcə ruslarda milli siniri tərpətdi.
Xruşşov Mikoyanın məsləhətləri ilə Prezidiumdakı rusları öz ətrafına yığır. Bir plan işə salınır, düşünürlər ki, Beriyanı Yuqaslaviyaya Titoyla danışığlara göndərsinlər və rahat şəkildə zərəsizləşdirmə planının gizli iclasda müzakirə etsinlər. Təhlükəsizlik orqanları Beriyanın nəzarətində olduğundan bu işi hərbiçilərlə görməyi daha doğru sayırdılar… Beləliklə Beriyanı Yuqaslaviyaya göndərirlər. Düşündükləri kimi Jukovla ünsiyyətə daxil olurlar. Jukov da onların təklifin qəbul edir. Beləcə Beriyanın öldürülməsinə qərar verildi. Bu proseslərdə Beriya Kremldə tək idi və yubandı. O daha çox Malinkovun sədaqətinə inanırdı.
Stalinin ölümündən sonra L.Beriya Dövlət Təhlükəsizlik və Daxili İşlər nazirliklərini birləşdirərək yeni qurumun naziri oldu. Artıq 1953-cü ilin mart ayının sonlarında M.C.Bağırov Sovet İttifaqı KP MK Rəyasət Heyətinə namizəd kimi daxil olur. O, Rəyasət Heyətinin üzvlüyünə namizəd kimi Azərbaycan rəhbərliyindən bu yüksək pilləyə çatmış ilk şəxs olur. Stalinin ölümündən sonra ilk aylar Beriya-Malenkov birliyi KP MK-nın Rəyasət Heyətində istənilən məsələni öz mənafelərinə uyğun həll edirdilər.
Beriyanın planına görə, SSRİ-də hakimiyyət bölgüsü aşağıdakı şəkildə aparılmalı idi:
Sovet İttifaqı KP MK-nın I katibi — E.M.Malenkov; DTN və DİN sistemlərini əlində cəmləşdirmiş Nazirlər Sovetinin I müavini kimi — L.Beriya; SSRİ Nazirlər Sovetinin sədri — M.C.Bağırov – sonradan KP MK-nın Rəyasət Heyətinin həqiqi üzvü seçilməklə — (Bunu biz aşağıda izah edəcəyik);
Müdafiə naziri – N.A.Bulqanin;
SSRİ Ali Sovetinin sədri – K.E.Voroşilov (onların hər ikisi öz vəzifələrində qalmaqla);
Xarici işlər naziri – V.N.Dekanozov-Rəyasət Heyətinə namizəd və sonra həqiqi üzv seçilməklə.
A.Mikoyan öz xatirələrində qeyd edird ki, «Beriyaya sual verirdim ki, bu qədər səlahiyyətlərlə Daxili İşlər Nazirliyi sənin nəyinə lazımdır?» O isə bu sualıma cavab olaraq söyləyirdi: «Qayda-qanunu bərpa etmək lazımdır. Ölkədə bu vəziyyətə dözmək olmur. Bizdə çox sayda həbs olunan insanlar var, onları azad etmək lazımdır». Həqiqətən də 24 mart 1953-cü ildə L.P.Beriya Sov.İKP MK Rəyasət Heyətinə əfv haqqında müraciət göndərir və bu müraciətin əsasında martın 27-sində SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı çıxır. Bu fərmana əsasən həbsdə olan 2,5 milyon insanın 1,2 milyonu azad olunur».
Sonra növbə siyasi dustaqlara gəldi, 1953-cü il aprelin 4-də qəzetlərdə «SSRİ DİN-in məlumatı» dərc olundu. Burada göstərilirdi ki, L.Beriyanın sərəncamına əsasən, DİN-də yaradılmış istintaq qrupu «Həkimlər işini» araşdıraraq bu qənaətə gəlmişlər ki, aparılan istintaq zamanı zor tətbiq edilmişdir, alınan ifadələr həqiqəti əks etdirmir və irəli sürülən ittihamlar əsassızdır. Əslində, həm də Beriya bu addımı ilə Molotovu öz tərəfinə çəkmək istəyirdi. Belə ki, “həkimlərin işi” ilə əlaqədar Molotovun arvadı da həbs olunmuşdu.
