Qarabağ mövzusu Azərbaycan ədəbiyyatında həmişə geniş mənada Vətən mövzusunun atributlarından biri kimi qəbul edilmişdir. Dağlıq Qarabağ münaqişəsi yaranana qədər Qarabağ motivi Azərbaycan ədəbiyyatının poetik qanadının ilham pərisi funksiyasını yerinə yetirmişdir.
Lakin Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin meydana çıxması və bədnam ermənilərin havadarlarının gücü ilə Azərbaycanın bu qədim torpaqlarını işğal etməsi ilə Qarabağ mövzusundakı nikbin notlar bədbinlik, məyusluq cizgiləri ilə əvəz olunmuşdur. Hərbi-siyasi hadisələrin təsiri ilə tədricən Qarabağ mövzusundan vətənpərvərlik, mübarizlik, döyüş səsləri də eşidilmişdir.
Azərbaycan xalqının Dağlıq Qarabağın işğaldan azad edilməsi uğrunda səfərbər olmağa hazırlanmasında bu ədəbiyyat mühüm rol oynamışdır. 44 günlük Zəfər savaşından sonra Qarabağ-Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Zəfərin ədəbiyyatımızda genişhəcmli əsərlərdə bədii cəhətdən əks etdirilməsi prosesi başlanmışdır.
Xalq şairi Sabir Rüstəmxanlının Qələbədən dərhal sonra, Zəfərin isti izləri ilə yazılmış “Qarabağa dönüş” poeması ədəbiyyatda Qarabağ mövzusunda yaranan əsərlərdə itirilmiş torpaqlarımızın qaytarılması, işğaldan azad edilməsi uğrunda mübarizə mövzusundan tarixi Zəfərin bədii cəhətdən dərk və şərh olunması mövzusuna dönüşün başlanma zərurətini meydana qoymuşdur. Eyni zamanda, Sabir Rüstəmxanlının “Qarabağa dönüş” poeması ilə Vətən müharibəsi mövzusunda kiçik janrlardan geniş həcmə malik bədii əsərlərə dönüşün də ilk uğurlu anonsu verilmişdir.
Zəfər savaşçının poetik qəhrəmanlıq dastanına çevrilən bu əsərin misraları arasında Azərbaycan əsgərinin heyrətamiz şücaəti tarixi şəxsiyyətlərlə birgə təsvir olunur və sanki tarixlə müasirliyin vəhdəti Şuşanı işğaldan azad edən orduya güc verir.
Azərbaycan xalqının milli Qələbəsinin qısa bir zamanda poetik dastan kimi təqdim edildiyi “Qarabağa Dönüş” poeması tək Azərbaycanda deyil Türkiyə Cumhuriyyətinin ədəbi mühitində də oxucu auditoriyası qazanmışdır.
Türkiyənin tanınmış yazarı, Azərbaycan və Avrasiya Yazarlar Birliyinin, Dünya Gənc Türk Yazarlar birliyinin üzvü İmdat Avşarın tərcüməsində qardaş ölkədə dərc olunan “Qarabağa Dönüş” poeması türk oxucular tərəfindən də böyük maraqla qarşılanmışdır və “Türk Ədəbiyyatı” aylıq dərgisində tərcümədən bir parçaya yer ayrılmışdır.