Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycanın təmin edilən haqlı tələbi – revanşistlərin baş tutmayan avantürası

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi başlayıb. Aprelin 6-da Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə reallaşan görüş bu qənaətə gəlməyə imkan verir. Ancaq həm Ermənistanda, həm də ondan xaricdə iki dövlətin bir-birinə yaxınlaşmasına və sülh əldə etməsinə mane olanlar var.

Deməli, 2018-ci ilin aprelində Ermənistandakı hakimiyyət dəyişikiyindən sonra keçmiş iqtidarın başçıları və nümayəndələri müxalifətə keçdi. Onlar Xocalıda, Xocavəndin Qaradağlı, Kəlbəcərin Ağdaban kəndlərində və Ermənistanın vaxtilə işğal etdiyi başqa bölgələrdə azərbaycanlılara qarşı soyqırım, qətliam törədənlərdir. Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan, Serj Sarqsyan, keçmiş müdafiə naziri Seyran Ohanyan və başqaları indi Ermənistanda müxalifət adı ilə ölkənin siyasi səhnəsini zəbt ediblər. Onlar hakimiyyətdə olduqları dövrdə regionda təhlükəsizliyi təhdid etdikləri kimi, indi də müxalifət sifətində iki ölkə arasında etimad mühitinin yaranmasına və sülhə mane olurlar. Bu üçlük Qarabağda törətdikləri cinayətlərlə vətəndaşı olduqları Azərbaycana xəyanət etmişdilər. Həmin qüvvələr hazırda siyasi müxalifətliklə Ermənistanın inkişafını əngəlləyir, ona hörmət və etibar edilməsinə mane olurlar. Həmin üçlük Qarabağ məsələsindən istifadə etməklə hakimiyyətə gəlib bu kartdan yararlanmaqla uzun müddət ölkəyə rəhbərlik ediblər. Azərbaycan əsgəri Koçaryan, Sarqsyan, Ohanyan və onların başqa həmkarlarının qurduğu ordunu 44 gündə darmadağın etdi. Bununla həmin üçlüyün fəaliyyəti göstərdikləri müddətdə avantüra ilə məşğul olduqlarını və saxtakarlıqlarını isbatladı.

Bu günlərdə müxalifətdə olan həmin qüvvələr bəyan etdilər ki, Qarabağa və Ermənistanın Azərbaycanla sərhədyanı bölgələrinə səfər edəcəklər. Bölgədə müvəqqəti yerləşən Rusiya sülhməramlıları erməni deputatların regiona buraxılmaması ilə bağlı Azərbaycanın haqlı tələbini təmin ediblər. Ermənistan parlamentinin üzvləri işğaldan təmizlənən Azərbaycan ərazisinə buraxılmayıb. Bəs deputatlar bu addımı niyə indi atır? Belə görünür ki, müxalifət sayılan həmin qüvvələr Ermənistanla Azərbaycan arasında sülhün yaranmasında maraqlı deyillər. Bu davranışları ilə onların xarici qüvvələrin maraqlarına oynadıqları da istisna edilmir. Son zamanlar Azərbaycana qarşı bəzi təbliğat vasitələrinin yayılması sübut edir ki, regionda sülhün yaranmasını istəməyən xarici qüvvələr var. Deputatlar pozuculuq hərəkətləri ilə Ermənistana etimadın yaranmasına da mane olurlar. Həmin şəxslər təmsil olunduqları cəmiyyətin əməkdaşlıq və sülh tərəfdarı olan hissəsinin istəyinə qarşı çıxırlar. Bundan başqa, onların bu addımının Brüssel prosesinə qarşı yönəldiyi də istisna edilmədiyi qənaətinə gəlmək olar.

Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycanın icazəsi olmadan xarici ölkə vətəndaşları işğaldan təmizlənən bölgələrə daxil ola bilməzlər. Bir ölkənin ərazisinə giriş üçün icazənin istənilməsi hələ ki həmin şəxsin istəyinin təmin olunacağı demək deyil. Beynəlxalq qanunlara əsasən, istənilən ölkənin ərazisinə xarici vətəndaşın buraxılıb-buraxılmaması həmin dövlətin müstəsna suveren hüququdur. Buna görə də heç kim həmin dövlətdən “niyə icazə vermirsən?” – deyib izahat tələbi irəli sürə bilməz. Bu baxımdan, erməni deputatların ərazisinə daxil olması ilə bağlı icazəni Azərbaycan tərəfindən başqa heç bir dövlət verə bilməz.

Regionda müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlılar əvvəllər bu kimi addımlar atıblar. 2021-ci ilin dekabrında Fransanın İl-de-Frans regionunun prezidenti, Respublikaçılar Partiyasından ölkə prezidentliyinə namizəd olmuş Valeri Pekrezin gizli şəkildə Qarabağa səfər etməsinə onlar imkan yaratmışdı. Ötən ilin noyabrında isə Rusiya hərbçiləri regionda erməni terrorçunun fəaliyyətinin qarşısını ala bilməmişdi. Noyabrın 13-də Şuşa yaxınlığındakı Daşaltı postunda erməni terrorçu Azərbaycan və Rusiya həbçilərinə əl qumbarası atmışdı. Hadisə nəticəsində üç azərbaycanlı hərbçi yaralanmışdı. Ancaq sülhməramlılar həmin şəxsi öz qərargahlarına gətirərək sərbəst buraxmışdılar. Təbii ki, Rusiya sülhməramlılarının bu sayaq davranışı etiraza səbəb olmuşdu.

Azərbaycanın budəfəki tələbinə rusiyalı hərbçilərin əməl etməsi də müsbət hal sayıla bilər. Görünür, onlar da son zamanlar baş verənlərin fərqindədir. Rusiya nümayəndələri bu kimi məsələlərdə Azərbaycanın tələbini haqlı sayıblar. Hadisələr həm də Azərbaycanın öz torpaqları üzərində suveren hüquqlarının bərpasına sübut da sayıla bilər. Təəssüf ki, Ermənistan Xarici İşlər Nazirliyi bu tip məsələlərə hələ də real qiymət verə bilmir. Bir tərəfdən, sülh prosesindən, Türkiyə ilə sərhədlərin açılmasından danışan, bunların vacibliyini vurğulayan Ermənistan hakimiyyəti, digər tərəfdən, deputatların timsalında öz vətəndaşlarının regionda pozuculuq fəaliyyətinə haqq qazandırır.

Nəhayət, Xocalı soyqırımını törədənlərdən bir olmuş Ohanyanın və onun kimilərin işğaldan təmizlənən ərazilərə buraxılmaması Azərbaycanın bütün əraziyə nəzarət etdiyini təsdiqləyir. Beləliklə, revanşistlərin avantürası baş tutmadı.

Sədrəddin Sultan

Check Also

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 198 terrorçunu öldürüb

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 198 terrorçunu öldürüb. Boyukmillet.com xəbər verir ki, məlumatı Türkiyənin …