Bununla bərabər o, hakimiyyətə can atan Xruşşova və digər qruplara xəbərdarlıq işarəsi də edirdi. Belə ki, N.S.Xruşşov 1936-cı ildən Moskva partiya komitəsinin katibi, 1939-cu ildən isə KP MK-nın Rəyasət Heyətinin üzvü olduqdan sonra o, kütləvi həbslərlə və güllələnmələrlə nəticələnən «Moskva prosesləri»nin təşkili ilə məşhurlaşmışdı.
Məhz o, Ukraynada I katib işləyən zaman aclığa qarşı etiraz edənlərin kütləvi terrorunu təşkil etmişdi.
O dövrlər Stalin partiya rəhbərləri arasından məxfi olaraq seçilmiş partiya funksionerlərinə xüsusi səlahiyyətlər vermişdi. Bunlara «üçlüklər» deyilirdi. Artıq Beriya həbs olunan siyasi məhbuslardan çoxlu sayda məktublar alırdı; bu məktublarda onların günahsız olduqları və N.S.Xruşşovun göstərişlərinə əsasən azadlıqdan məhrum olunduqları bildirilirdi. Beriya bu faktlardan Xruşşovu siyasi səhnədən uzaqlaşdırmaq üçün istifadə etməyə hazırlaşırdı. Təsadüfi deyil ki, Beriyanın ölümündən sonra birbaşa Xruşşovun göstərişi ilə Ukrayna və Moskva «təmizləmələri» ilə əlaqədar bütün sənədlər arxivlərdən çıxardılıb yandırılır. Bu təmizləmələrdən sonra artıq o, «Stalin dövrünü» atəşə tutan ali hakimə çevrildi.
Beriya Kremldəki hakimiyyəti tam ələ almaq üçün müəyyən hazırlıq tədbirləri görməyə başlayır. Öz təsəvvüründə bu siyasi hakimiyyət dəyişikliyində ona dəstək verə biləcək şəxslərdən ən əsası M.C.Bağırovu sayırdı. Həqiqətən də Beriyanın aparacağı bu siyasi hakimiyyət dəyişkənliyinə M.C.Bağırov da hazırlaşırdı.
1953-cü ilin 6 aprelində AKP MK-nın büro iclasında M.C.Bağırov AKP MK-nın I katibi vəzifəsindən azad olunaraq Azərbaycan Nazirlər Sovetinin sədri seçilir. Bu təyinat Beriya-Bağırov planına görə, SSRİ Nazirlər Sovetinin sədrliyinə gedən yolda tramplin rolunu oynayacaqdı. AKP MK-nın I katibi vəzifəsinə Siyasi büro tərəfindən Mir Teymur Yaqubov təsdiq edilir. Ona qədər o, Bakı şəhər Partiya komitəsinin I katibi vəzifəsində işləyirdi. İkinci katib yenidən Vitali Səmədov təsdiq edilir.
Beriya həmçinin öz niyyətlərini həyata keçirmək üçün mövcüd olan milli problemləri də qabardırdı. O, respublikalarda milli kadrlardan geniş istifadə etmək, Moskvadan göndərilən rusları milli kadrlarla əvəz etmək, milli mühacirlərin geri qayıtmasına şərait yaratmaq, deportasiya olunmuş xalqları geri qaytarmaq, milli ziyalılarla ümumi dil tapmaq konsepsiyasını irəli sürürdü.
Mikoyan yenə öz xatirələrində qeyd edir ki, «Beriya ümumiyyətlə, qarşılıqlı iqtisadi yardım şurasının yaranmasının əleyhinə idi. O, Almaniya Demokratik Respublikasında sosializmin süni surətdə yaradılmasının da əleyhinə idi. O, AFR-lə ADR-in birləşməsi ilə bağlı sülhsevər neytral burjua-demokratik dövlətin yaradılmasının tərəfdarı idi». Mən yuxarıda qeyd etmişdim ki, Kremldən milli respublikaların rəhbərliyinə qeyri-yerli olanlar göndərilirdi və onlar da sanki agent funksiyalarını yerinə yetirərək milli rəhbərlərə nəzarət edirdilər. Ona görə də Xruşşov başa düşürdü ki, Beriya onu ifşa edəcək və o da Beriyanı aradan götürmək üçün öz planını sürətləndirdi.
