Bəşəriyyətin dünya müharibəsi ərəfəsində olduğu bir məqamda Avropa Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf üçün vacib addımlar atır. Bu isə Cənubi Qafqazdakı sabitliyin dünya təhlükəsizlik sistemi üçün kifayət qədər mühüm əhəmiyyətə malik olduğunu göstərir. Hesab edirəm ki, bu gərgin vaxtda Avropanın siyasi paytaxtı Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin görüşünün keçirilməsi həm də mühüm gözləntilərin olması baxımından reallaşıb.
Boyukmillet.com xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə qeyd edib.
O bildirib ki, rəsmi Bakının Brüssel görüşündən bir müddət əvvəl Ermənistanla sülh danışıqları üçün vacib olan 5 mühüm maddədən ibarət təklifləri səsləndirməsi üçtərəfli görüşə Prezident İlham Əliyevin qalib ölkənin rəhbəri kimi əsas söz sahibi olaraq yola düşdüyünü açıq formada büruzə verirdi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin danışıqların nəticələri barədə mətbuata verdiyi açıqlamadan da məlum olur ki, görüş konstruktiv keçib. Əslində, Nikol Paşinyan Azərbaycanın irəli sürdüyü, regionda sabitlik, təhlükəsizlik və inkişaf üçün vacib olan beş maddəlik təklifi qəbul edib. Bu baxımdan Brüssel görüşü İlham Əliyevin siyasi qələbəsinin növbəti və vacib mərhələsidir. Prezident İlham Əliyevin irəli sürdüyü sülh modeli təkcə Azərbaycan deyil, bütün region dövlətlərinin təhlükəsizliyi və inkişafı üçün açar rolunu oynayır.
“Görüşün nəticələri haqqında danışarkən qeyd etmək lazımdır ki, Azərbaycanın mövqeyinin təsdiqi olaraq sənəddə “Dağlıq Qarabağ” ifadəsinə və ya 30 illik münaqişənin həllində heç bir rol oynamayan Minsk qrupunun həmsədrlik institutuna heç bir istinad yoxdur. Bu, çox vacib amildir. Çünki vaxtilə həlli Minsk qrupuna həvalə olunmuş münaqişəni Azərbaycan məcburiyyət qarşısında qalaraq güc yolu ilə həll etdi və BMT-nin müvafiq qətnamələrinin icrasını yerinə yetirdi. İkinci məqam isə ondan ibarətdir ki, Minsk qrupu tarixdə fəaliyyətinin nəticəsi olmayan qeyri-ciddi qurum olaraq qalıb və bu qurumun sülh sazişinin hazırlanması prosesinə cəlb edilməsi mümkün deyil. 6 aprel görüşünün üçtərəfli əsasda 4 saat yarımdan artıq davam etməsi müzakirələrin detallı getdiyini göstərir. Bu görüşün nəticəsi olaraq Şarl Mişel tərəfindən verilmiş bəyanatda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanılması üçün iki ölkənin Xarici İşlər Nazirliyinə müvafiq təlimatın verilməsi bu görüşün görüntü üçün deyil, real nəticələrə hesablandığını göstərir. Azərbaycanın isə sülh müqaviləsi danışıqları ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Bu mövqe 5 maddədən ibarət təklifin qəbulu və bunun əsasında danışıqların aparılmasıdır. Sənədin əsas və vacib məqamı isə Azərbaycanın ərazi bütövlüyüdür”, – deyə Cəsarət Hüseynzadə bildirib.
QHT sədri onu da vurğulayıb ki, Avropa İttifaqının qərəzsiz mövqeyi və hər iki tərəfin bu quruma etimadının olması Brüssel formatının yeni mexanizm kimi Azərbaycanla Ermənistan arasında birbaşa danışıqları ehtiva etməsi vacib amildir. Burada xüsusilə Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları mühüm şərtdir, danışıqların bu mərhələyə çatmasında bu dialoqun əhəmiyyətli rolu var.