Cümə , 22 Noyabr 2024
Drone Cameras

Əliyev nə dedi, Paşinyan nə dedi, kimin dediyi olur və olacaq… Paşinyanın mesajına uyan ermənilərə sözümüz… – Aydın QULİYEV yazır…

Ermənilərin Laçından və onun kəndlərindən çıxaraq Xankəndiyə tərəf çəkilmiş yeni yoldan istifadəyə başlamaları üçün son müddət kimi verilimiş 1 sentyabr yaxınlaşdıqca 10 noyabr anlaşmasından sonra baş vermiş bir sıra hadisələri yenidən təhlil etməyə ehtiyac yaranır.

O mənada ki, Azərbaycan nə demişdi, Ermənistan nə reaksiya vermişdi, kim nəyi necə başa düşüb qələmə vermişdi, sonda nə baş verdi, kim haqlı, kim haqsız oldu… Təbii ki, hər şey barədə danışmaq bir yazıda mümkün olmadığı üçün bəzi nüansları qeyd etməli olacağıq.

1. 10 noyabrdan dərhal sonra bizim Prezidentimiz dedi ki, indi davamlı bölgə sülhü naminə sərhədlərin müəyyənləşməsi və sülh sazişinin imzalanması üçün danışıqlara başlamalıyıq. Bu, Ermənistanın xoşuna gəlmədi. Çünki müharibədən sonrakı gündəmin ən dəqiq məsələsini siyasi ritorikaya gətirməkdə Ermənistan gecikmişdi, Azərbaycan təşəbbüsü yenə öz əlində saxlamışdı. Paşinyan müharibədən sonra siyasi gündəmi müəyyən etmək təşəbbüslərindən Əliyevə uduzduğunu guya pərdələmək üçün belə bəyanat verdi – Azərbaycan sülh sazişi təklifini monopoliyaya ala bilməz, belə təşəbbüslərlə biz də çıxış edə bilərik və sair. O gördü ki, Əliyevin təşəbbüsü diplomatik və siyasi leksikona çox yatımlı olduğu üçün əksəriyyət onu qəbul və müzakirə etməyə meylli olacaq. Həqiqətən də hər kəs qəbul etdi ki, əgər müharibə bitibsə, bundan sonrakı mərhələdə sərhədlərə və sülh sazişinə baxmaq lazımdır. Beləliklə, çoxsaylı qüvvələr

sərhəd və saziş ritorikasına üstünlük verdiyinə görə, Paşinyan əks mövqe tuta bilmədi, “ayağını sürüyə-sürüyə” olsa da sərhəd və saziş danışıqlarına getməli oldu. Demək, Azərbaycanın dediyi oldu…

2. Prezident Əliyev müharibədən elə dərhal sonra “status olmayacaq” bəyanatını səsləndirəndə Ermənistan rəhbərliyi öncə Qarabağın Azərbaycanın tərkibində qalmasının mümkünsüzlüyü kimi ifrat mövqe göstərsə də az sonra geri çəkildi və “xaricdə dostlarımız status məsələsində bir az geri çəkilməyi tövsiyə edirlər” kimi nisbətən yumşaq mövqeyə qayıtdı. Bildirdi ki, Dağlıq Qarabağ bizim üçün ərazi yox, hüquq məsələsidir, yəni Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsidir. Daha doğrusu, Ermənistan bir vaxtlar Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə status mövqeyindən baxırdısa, bu gün əksinə, status məsələsinə ermənilərin hüquq və təhlükəsizliyinin təminat mövqeyindən baxır. Yəni ermənilərin məntiqi ilə bunun mənası odur ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyə təminat verən istənilən vəziyyət məqbul ola bilər…

3. Azərbaycan Prezidenti minalanmış ərazilərin xəritələrinin verilməsini aktual mövzu olaraq önə çəkəndə Ermənistan tərəfinin ilkin reaksiyasının nədən ibarət olduğunu yəqin xatırlayırsınız. Əvvəlcə sükut, ardınca “xəritə yoxdur” kimi inkarçı mövqe… Daha sonra isə yalnız 25 fazi dəqiq olan xəitələr verməyə məcbur oldu. Demək, yenə Azərbaycan deyən oldu, mina xəritələrinin onlarda olduğu etiraf edildi…

4. Mayın 22-də Brüsseldə İlham Əliyev və Mişellə görüşdən qayıdandan sonra Paşinyan bəyan etdi ki, Azərbaycanla danışıqların iki variantını nəzərdən keçiririk. Ya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bərabər Dağlıq Qarabağ məsələsini də müzakirə etmək, ya da Dağlıq Qarabağ məsələsini ayrıca müzakirə etmək. Açıq dedi ki, biz Azərbaycandan fərqli olaraq Dağlıq Qarabağ münaqişəsini həll olunmuş hesab etmirik. Paşinyanın özünün nə qədər ümidli-ümidsiz olduğunu demək çətin olsa da, ətrafına ümid verməyə çalışdığı şübhəsizdir. O ümid verir ki, Dağlıq Qarabağ məsələsi guya ayrıca müzakirə olunacaq və bu mövzunun Azərbaycan-Ermənistan normallaşması ilə bağlılığı yoxdur. Paşinyanın öz auditoriyasına bu həssas mesajları ötürmək taktikası cavabsız qala bilməzdi və Prezident Əliyev bu günlərdə Paşinyanın taktikasını kəsən birmənalı və aydın platforma çıxardı. “Ermənistanla normallaşma çərçivəsində Dağlıq Qarabağ mövzusu yoxdur, heç bir status, müstəqillik, xüsusi imtiyaz olmayacaq. Hüquq və təhlükəsizlik istəyirlər, bu elə bizim də məsələmizdir, həll yolu isə Azərbaycan vətəndaşlığını qəbul etməkdir”. Azərbaycan Prezidentinin Paşinyana və bütün Ermənistana qarşı ortaya qoyduğu dəmir məntiq budur ki, nə indi, nə də heç vaxt ayrıca Dağlıq Qarabağ mövzusu müzakirə edilməyəcək, çünki bu adda münaqişə artıq yoxdur,  Ermənistanla normallaşma prosesi Dağlıq Qarabağ mövzusunun bitmiş hesab edilməsi şərtində getməlidir və gedəcək.

Bütün bunlardan sonra yekun olaraq onu deyək ki, əgər erməni cəmiyyətinin hansısa hissəsi Paşinyanın nə vaxtsa Dağlıq Qarabağın ayrıca müzakirə olunacağı barədə mesajının təsirinə uyublarsa, oyansınlar və Azərbaycan Prezidentinin bu günlərdə yuxarıda iqtibas etdiyim fikirlərini özləri üçün ən real gələcəyə yönəlik “Yol xəritəsi” kimi qəbul etsinlər…

Aydın QULİYEV

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …