Bakı Metropoliteninin “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasında baş vermiş partlayışdan 27 il ötür. 1995-ci ilin oktyabrın 28-də baş vermiş həmin hadisə zamanı 300-ə yaxın insan ölmüş, 400 nəfər yaralanmışdı.
Bu hadisədən bir il öncə Bakı Metropolitenində iki terror hadisəsi baş vermişdi: 1994-cü il martın 19-da metronun “20 yanvar” stansiyasında qatarda törədilən partlayış nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər ağır xəsarətlər almışdı. Azərbaycanın hüquq-mühafizə orqanları bunun bir terror aktı olduğunu və Ermənistan xüsusi xidmət orqanlarının hazırladığını bildirir. Rəsmi məlumata görə, hadisəni separatçı “Sadval” hərəkatının üzvləri törədiblər.
1994-cü il iyulun 3-də isə “28 may” və “Gənclik” stansiyaları arasında qatarda partlayış törədilib. Bu hadisədə 13 nəfər həlak olub, 42 nəfər yaralanıb. Hüquq-mühafizə orqanları bu hadisəni də Ermənistanın xüsusi xidmət orqanlarının təşkil etdiyini bildirir.1995-ci il 28 oktyabr tarixində baş verən və ən ağır metro faciəsi kimi “Ginnesin rekordlar kitabı”a düşən hadisənin isə terror aktı deyil, qatardakı texniki nasazlıq və maşinistin səhv qərarı üzündən baş verdiyi deyilir. Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə əlaqələndiril.
Hadisə ilə bağlı aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı səhv sayılmışdı. Təhlükəsizlik qaydalarına riayət edilməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Hesab olunurdu ki, insan ölümünün çox olmasına səbəb, maşinistin qatarı saxlamasından sonra yaranan havasızlıq olub. Həmin vaxt baş nazirin müavini olan Abbas Abbasov da mətbuata açıqlamasında qəzanın sırf texniki səbəbdən – avadanlığın köhnəlməsi ucbatından baş verdiyini bildirmişdi.
Bu dəhşətli hadisənin baş verməsindən 27 il ötür. Bəs hazırda Bakı metrosunda vəziyyət necədir?
27 il sonra biz də qatar vasitəsi ilə hadisənin baş verdiyi tuneldən keçib, “Nəriman Nərimanov” stansiyasına yollandıq. Müşahidələrimiz nəticəsində söyləyə bilərik ki, bu gün Bakı metropoliteni strateji obyekt olaraq 1995-ci illə müqayisədə yüksək səviyyədə qorunur. Stansiyaya girmək üçün ilk olaraq polis postundan keçməlisən. Polislər demək olar ki, hər kəsin əlindəki çantaları xüsusi cihaz vasitəsi ilə yoxlayırlar. Bundan başqa əgər metronun platformasına düşən pilləkəndə və ümumiyyətlə, bu ətrafda bir müddət gözləyirsənsə, həmin zaman da polislər yaxınlaşırlar. Onlar kameralar vasitəsi ilə diqqət edib, uzun müddət bir yerdə dayanan şəxsin nə üçün gözlədiyi ilə maraqlanırlar.
Son 27 ildə qatarların içərisinə də kameralar quraşdırılıb. Eyni zamanda platformaya xüsusi cihaz (SOS) qoyulub ki, onun vasitəsi ilə baş verən hadisə barəsində sərnişinlər müvafiq ünvanlara məlumat verə bilərlər.
Məsələ ilə bağlı Bakı Metropolitenin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayevin də fikrini aldıq. N.Paşayev bildirdi ki, son zamanlar metroda bir sıra avadanlıqlar yenilənib, müasir standartlara cavab verəcək səviyyəyə çatdırılıb: “Onu deyə bilərəm ki, polis əməkdaşları və bizim özümüzün işçilərimiz tərəfindən Bakı Metropolitenində təhlükəsizlik tam təmin olunub. Metrodan sərnişinlər çox rahat şəkildə istifadə edib, təhlükəsizliklərinə tam əmin ola bilərlər. Son zamanlar metroda quraşdırılan avadanlıqların hamısı Avropa standartlarına cavab verir, təhlükəsizliyi də yüksək səviyyədədir. Metronun havalandırma sisteminə gəlincə isə deyə bilərəm ki, hazırda bu baxımdan da heç bir problemimiz yoxdur. Havalandırma sistemi tam qaydasındadır. Burada da yeni avadanlıqlar quraşdırılıb. 1995-ci illə müqayisədə müsbətə doğru dəyişikliklər həddən artıq çoxdur. Avdanlıqlarımızda köklü dəyişikliklər edilib”.