N. Xruşşov öz xatirələrində qeyd edirdi:
«Mən Siyasi büronun üzvləri ilə bir-bir görüşərək, onları özümə tərəf çəkirdim. Ən ehtiyat etdiyim vəzifəli şəxs Malenkov idi. O, Beriya ilə dostluq edirdi. Ancaq bu işdə Malenkov da, — başqa çarəmiz yoxdur — deyərək, məni dəstəklədi. Əslində, o özü də Beriyadan qorxurdu. Malenkovdan sonra K.Y.Voroşilov və Kaqanoviçlə də razılığa gəldik. Nəzərdə tutulmuş həbs günü mən K.Jukovu yanıma çağırtdırdım. O vaxtlar Beriyanın Jukov haqqında formalaşdırdığı mənfi fikirlərlə əlaqədar Stalin Jukovun vəzifəsini aşağa endirərək, Odessa hərbi dairəsinə komandir təyin etmişdi. Beriya bir neçə dəfə Jukovu həbs eləmək istəsə də, Stalin buna mane olmuşdu. Bunu bilərək Jukovun mənim tərəfimi tutacağını bilirdim. Jukov kabinetimə daxil olan kimi üzümü ona tutaraq söylədim:
– Bu əclafı — Beriyanı həbs etmək lazımdır. — Jukov bu təklifimin cavabında isə söylədi:
– Nikita Sergeyeviç, mən «jandarm» olmamışam, ancaq bu işi həvəslə yerinə yetirərəm və mən neyləməliyəm?
Mən isə ondan özünə sadiq, silahlanmış zabitlərlə Kremlin gözləmə otağında mənim zəngimi gözləməyini rica etdim.
Beriya həbsinin baş iştirakçısı – general K.S.Moskalenko 1953-cü ilin iyun hadisələrini belə xatırlayırdı:
Səhər saat 9 (1953-cü il, 25 iyun)…
Kremlin ATS telefonu ilə mənə N.S.Xruşşov zəng etdi. Salamlaşaraq, o soruşdu:
-Əhatənizdə bizim partiyaya sizin kimi sədaqətli adamlar varmı?
Fikirləşəndən sonra mən cavab verdim:
-Elə adamlar var və onlar partiyaya fədakarcasına sədaqətlidirlər.
Bundan sonra Xruşşov dedi ki, mən o adamlarla Kremlə-Stalinin əvvəl işlədiyi kabinetə, SSRİ Nazirlər Sovetinin sədri yol. Q.M.Malenkovun yanına gəlim.
Onu da əlavə etdi ki, mən özümlə HHM planlarını və xəritələrini gətirim, siqar da götürüm. Mən cavab verdim ki, deyilənlərin hamısını gətirərəm, ancaq çəkməyi hələ 1941-ci ildə müharibədə tərgitmişəm. Xruşşov güldü və dedi ki, sən deyən siqarlar ola bilsin lazım olmayacaq.
Onda başa düşdüm ki, özümlə silah götürməliyəm. Söhbətin axırında dedi ki, indi müdafiə naziri yol. N.A.Bulqanin zəng edəcək.
Xruşşovun özümlə silah götürmək işarəsi, məni o fikrə gətirib çıxartdı ki, qarşımızda Sov.İKP MK Rəyasət Heyətinin mühüm tapşırığını yerinə yetirmək durur.
Elektrik düymənin siqnalını basdım, xüsusi tapşırıqlar zabiti, mayor Yuferev V.İ., qərargah rəisi Baksov A.İ., siyasi idarənin müdiri, polkovnik Zuba İ.Q. mənə o dəqiqə cavab verdilər və mən onlara dedim: silahı götürüb Kremlə getmək lazımdır. Heç kimdə silah yox idi, mən qərargah komendantı mayor M.Q.Xijnyakı çağırdım və əmr etdim ki, pistolet və patronlar versin. Qrup kiçik idi, sonra mən əlavə olaraq general – mayor F.Batitskiyə zəng etdim və dedim ki, silahla yanıma gəlsin.
