Bazar , 24 Noyabr 2024
Drone Cameras

Elman Rüstəmov üçün çox çətin maliyyə dövrü başlayır…

Artan valyutanın manatı bahalaşdırmaq təhlükəsi gücləndikcə baş bankir daha mürəkkəb duruma düşür

Gələn ildən başlyaraq Azərbaycana daxil olan xarici valyuta kütləsinin daha da artması gözlənir. Bunun əsas səbəblərindən biri gələn ildən başlayaraq Azərbaycan qazının Avropa bazarlarına çıxmasıdır. İlkin mərhələdə Avropaya 10 milyard kubmetr həcmində Azərbaycan qazının çıxması gözlənir. Daha sonra isə bu həcm 31 milyard kubmetrə qədər artacaq. Bu isə o deməkdir ki, neftlə yanaşı, təbii qaz da Azərbaycana böyük miqdarda valyuta gətirəcək.

Digər tərəfdən, qeyri-neft sektoru üzrə ixrac həcminin artması ilə turizm, Azərbaycanın ölkə xaricində həyata keçirdiyi çoxsaylı layihələr də valyuta gətirən əsas sahələr sırasında yer almağa başlayıb. Məhz bu durum Azərbaycanın maliyyə sektoruna getdikcə daha çox təsir göstərməyə başlayır. Belə ki, yaranmış vəziyyətdə manatın möhkəmlənməsinə yönəlik təzyiqlər sürətlə artır. Məhz bu səbəbdən indilikdə Mərkəzi Bankın müdaxiləsi olmasa, manat asanlıqla möhkəmlənə, hətta 1 dollar ilk mərhələdə 1,5 manata kimi ucuzlaşardı. Hələlik ölkənin baş bankı prosesin qarşısını almağa çalışır. Amma ölkəyə daxil olan valyuta həcminin artımı fonunda bunu etmək getdikcə çətinləşir. Ona görə hesab edilir ki, qarşıdakı dövr ərzində manatın müəyyən qədər möhkəmlənməsi qaçılmaz olacaq. İndilikdə isə prosesin qarşısını yalnız Mərkəzi bankın müdaxiləsi alır. Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov da etiarf edir. Onun sözlərinə görə, ilin əvvəlindən Dövlət Neft Fondunun 800 milyon manatlıq satılmayan vəsaiti var. Bu vəsait bazara çıxmır, həmin vəsait bazara çıxsaydı, bu gün manatın məzənnəsi çox əhəmiyyətli dərəcədə möhkəmlənmiş olardı: “Hazırda manat möhkəmlənmə təhlükəsi ilə üzbəüzdür. Amma biz manatın bahalaşmasını istəmirik. Bunun təkcə müsbət deyil, həm də mənfi tərəfləri var”

