BMT-nin 2022-ci il üçün hazırlanmış “Dayanıqlı İnkişaf Hesabatı”nda Azərbaycan ötən illə müqayisədə 5 pillə irəliləyərək mümkün 100 baldan 73,5 toplayıb.
Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Rəşad Hüseynov bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan dünyanın 163 ölkəsi arasında “Davamlı inkişaf məqsədləri İndeksi” (DİM) üzrə 50-ci yerdə qərarlaşıb: “Bu göstəriciyə görə respublikamız Cənubi Qafqaz regionunda (Gürcüstan 51-ci yer, Ermənistan 66-cı yer) liderdir və dünya üzrə hər üç ölkədən ikisini geridə qoyur. Müqayisə üçün demək olar ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda bu indeks üzrə orta göstərici 71,6-dır ki, bu da Azərbaycanın göstəricindən aşağıdır”.
R.Hüseynov vurğulayıb ki, hesabatda ölkəmiz yaxşı səhiyyə və rifah, keyfiyyətli təhsil, yoxsulluğa son, təmiz su və sanitariya, davamlı şəhərlər və icmalar, məsuliyyətli istehsal və istehlak, iqlim dəyişikliyinə qarşı mübarizə və torpaq ekosisteminin mühafizəsi məqsədləri üçün tərəfdaşlıq kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişə nail olub: “Hesabatda müəyyən edilmiş altməqsədlərə gəldikdə isə, qiymətləndirilən 83 məqsəddən 35-də irəliləyiş əldə edilib (qismən və ya nəzərəcarpacaq), 7-si üzrə isə DİM məqsədlərinə çatılıb.
Hər bir ölkənin fəaliyyəti digər ölkələrin DİM-lərə nail olmaq imkanlarına müsbət və ya mənfi təsir göstərə bilər. Bu təsirləri müəyyən etmək üçün hesabatda eyni zamanda “yayılma və ya təsir indeksi” də hesablanır ki, bu da üç istiqamət üzrə qiymətləndirilir: ekoloji və sosial təsirlərin beynəlxalq ticarətdə təcəssümü, iqtisadiyyat və maliyyə, təhlükəsizlik. Bu qiymətləndirmə üzrə Azərbaycanın göstəricisi 97,3 olub ki, bu da ölkəmizin digər ölkələrin DİM-lərə nail olmaları istiqamətində daha çox müsbət və daha az mənfi təsirlərə səbəb olduğunu göstərir”.
Qeyd olunub ki, BMT-nin illik açıqlanan “Dayanıqlı İnkişaf Hesabatı” hər bir ölkənin 2030-cu ilədək müəyyən edilmiş dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün hansı mövqedə olduğunu qiymətləndirmək üçün aparılır. Hesabat Dayanıqlı İnkişaf üzrə 2030-cu il gündəliyində nəzərdə tutulmuş 17 ümumbəşəri inkişaf məqsədlərini əhatə etməklə hazırlanır.