Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlanğıcından ABŞ və Rusiya hərbçiləri tərəfindən yaradılmış münaqişənin həlli üçün (“dekonfliktinq”) xüsusi rabitə xətti yalnız bir dəfə istifadə edilib.
Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters”ə adının açıqlanmasını istəməyən amerikalı rəsmi məlumat verib.
Mənbə bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın Ukraynadakı kritik infrastrukturun yaxınlığındakı hərbi əməliyyatları ilə bağlı narahatlıqlarını bildirmək üçün “dekonfliktinq” xəttinə müraciət edib.
ABŞ rəsmisi zəngə səbəb olan konkret olay barədə ətraflı bilgi verməkdən imtina edib, ancaq deyib ki, söhbət Rusiyanın noyabrın 15-də Ukraynaya kütləvi raket hücumu zamanı Polşa ərazisinə raketin düşməsindən getmir.
Agentlik güman edir ki, söhbət Rusiyanın Zaporojye AES ətrafında hərəkətləri və ya Ukrayna tərəfinin Xerson vilayətindən geri çəkilərkən Novokaxovskaya SES-nin bəndini partlatmaq barədə elan etdiyi Rusiya qüvvələrinin niyyətlərindən gedə bilər.