Cümə , 22 Noyabr 2024
Drone Cameras

Regionlarda silsilə antidopinq maarifləndirmə tədbirləri keçirilir

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 5 rayonu əhatə edən antidopinq maarifləndirmə tədbirləri həyata keçirib.

Boyukmillet.com xəbər verir ki, tədbir “Dəyərlərə əsaslanan antidopinq maarifləndirmə proqramı” əsasında gerçəkləşib.

Budəfəki təlimlər Təhsil Nazirliyi və AMADA-nın birgə təşkilatçılığı ilə Gəncə, Yevlax, Göygöl, Şəmkir və Tovuz Şəhərlərində Təhsil Nazirliyinin tabeliyindəki idman məktəblərində baş tutub.

Hər bir rayonda antidopinq təlimləri idmançıların böyük marağına səbəb olub. Tədbirlərə ümumilikdə 18 idman növünü təmsil edən təxminən 500 idmançı, müəllim, məşqçi, həkim və idman məktəblərinin rəhbərliyi qatılıb.

Təlimlərdə iştirakçılara təməl antidopinq bilikləri – dopinq anlayışı, antidopinq qayda pozuntuları, dopinq testi və təmiz idman dəyərləri haqqında geniş məlumat verilib, bundan bəhs edən videoçarxlar nümayiş etdirilib. Azyaşlı, yeniyetmə və gənc idmançılarla maraqlı interaktiv sorğular və testlər keçirilib. Təlimlərdə xüsusi ilə seçilən idmançılara AMADA tərəfindən müxtəlif hədiyyələr təqdim edilib.

Təlimlərdə narkotiklərlə mübarizə mövzusu xüsusi yer tutub. İdmançılara narkotiklərin zərərləri, onun törətdiyi fəsadları haqqında məlumatlar verilib, narkotik və digər zərərli vərdişlərdən uzaq durmaq, sağlam həyat tərzinə malik olmaq üçün idmanın əhəmiyyəti vurğulanıb.

AMADA “Dəyərlərə əsaslanan antidopinq maarifləndirmə proqramı” üzrə silsilə tədbirlərini davam etdirəcək və təlimlər digər regionları da əhatə edəcək.

Check Also

Respublika Şahmat Mərkəzinə direktor təyin edilib

Respublika Şahmat Mərkəzinə direktor təyin edilib. “Report” xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbovun …