Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Oxu.az-dan peşəkar tərcüməçiyə hörmətsizlik- “Xalqı və rəhbərlərinizi aldatmayın”

Mən heç kəslə konflikt, dava-dalaş istəmirəm. Açığı bundan yorulmuşam da. Ancaq insaf da dinin yarısıdır axı. Elə şeylər var, onlara heç cür göz yummaq olmur və susduqca adamın üstünə gəlirlər.

İş axtarmağımla bağlı elan yazdığımı bilirsiniz. Dostlar sağ olsun, paylaşdılar, hər yerə xəbər yaydılar və mənə dedilər ki, Oxu.az saytı tərcüməçi axtarır. Getdim saytın redaksiyasına. Dedilər ki, kompüterlərdən birinin arxasına oturun, fb profilinizə, yaxud mail ünvanınıza bir mətn göndərək, tərcümə edin və sizi yoxlayaq.

Doğrusu, kiminsə məni yoxlaması, test etməsi xoşuma gəlmir. Çünki mən özümü tərcümə sahəsində təsdiqləmiş adamam və yeri gəlsə, bu ölkədə bu sahəni yoxlamağa, bu sahədə imtahan keçirməyə ən çox haqqı olanlardan biri də elə mənəm.

Amma əlahəzrət reallıq başqa şeylər diqtə edir. Mən işsizəm, bunlara da tərcüməçi lazımdır. Odur ki, qaydaları da özləri qoyurlar…

Fb və mail parollarımı əzbər bilmədiyim üçün dedim ki, burada onlara daxil olmaq imkanım yoxdur. Razılaşdıq ki, yazını tərcümə etmək üçün mənə evə göndərsinlər.

Vaxt itkisi olmasın deyə, elə oradan bir taksiyə minib Hövsana gəldim. Evə çatan kimi tez kompüterin arxasına keçib, tərcüməyə başladım. Ayağa qalxmadan, suyumu-çayımı işləyə-işləyə içərək, düz 3 saat yarım işlədim. 10 min kompüter işarəsinə yaxın mətni tərcümə və redaktə edib göndərdim.

Onu da bildirim ki, əgər vaxt qıtlığı olmasaydı, yəni sürətlə işləmək tələb olunmasaydı, işim daha keyfiyyətli alınardı. Ancaq belə də pis deyildi və qəbul olunacağına, demək olar ki, şübhəm yox idi.

Mətni qəbul edən oğlan mənə “təşəkkür edirəm” yazdı və ondan sonra heç bir xəbər gəlmədi…

Səhərisi, yəni bu gün səhər maraq üçün Oxu.az saytına baxanda mənə verilən mətnin artıq dərc olunduğunu görüb sevindim. Amma başlıq fərqli idi, həm də eybəcərləşmişdi. Elə bildim. onu redaktor bu hala salıb. Fikirləşdim ki, eybi yox əşi, indi bizim mediada belə hallar adiləşib.

Başladım oxumağa və nə görsəm yaxşıdır. Bu mətn qətiyyən mənə aid deyil və bərbad gündədir.

Mən öz mətnimin ideal olduğunu iddia etmirəm, ola bilər ki, informasiya azlığı, yaxud yoxluğu səbəbindən mənim də tərcüməmdə hansısa yanlışlıq olsun. Çünki tərcüməçi gərək həm də çevirdiyi mətnin ümumi məzmunundan, mətnlə bağlı digər mətləblərdən xəbərdar olsun. Yoxsa sözlər onu aldada bilər. Operativ tərcümədə bəzən bunları tutmaq olmur.

Fəqət tərcümədə Azərbaycan dili ilə bağlı problem olmamalıdır. Bu mətn isə, demək olar ki, tamamilə şikəstdir.

Siz bir başlığa baxın:

“HİYLƏGƏR POPULİST PAŞİNYANIN QURDUĞU TEATRIN PƏRDƏARXASI”

Axı “teatr qurmaq” nə deməkdir? Məgər azərbaycan dilində belə ifadə var?

Rusca başlıq belədir:

“За кулисами театра лукавого популиста Пашиняна”

Mən də bunu belə tərcümə etmişəm:

“SƏHNƏ ARXASINDAKI HİYLƏGƏR VƏ POPULİST PAŞİNYAN”

Əlbəttə, sətri tərcümə “teatrın səhnə arxasındakı” şəklində olmalıdır, amma söhbət səhnə arxasından gedirsə, burada “teatr” sözünə ehtiyac qalmır.

Məqalə belə başlayır:

“Sən öz xalq teatrında oynayıb başına oyun açdın. Sənin yanına müstəntiq gəlmişdi”.

Bu nə cümlədir, siz Allah! “Oynayıb başına oyun açdın” nədir? Belə azərbaycan dili olar? “Yanına müstəntiq gəlmişdi” nə deməkdir? Xəstənin, aşnanın yanına gələrlər, cinayətkarı isə axtararlar.

Ruscası belədir: “«Ты доигрался в своем народном театре. К тебе заходил следователь».

Mən də belə tərcümə etmişəm: ““Sən öz xalq teatrında çox atılıb-düşdün. Səni müstəntiq axtarırdı”.

“Özünü avtomobildən gözlə” («Берегись автомобиля») filmindən götürülmüş bu sitat avtomobil oğrusuna ünvanlanıb. Oğrunu isə axtarırlar, onun yanına yalnız tutulandan sonra gəlirlər.

Oxu.az-ın tərcüməçisi filmin adını da çox “savadlı” tərcümə edib: “Avtomobildən qorun”. Siz nə vaxtsa Azərbaycanda kiminsə kiməsə “avtomobildən qorun” dediyini eşitmisiniz? Amma Oxu. az saytının tərcüməçisi və redaktorları eşidiblər…

Bu misalları ona görə gətirdim ki, Oxu.az saytının dərc etdiyi və dərcindən imtina etdiyi mətnlərin keyfiyyətini özünüz dəyərləndirəsiniz.

Məqalə ilə tam şəkildə tanış olmaq istəyənlər şərh yerinə baxa bilərlər. Linki qoyacağam.

Başqa bir məsələ – bu qədər zəhmətdən sonra mənə heç bir cavab verilməməsidir. Mən doğrusu belə bir nəzakətsiz, mədəniyyətsiz davranış gözləmirdim. Qabiliyyət və savadlarını qoyuram bir kənara, bu tip sayğısız adamlarla işləyə biləcəyimi zənn etmirəm.

Yazını yazmaqda məqsədim mənə qarşı edilən haqsızlığı və sayğısızlığı nəzərə çatdırmaqla yanaşı, həm Azərbaycanda mətbuatın hansı səviyyədə olduğunu göstərməkdir. Bir də ola bilsin ki, sayt rəhbərliyinin, ona yardım edənlərin bu məsələlərdən xəbərləri yoxdur. İstərdim ki, vəziyyətdən agah olsunlar…

Eyni zamanda, həyatdan yeni bir dərs də aldım. Gərək onların şərtini əvvəlcədən qəbul etməyəydim. Reallıq nə olursa-olsun…

Sonda bir məsələni də qeyd etmək istərdim. Əgər işə yalnız öz savadsız qohum-əqrəbalarınızı, dost-tanışlarınızı götürürsünüzsə, yalandan elan verib, gözə kül üfürməyin, xalqı və rəhbərlərinizi aldatmayın. Mənim kimi insanları incitməyin. Ən azından günahdır. Allaha inanın, O var və çoxlarını cəzalandırıb!

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …