Cümə , 22 Noyabr 2024
Drone Cameras

Vannia Qava: “Cənub Qaz Dəhlizi İtaliya və Avropa üçün son dərəcə əhəmiyyətlidir”

“Cənub Qaz Dəhlizi (SGC) İtaliya və Avropa üçün son dərəcə əhəmiyyətlidir”.

Boyukmillet.com xəbər verir ki, bunu İtaliyanın ekoloji keçid məsələləri üzrə nazir müavini Vannia Qava Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, hazırda İtaliya enerji, xüsusilə də qaz daşımalarının şaxələndirilməsi üzərində işləyir.

V.Qava Trans-Adriatik Qaz Kəmərinin (TAP) vacibliyini vurğulayıb.

O, bu kəmər vasitəsilə ötürülən təbii qaz həcminin 7,2 milyard kubmetrədək artırıldığını xatırladıb: “Hazırda TAP kəməri vasitəsilə ötürülən təbii qaz həcminin 20 milyard kubmetrədək artırılmasını nəzərdə tutan ikinci mərhələyə doğru irəliləyirik”.

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr qaz təşkil edir.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün ssenarini nəzərdən keçirir: məhdud – 14,4 milyard kubmetrə qədər, qismən – 17,1 milyard kubmetrə qədər və tam – ildə 20 milyard kubmetrə qədər.

Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb. Cari ilin may ayınadək Azərbaycan TAP vasitəsi ilə Avropaya 12 milyard kubmetrdən çox, o cümlədən İtaliyaya 10 milyard kubmetrdən çox təbii qaz nəql edilib.

Check Also

Naxçıvanda Energetiklər Günü qeyd olunub

Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətində “20 oktyabr – Energetiklər Günü” münasibətilə tədbir keçirilib. Boyukmillet.com …