Bundan sonra müdafiə naziri, marşal N.A.Bulqanin zəng etdi və dedi ki, ona Xruşşov zəng edib və təklif edib ki, mən əvvəl ora — Bulqaninin yanına gedim. Silahlanmış qrup ilə mən müdafiə nazirinin yanına gəldim. Yol. Bulqanin məni tək qəbul etdi. O dedi ki, yol. Xruşşov zəng etmişdi, ona görə mən səni çağırdım. Beriyanı həbs etmək lazımdır, onun Kremldə mühafizəsi güclü və böyükdür, həmçinin ona sadiqdir. Səndə nə qədər adam var? Mən cavab verdim ki, mənimlə beş adam var, onlar hamısı cəbhədə olanlardır; döyüşlərdə sınanmış, Kommunist partiyasına, Sovet hökumətinə və sovet xalqına sadiq insanlardır. O dedi: “Bunlar yaxşıdır, ancaq adam azdır.” Elə o dəqiqə soruşdu: Daha kimi məsləhət görürsən? Mən cavab verdim ki, sizin müavininiz marşal Vasilevskini. Bulqanin o dəqiqə onun namizədliyini rədd etdi. Öz novbəmdə ondan soruşdum ki, nazirlikdə hörmətli hərbçilərdən kim var. O dedi — Jukov. Onda mən təklif etdim, onu götürək. O razılaşdı, bir şərtlə ki, Jukovun silahı olmasın. Biz sayca az idik, ona görə o yenə soruşdu: “Daha kimi məsləhət görürsən, dəvət edək?”. Birinci mən baş qərargah rəisinin müavini L.İ.Brejnevin adını çəkdim, onu müharibədən — 1-ci və 4-cü Ukrayna cəbhələrinin tərkibində qorxmaz və mətin general, siyasi işçi, partiyaya və xalqa sadiq adam kimi tanıyırdım. Onunla dəfələrlə döyüş şəraitində görüşmüşəm. General-leytenant Şatilovun adını mən ikinci dedim, o da həmin strukturda müavin idi, sonra keçmiş 1-ci Ukrayna cəbhəsinin baş siyasi idarəsinin rəisi, tank qoşunları general-leytenantı Getmanın adını çəkdim. Dördüncü adamın adı artilleriyanın general-polkovniki Nedelin idi, onu da mən müharibədən tanıyırdım. Beşincini Bulqanin təklif etdi: hərbi şuranın üzvü, MVO general-polkovniki A.M.Pronin.
Vaxt az olduğu üçün onlar hamısı silahsız gəlmişdilər. Ancaq L.İ.Brejnevdə Bulqaninin verdiyi pistolet var idi.
Ancaq nə üçün Xruşşov məhz mənə müraciət etdi, buna cavab tapmaqda çətinlik çəkirəm. Beriyanın həbsindən sonra… Malenkov mənə və baş prokuror yol. R.A.Rudenkoya dedi ki, bu əməliyyatı keçirmək üçün əvvəlcə biz Sovet İttifaqı marşallarından birinə müraciət etdik, ancaq o, bundan imtina etdi. Həmin marşalın kim olduğunu biz — nə mən, nə də Rudenko soruşmadıq…
Xruşşov məni yalnız müharibədən tanıyırdı-cəbhədəki döyüş əməliyyatlarından… Müharibədən sonra biz hərdənbir görüşürdük. Görünür, onun mənə qarşı yaxşı münasibəti varmış. Əvvəllər mən Beriyanı şəxsən tanımırdım və onunla görüşməmişdim, haqqında ancaq mətbuatdan oxumuşdum. Ona görə Xruşşovun təklifini Bulqanin tərəfindən dəqiqləşdirilmiş, partiyamızın, bizim MK-nın, onun Rəyasət Heyətinin tapşırığı kimi qəbul etdim. Qeyd etməliyəm ki, MK Rəyasət Heyətinin bütün üzvləri – V.M. Molotov, Q.M.Malenkov, K.Y.Voroşilov və başqaları ona yaxşı münasibət bəsləyirdilər.
26 iyun saat 11.00-da biz Bulqaninin təklifilə onun maşınına oturub Kremlə getdik. Onun maşınında hökumət siqnalları var idi və Kremlin girəcəyində yoxlanılmırdı. Nazirlər Sovetinin binasına daxil olub Bulqaninlə mən liftlə çıxdıq, A.İ.Baskov, P.F.Batitski, İ.Q.Zub və V.İ.Yuferev isə pilləkənlə qalxdılar, Bizim arxamızca digər maşında Q.K.Jukov, L.İ. Brejnev, Şatilov, Nedelin, Getman və A.M.Pronin gəlirdilər. Bizim hamımızı Bulqanin Malenkovun kabinetinin yanındakı gözləmə otağına apardı və özü Malenkovun kabinetinə girdi.
