İmza və möhürü var, ancaq imzalamağa və möhürləməyə iş yoxdur”
“Qeyri-hökumət təşkilatları dövlətin və cəmiyyətin inkişafında əsas və vacib institutlardan biri sayılır. Xüsusən postmüharibə dövründə vətəndaş cəmiyyətinin üzərinə dövlətin və xalqın mənafeyini qorumaq istiqamətində xüsusi missiya düşür”. Bu barədə “Şərq”ə İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri, “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə deyib. Birlik rəhbəri bildirib ki, bu sektor vətəndaş təşəbbüsünü ifadə etdiyindən rahat şəkildə vacib mesajları dünya birliyinə çatdırmaq imkanına sahibdir:
“Aparılan islahatlar dalğasına uyğun olaraq, bir çox sahələrdə yeni təşəbbüslərə uyğun idarəetmə formalarının yaradılmasına ehtiyac duyulduğundan 19 aprel 2021-ci il tarixində Prezidentin fərmanı ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bazasında QHT-lərə Dövlət Dəstəyi Agentliyi yaradılıb. Fərmanda çox mükəmməl formada Agentliyin qısa zaman kəsiyində fəaliyyətə başlaması və qeyri-hökumət təşkilatlarına dəstək göstərilməsi üçün mühüm tapşırıqlar qoyulub. Fərmana əsasən, Agentliyin fəaliyyətə başlaması üçün Nazirlər Kabinetinin müvafiq sənədləri təsdiqləməsi və maliyyə təminatının həyata keçirilməsi vacibdir. Sözsüz ki, hər birimiz proseslərin gecikməsi ilə bağlı QHT-lərə Dövlət Dəstəyi Agentliyini və Nazirlər Kabinetini tənqid edirdik. İlk baxışda prosesin Nazirlər Kabinetindən və Agentlikdən asılı olduğu görünsə də, sən demə işin içində “gözəgörünməz” məqamlar da var imiş. Prezidentin Fərmanının icrası üçün baş nazirin Sərəncamı var, lakin Sərəncamın icrasından xəbər-ətər yoxdur. Nazirlər Kabineti Fərman imzalandığı gündən hərəkətə keçibmiş. Sərəncama əsasən iş bölgüsü aparılıb. Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları prosesə cəlb olunub. Sözsüz ki, qurumun fəaliyyətinin təmin olunması üçün əsas məsələ maliyyə vəsaiti və əməkdaşların işə qəbuludur. Hər iki prosedurda əsas söz sahibi isə Maliyyə Nazirliyidir. O nazirlik ki, hər zaman bu sektora “ögey övlad” münasibəti bəsləyib. İndi isə bəzi qurumlar QHT-lərlə bağlı prosesi ləngidib fəaliyyətləri ilin sonuna sürükləməklə, ayrılan vəsaiti müxtəlif istiqamətlərə, bəlkə də “asfalt” döşəməyə sərf etmək niyyətinə düşüb. Versiyalar çoxdur, nəticə isə birdir. Qeyri-hökumət təşkilatları zəifləməkdə davam edir və ötən illərin ən ağır zamanını yaşayır. Yəni imza və möhürü var, ancaq imzalamağa və möhürləməyə iş yoxdur”.
C.Hüseynzadə vurğulayıb ki, qərarlar qəbul edərkən spesifik məqamlara diqqət ayrılmalıdır:
“Qərarın vətəndaş cəmiyyəti ilə bağlı olduğuna diqqət edilməlidir. Yaddan çıxarmaq lazım deyil ki, QHT sektorunun əsas dəstək ünvanı Azərbaycan dövlətidir və fəaliyyəti də ölkəmizin haqq işinin müdafiə edilməsi, milli maraqlarımızın təmin olunması istiqamətində səfərbər olmaqdır. Azərbaycanda bir çox dövlət qurumlarının ləğv olunması və yenidən qurulması ilə bağlı təcrübə var. Heç bir nümunədə belə paradoksal vəziyyət yaranmayıb. Təəssüf ki, Fərmanın icrasına qoyulan vaxt başa çatsa da, hələ ki, Agentliyin və QHT-lərin fəaliyyəti üçün maliyyə vəsaiti aktiv edilməyib. Bu maliyyə vəsaiti Prezident tərəfindən 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulub. 6 milyon 316 min 97 manat Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına ayrılıb. Agentlik də Şuranın hüquqi varisi olduğu üçün büdcədə nəzərdə tutulan vəsaitin hazırkı quruma ödənilməsində heç bir problem olmamalıdır. Həmin vəsaitin vətəndaş cəmiyyətinə verilməməsi nəticəsində ölkədə fəaliyyət göstərən yüzlərlə QHT-nin fəaliyyəti iflic vəziyyətə düşüb. Vətəndaş cəmiyyəti təşkilatlarının maliyyələşməsində və fəaliyyətində ciddi problemlər özünün pik nöqtəsinə çatıb. Müvafiq addımlar atılmazsa, biz bu sektoru “reanimasiya”da görməli olacağıq”.