Artıq bir neçə gündür ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə ikitərəfli, daha sonra həm də Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla üçtərəfli görüşləri dünyanın diqqət mərkəzindədir. Səfərin təfərrüatları və danışıqların nəticələri politoloqlar tərəfindən dönə-dönə təhlil olunur. Hamı yekdil fikirdədir ki, bu səfər və səfər çərçivəsində danışıqlar, qəbul edilən qərarlar Azərbaycan diplomatiyasının və xarici siyasətinin növbəti uğurudur. Bu səfərin Ermənistan ictimai-siyasi fikrində və mühitində yaratdığı həyəcan və isterika isə işğalçı ölkənin bu danışıqlardan gözləntilərinin alt-üst olduğunun ən bariz sübutudur.
Əvvala, bu danışıqların özü Azərbaycanın uğuru sayılmalıdır. Çünki bu danışıqlarla 30 il ərzində Azərbaycanın maraqlarına zidd mövqe tutan ATƏT-in Minsk Qrupu tarixin arxivinə göndərilmiş oldu. Artıq danışıqların yeni mexanizmi və formatı dövriyyə girmişdir. Ermənistanın postmünaqişə dövrünün danışıqlarına Minsk Qrupunu cəlb etmək üçün etdiyi aramsız cəhdlər uğursuzluqla nəticələnmiş, Azərbaycan Prezidentinin bu məsələdəki qəti mövqeyi ilə hesablaşmaq məcburiyyətində qalan Qərb Minsk Qrupunu Avropa İttifaqı ilə əvəzləməli olmuşdur.
Üçtərəfli görüşün 4 saatdan artıq davam etməsi danışıqların kifayət qədər gərgin keçdiyini təsdiq edir. Lakin Azərbaycanın irəli sürdüyü beş baza prinsipi o qədər konkret, beynəlxalq hüquqa uyğun və bölgəyə dayanıqlı sülhün gətirilməsi üçün alternativsizdir ki, danışıqların həmin prinsiplər ətrafında getməsi və bu prinsiplərin həyata keçirilməsi üçün konkret mexanizmlərin yaradılması qaçılmaz idi və belə də oldu. Xarici işlər nazirlərinin birbaşa əməkdaşlıq etməsi nəzərdə tutuldu və aprel ayının sonunadək sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı komissiyanın yaradılması qərara alındı. Bunlar danışıqların ilk uğurlu nəticələridir.
Danışıqlarda kommunikasiyaların, yəni təkcə dəmir yolu xəttinin yox, həm də avtomibil yolunun açılmasının zəruruliyinin qeyd edilməsi də görüşün uğurları sırasındadır. Minaların təmizlənməsi, itikin düşən insanların taleyinə aydınlıq gətirilməsi məsələlərinin danışıqların predmetinə çevrilməsi də Azərbaycanın maraqlarına tam cavab verir.
Əlbəttə, mən o fikirdə deyiləm ki, Ermənistan tərəfi Brüssel danışıqlarında razılaşdırılmış məsələləri tam həyata keçirəcək və bu məsələlərlə razılaşmaqda tam səmimidir. Ermənistan Brüsseldə bu məsələlərlə razılaşmağa ona görə məcbur oldu ki, həmin məsələlərlə razılaşmamağın yolu yoxdur. Və heç kəs şübhə etməsin ki, Paşinyan İrəvana geri qayıtdıqdan sonra razılaşdığı məsələlərdən boyun qaçırmağın bir yolunu axtaracaq və tapacaq. Əslində, bunu Paşinyan etməyəcək, bunu burnundan uzağı görməyən erməni dar düşüncəsi edəcək, xalqını yüzillər boyu uçuruma sürükləməkdə olan dünya erməniliyi edəcək.
Sual ortaya çıxır, onda biz niyə bu görüşü Azərbaycan diplomatiyasının uğuru hesab edirik? Ona görə ki, Azərbaycan Brüsseldə özünün regiona sülh gətirmək siyasətində ardıcıl və səmimi olduğunu bir daha ortaya qoydu və dünyaya sübut etdi. Dünya gördü ki, Prezident İlham Əliyev Azərbaycan torpaqlarının işğaldan azad edilməsində nə qədər haqlı və qətiyyətli idisə, bölgəyə sülhün və əmin-amanlığın gətirilməsində, hətta Ermənistan kimi yırtıcı bir dövlətin xalqımıza qarşı etmiş olduğu bütün vəhşiliklərə rəğmən, ona əməkdaşlıq əlini uzatmaqda bir o qədər xoşniyyətli və mərhəmətlidir. Ermənistan isə hələ də bunu anlamaq və dəyərləndirmək iqtidarında deyil.
Azərbaycanın postmünaqişə dövründə qazandığı ən böyük uğur ondan ibarətdir ki, biz erməninin maskasını millimetr-millimetr cırır, onun bu maska altındakı əsl simasını, bu simanı nə qədər görmək istəməsələr belə, dünyaya göstəririk. Brüsseldə də istəyimizə tam nail olduq.
Əziz Ələkbərli
Milli Məclisin deputatı