Bugünlərdə Şuşada keçirilən növbəti beynəlxalq konfransa dəvət edilən ABŞ və Fransanın ölkəmizdəki səfirləri yenə həmin şəhərə səfərdən imtina etdi.
İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları, şəhərsalma potensialının istifadə edilməsi, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunan konfransda ABŞ və Fransa səfirlərinin iştirak etməməsi diqqət çəkir. Belə ki, Azərbaycan tərəfindən hər iki ölkənin diplomatlarına Şuşaya səfərlə bağlı dəvət göndərilsə də, onlar heç bir səbəb göstərmədən konfransda iştirakdan imtina ediblər.
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Fransa və ABŞ-ın Azərbaycandakı səfirləri Şuşada təşkil edilən səfərdə iştirak etməyiblər.
H.Hacıyevin sözlərinə görə, ABŞ və Fransa səfirləri Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər. Prezidentin köməkçisi qeyd edib: “Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Fransa və ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi 30 il ərzində münaqişənin həllinə töhfə verməyiblər. Onlar 30 il Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər”.
Səfirlərin bu hərəkətinə cəmiyyətin müxtəlif kəsimi tərəfindən çox ciddi etirazlar bildirildi.
Maraqlıdır ki, ABŞ və Fransada olan diaspor təşkilatlarımızın bu məsələdə ciddi etirazıarı nəzərə çarpmadı. Azərbaycan dövlətinin ayırdığı qrantlardan çox geniş şəkildə bəhrələnən həmin ölkələrdəki diasporumuzun susqun mövqeyi nə ilə izah edilə bilər?
İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin ( İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə bir hadisə bu yaxınlarda Londonda da başına gəlib: “Həmin şəhərdə ölkəmizin səfirliyinə bir qrup dindarın hücumu zamanı biz diasporumuzu orada görmədik. Azərbaycan diasporu elə təşkilatlanmalıydı ki, belə fövqəladə vəziyyətlərdə operativ mövqeyini ortaya qoysun. ABŞ və Fransa səfirlərinin bir daha Şuşa səfərindən imtinası ciddi məsələdir. Təbiidir ki, onların iştirakı olmadan da tədbir alındı. Dünya siyasətinin müəyyənləşməsində hər iki ölkənin yeri var. Bizim həmin ölkədə olan diaspor təşkilatlarımız ən çox qrant alanlardı. Bunu da onunla əsaslandırırlar ki, həmin ölkələrdə güclü erməni diasporu var. Ancaq bunlardan heç bir etiraz bəyanatı görmədik.
Onlar həmin ölkələrin xarici siyasətinə məsul olan dövlət binalarının qarşısında etiraz aksiyası keçirə bilərdilər. Həmin ölkələrin media qurumları, sosial şəbəkə seqmentlərinfə çıxışlar edə bilərlər. Bəs bu qədər Koordinasiya Şuraları nəyə görə yaradılırdı? Həmin şuralara təyin olunan adamlarının böyük əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Onlar ciblərində fəaliyyət göstərdikləri ölkələrin pasportunu daşımırlar. Bizim vətəndaşımız olan şəxs gedib Fransada həmin ölkənin hökümətindən nə tələb edə bilər? Çox təəssüflər olsun ki, biz bütün Avropadakı diasporumuzdan bir etiraz görmədik. Bir çox Azərbaycan Evlərini yeyib-içmək məkanına çeviriblər. Azərbaycan mətbəxtini nümayiş etdirmək adı ilə həmin binalarda içki məclisləri təşkil edirlər. Bizə bu cür fəaliyyət lazım deyil. İllərdir ki, Azərbaycan həmin diasporlara pul qoyur, hanı nəticə?”
Məhəmmədəli QƏRİBLİ