Bir neçə dəqiqədən sonra Xruşşov, Bulqanin, Malenkov və Molotov çıxdılar. Onlar deyirdilər ki, son vaxtlar Beriya MK Rəyasət Heyətinin üzvləri ilə nəzakətsiz davranır, onlara qarşı casusluq edir, telefon danışıqlarına qulaq asır, kimin hara getdiyinə, Rəyasət Heyətinin üzvlərinin kimlərlə görüşdüyünə göz qoyur, kobudluq edir və s. Onlar məlumat verdilər ki, indi MK Rəyasət Heyətinin iclası başlayacaq. Sonra Malenkovun köməkçisi Suxanovun şərti işarəsi ilə biz kabinetə girib Beriyanı həbs etməliydik. Bu vaxt o hələ gəlməmişdi.Xruşşov xatırlayır: “MK Rəyasət Heyətinin 26 iyun 1953-cü il iclasını keçirmək üçün Rəyasət Heyətinin bütün üzvləri Malenkovun kabinetində yığışdılar. Ancaq Beriya hələ yox idi. Mənə elə gəldi ki, kimsə mənə xəyanət edib. Lakin bir azdan L.Beriya özü daxil oldu. Görəndə ki bütün idarəedici tərkib burada — kabinetdədir, Beriya təəccüblə Xruşşova müraciət etdi (onu “Xruşa” adlandırırdı — A.M.).
Beriya stulda oturdu və soruşdu: “Nə üçün məni təcili çağırmısınız, gündəlikdə hansı məsələ durur?” Elə bu zaman özümü itirmədən dedim: “Gündəlikdə bir məsələ durur: Beynəlxalq imperializmin agenti L.Beriya və onun antipartiya hərəkətləri. Onu tutduğu vəzifədən azad etmək, Siyasi bürodan və Sov.İKP sıralarından çıxarmaq və işi tribunala vermək təklifi var. Kim lehinədir?” Sonra sol əlimi qaldırdım, sağ əlimlə düyməni basdım ki, Jukova xəbər verim. Jukov zabitlərlə gəldi; başqaları da əllərini qaldırdılar. Zabitlərlə Jukov L.Beriyanı əhatəyə aldılar, əmr etdilər ki, əllərini qaldırsın. Özünə hələ də gəlməyən L.Beriya başa düşə bilmirdi ki, nə baş verir”.
Həqiqətdə isə, Xruşşov soruşanda ki “Kim lehinədir?”, onu dəhşətli qorxu bürüyür, ona görə ki, yeganə olaraq təkcə öz əli qalxmışdı. Çünki Beriyanı görən kimi, Rəyasət Heyətinin digər üzvləri qorxularından özlərini itirmişdilər. Bu səhnəni görən Xruşşov tələm – tələsik düyməni basır və kabinetə silahlanmış generallar daxil olurlar. İçəri daxil olan Jukov Beriyaya əmr edərək qışqırır: “Dizi üstə çök!” Bu an Beriyanın dizi üstə çökdüyünü görən Rəyasət heyətinin digər üzvləri yekdilliklə əllərini qaldıraraq Nikita Sergeyeviç “biz hamımız lehinəyik”deyirlər.
General Moskalenkonun xatirələrində deyilir: “Bunlar hamısı Beriya üçün o qədər gözlənilməz oldu ki, o, tamamilə özünü itirdi. Həbs zamanı onun portfelindən qırmızı qələmlə yazılmış bir kağız vərəqəsi tapılmışdı — “Həyəcan, həyəcan, həyəcan”…
Görünür, Xruşşov Beriya haqqında danışanda və onun hərəkətlərini tənqid edəndə, o, təhlükəni hiss etmiş və bu vərəqi Kremlin mühafizəçisinə ötürmək istəmişdi.
Bu proses belə baş vermişdi daha ətraflı isə müəllifi olduğum “M.C.Bağırov –Siyasi portret” kitabından öyrənə bilərsiz.
Söhbəti qələmə aldı: Mahmud Əyyub
Visiontv.az