Sədr bildirib ki, xarici balans və fiskal sistemdən gələn bu təklif manatın əhəmiyyətli məzənnəsini tələb edir: “Stabil valyuta, çox aşağı inflyasiya səviyyəsi, bütövlükdə ehtiyatlarla təmin olunma, aşağı dövlət borcu – bütün bunlar imkan verir ki, yaxın zamanda investisiya reytinqlərini ala bilək. Bu istiqamətlərdə işlərimizi davam etdirməliyik. Bir neçə faktor var ki, onları gücləndirməliyik. Manatın möhkəmlənməsinin isə müsbət və mənfi cəhətləri var. Bu gün sabit məzənnə rejimindəyik. Hazırda inflyasiyanın hədəflənməsi rejiminə keçmək və gələcəkdə manatın üzən tənzimlənməyə keçməsi istiqamətində proqram üzərində çalışırıq”. Qeyd edək ki, məhz gələn ildən manatın üzən tənzimlənmə rejimində idarə olunması gözlənir. Elə bu dövrdən başlayaraq manatın  möhkəmlənməsi qaçılmaz sayılır. İndilikdə isə Mərkəzi Bankın manatın möhkəmlənməsinin qarşısını alması bir sıra səbəblərlə bağlıdır. Belə ki, hazırda manatın möhkəmlənməsi qeyri-neft ixracatı və iqtisadiyyatın diversifikasiyası baxımdan arzuolunan deyil. Bu fonda mövcud məzənnəni qoruyub saxlamaq məqsədəuyğun sayılır. Baş bank üçün mövcud məzənnəni qoruyub saxlamağın daha prioritet olduğu hiss edilir. Bu, bir tərəfdən Azərbaycan qeyri-neft məhsullarının rəqabətqabiliyyətliliyinin qorunub saxlanmasına gətirib çıxarar, digər tərəfdən isə ixrac həcmini artırar. Onu da nəzərə almaq lazımdır ki, manat möhkəmləndikcə, Neft Fondundan büdcəyə dollar transfertlərinin həcmi artır. Çünki Neft Fondu büdcəyə transfertləri manatla etməlidir. Manat nə qədər ucuz olursa, buna az dollar sərf olunur. Manat möhkəmləndikcə daha çox dollar realizasiya edilir. Ona görə də Mərkəzi Bank da, hökumət də manatın ciddi şəkildə möhkəmlənməsində maraqlı deyil. Amma gələn ildən manatın tədricən möhkəmlənməyə başlaması qaçılmaz sayılır. Çünki artıq hökumət üzən məzənnə rejiminə keçid edir. Bu fonda, ekspertlərə görə,  manatın ciddi möhkəmlənməsinin şahidi olacağıq. Eyni zamanda nəzərə almaq lazımdır ki, bu ilin sonundan ABŞ valyutasının ucuzlaşma prosesi başlanır. Artıq ABŞ hökuməti dolları ucuzlaşdırmaq hazırlığına başlayıb. “JP Morgan” bankının hesablamalarına görə, dolların dünya üzrə zəifləməsi bu ilin sonunda başlayacaq və Federal Ehtiyat Sistemi bu tendensiyanın qarşısını ala bilməyəcək. Hesab edilir ki, gələn ilin ikinci yarısınadək dolların köklü şəkildə zəifləməsinin şahidi olmaq olar. Təbii ki, bütün bunlar manatıqn da məzənnəsinə öz təsirini göstərəcək. Belə vəziyyətdə Azərbaycanın maliyyə sahəsində atacağı addımlardan biri isə qızıl ehtiyatlarını artması olacaq. Ölkə həm xaricdən qızıl alışını davam etdirəcək, həm də daxildə istehsal edilən qızılı yığıma yönəldəcək. Xatırladaq ki, hazırda əksər dövlətlər məhz bu istiqamətdə addım atır və bu da qızılı bahalaşdırır. Ölkənin qızıl ehtiyatlarının mövcudluğunu və qızıl yataqlarından “sarı metal”ın hasilatını nəzərə alanda, dünya bazarında qızılın qiymətinin qalxması Azərbaycan üçün müsbət tendensiyadır. Cari ildə isə Azərbaycanda qızıl hasilatında artım müşahidə edilir. 2019-cu ilin yanvar-may aylarının yekunlarına görə, 1,395 ton qızıl hasil olunub ki, bu da, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin analoji dövrü ilə müqayisədə 9,8% çoxdur. 2018-ci ilin yekunlarına görə, Azərbaycanda qızıl hasilatı 4238,6 kiloqrama çatıb. Bu il hasilatın daha yüksək olması gözlənir. Hasil eilən qızıl Dövlət Neft Fondu ilə yanaşı, həm də mərkəzi Bankın ehtiyatlarında cəmləşir. Qızılın etibarlı maliyyə aktivinə çevrilməsi prosesi dünyanın siyasi qeyri-sabitliyi dövründə və ya qlobal iqtisadi böhranın fonunda baş verir. Son illərdə bir çox ölkələr valyuta ehtiyatlarında dollar aktivlərinin payını azaldaraq qızılın payını sürətlə artırır. Azərbaycanın da onların sırasında yer alması qaçılmaz sayılır.

Check Also

SOCAR Türkiyədəki təbii qaz paylama biznesini satmağa çalışır

Bunun üçün danışıqlara başlanıldığı bildirilir SOCAR Türkiyədəki təbii qaz paylayıcı biznesini satmaq üçün danışıqlar aparır.Qurumun …