“Xəzər regionu enerji təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir”.
Boyukmillet.com xəbər verir ki, bunu ABŞ-ın Energetika Resursları Bürosu katibinin köməkçisinin müavini Laura Lokman Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransda bildirib.
O, Cənub Qaz Dəhlizinin (SGC) Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyətini vurğulayıb.
L.Lokman eyni zamanda, “yaşıl enerji”yə keçidin vacibliyini vurğulayıb: “Biz karbohidrogen xammalından asılılığın azaldılması istiqamətində görülən tədbirlərdə Avropa İttifaqını dəstəkləyirik. Azərbaycan da “yaşıl enerji”yə keçidə istiqamətlənib”.
L.Lokman Xəzər dənizində külək enerjisinin inkişafı üçün geniş imkanların olduğunu söyləyib.
Xatırladaq ki, Xəzər dənizinin külək enerjisi potensialı 157 QVt səviyyəsində qiymətləndirilir.
Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr qaz təşkil edir.
TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud – 14,4 milyard kubmetrə qədər, qismən – 17,1 milyard kubmetrə qədər və tam – ildə 20 milyard kubmetrə qədər.
Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb. Cari ilin may ayınadək Azərbaycan TAP vasitəsi ilə Avropaya 12 milyard kubmetrdən çox təbii qaz nəql edilib.