Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəlli:”Rusiyanın istənilən qonşu ölkədə kifayət qədər agentura şəbəkəsi var. “

 “Hazırda Risiyanın xüsusi xidmət orqanlarının fəaliyyətinə daha çox ölkənin daxilində ehtiyac var, nəinki xaricdə”

Rusiya prezidenti Vladimir Putinin ölkədə qismən səfərbərlik elan etməsi əhali tərəfindən heç də birmənalı qarşılanmayıb. Vətəndaşların bir qismi mövcud vəziyyətə etiraz etsə də, digər bir qismi çıxış yolunu ölkəni tərk etməkdə tapıb.

Məhz bu səbəbdən də, dövlət başçısının məlum çıxışından sonra rusiyalıların ölkədən kütləvi qaçışı başlayıb. Qonşu ölkələrə üz tutan rusiyalılar Gürcüstanla sərhəddə tıxaca səbəb olublar.

Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

Rusiya-Finlandiya sərhədində də analoji vəziyyətin hökm sürdüyü bildirilir.

Gürcüstan Daxili İşlər Nazirliyi son 10 gündə Gürcüstana giriş və çıxış edən rusların sayını açıqlayıb.

Son 10 gündə 78 min 742 Rusiya vətəndaşı Gürcüstan sərhədini keçib, 62 min 120 Rusiya vətəndaşı isə ölkəni tərk edib.

Bildirilir ki, Vladiqafqazda Rusiya Federasiyası ilə Gürcüstan sərhədində ölkəni tərk etmək istəyən yük maşınları, avtobuslar və minik avtomobillərindən ibarət 20 kilometrlik tıxac var. 

Qeyd olunur ki, nəqliyyat vasitələri qarşıdan gələn zolaqları və piyada yollarını tutmaqla bir neçə cərgədə dayanır. Rusiya-Gürcüstan sərhədinin Şimali Osetiyadakı hissəsində yaxın vaxtlarda hərbi komissarlığın səfərbərlik məntəqəsi açılacaq.

Şimali Osetiyanın Daxili İşlər Nazirliyinə istinadən verilən məlumata görə, bu barədə müvafiq qərar “Yuxarı Lars” keçid məntəqəsində keçirilən müşavirədə qəbul edilib.

Qeyd olunub ki, Şimali Osetiyanın daxili işlər naziri, Dövlət Yol Müfəttişliyinin rəisi və Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinin rəhbərlərinin iştirakı ilə “Yuxarı Lars” sərhəd keçid məntəqəsində müşavirə keçirilib.

Müşavirədə Şimali Osetiyadakı “Yuxarı Lars” keçid məntəqəsindən Rusiya-Gürcüstan sərhədini piyada keçməyə icazə verilməsi haqqında qərar qəbul olunub.

Türkiyənin bir sıra KİV-ləri iddia edir ki, Rusiyadan Gürcüstana keçmək istəyənlərin arasında Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarına həddən artıq çox rast gəlinir. Burada Rusiyanın, fürsətdən yararlanaraq, çoxlu sayda FTX əməkdaşını Gürcüstana doldurmaqda hansı məqsədi ola bilər?

İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu prosesi tam olaraq Rusiyanın qonşu ölkələrə öz casuslarını yeriləşdirmək niyyəti ilə əlaqələndirmək olmaz: “Rusiyanın istənilən qonşu ölkədə kifayət qədər agentura şəbəkəsi var. Mən istisna etmirəm ki, sərhədi keçənlərin sırasında Rusiya xəfiyyəsinin adamları olub. Onlar prosesə həm sərhəddə, həm də Gürcüstanın daxilində nəzarət etmək niyyəti güdürlər.

Çünki analoji vəziyyət Rusiyanın bütün sərhədlərində yaşanır. Mən Qazaxıstanın Rusiya ilə sərhədində olan vəziyyəti izlədim, oradakı vəziyyət daha da acınacaqlıdır. Artıq Rusiya höküməti həmin sərhədlərdə öz strukturlarının işini gücləndirib. Hətta yaxın günlərdə sərhədlərdə nəzarətin daha da güclənəcəyi haqda məlumatlar var. Gürcüstanla sərhəddə isə fövqaladə vəziyyətin elan edildiyi bildirilir. Hazırda Risiyanın xüsusi xidmət orqanlarının fəaliyyətinə daha çox ölkənin daxilində ehtiyac var, nəinki xaricdə. 

Əhalini səfərbər etmək gərəkdir, buna mane olan amillər araşdırılmalıdır. Rusiyada terror hadisələrinin sayı artır. Bunun qarşısının alınmasında xüsusi xidmət orqanlarının səmərəli fəaliyyətinə ehtiyac var. Sərhədi keçmək, daha doğrusu, Rusiyadan qaçmaq istəyənlərin heç də hamısı səfərbərlikdən yayınanlar deyil. Onların içərisində qadınlar, uşaqlar və yaşlılar var. Onlar gələcək yaşayışlarını Rusiyada məqbul hesab etmədikləri üçün həmin ölkəni tərk edirlər. Rusiya hazırda tam müharibə şəraitindədir. Buna görə də, strukturların, xüsusilə də kəşfiyyatın aktivləşməsi mümkündür. Bu aktivlik Gürcüstan və digər ölkələri də əhatə edə bilər. Ancaq ümumən FTX-nin Gürcüstana kütləvi axını bir qədər inandırıcı görünmür. Bir daha xatırladıram ki, Rusiyanın həmin ölkədə oturuşmuş bir casus şəbəkəsinin olması məlumdur”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …