Şənbə , 23 Noyabr 2024
Drone Cameras

QHT sədri: Biz elə mühit yaratmalıyıq ki,…

ADA Universitetində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADA Universiteti ilə birgə təşkil edilən QHT-nin beynəlxalq əməkdaşlığının gücləndirilməsinə həsr olunmuş konfrans keçirilib.

Konfrans barədə fikirlərini “Şərq”lə bölüşən “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə qeyd etdi ki, QHT-nin beynəlxalq əməkdaşlığının gücləndirilməsi bu gün vətəndaş cəmiyyəti ilə bağlı əsas prioritetlərdəndir: 

– Konfransda Xarici İşlər Nazirliyinin, ADA Universitetinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin məsul şəxsləri, QHT rəhbərləri və media mənsubları iştirak edirdi. Hesab edirəm ki, çox vacib görüş idi və geniş müzakirələr aparıldı. Yerli QHT ilə beynəlxalq QHT sektorunun əməkdaşlığının gücləndirilməsi, əlbəttə, vacibdir. Lakin bu sahədə müsbət nəticələr əldə etmək üçün davamlı fəaliyyət vacibdir. Müvafiq dövlət qurumları da bu ehtiyacları hiss edir. Hesab edirəm ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin keçirdiyi bu konfrans QHT-nin bu istiqamətdə inkişafına dövlətin də maraqlı olduğunu təsdiq edir. Prezident  Administrasiyası, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi digər dövlət qurumları ilə birgə QHT-nin bu sahədə potensialının artırılmasına dəstək vermək niyyətindədirlər. Bu dəstək əsasən təlimlərin təşkili, informasiyaya çıxışın yaxşılaşdırılması  və s. ola bilər. Müzakirələr açıq və konstruktiv keçdi. Hər bir QHT ümummilli məsələdə  dövlətimizin haqq işinə dəstək vermək niyyətindədir. Hesab edirəm ki, güclərin birləşdirilməsi vacibdir. Fikrimcə, QHT-nin beynəlxalq təmsilçiliyinin artırılması üçün ümumilikdə QHT qanunvericiliyinə və xarici maliyyə çıxışına da yenidən baxmaq lazımdır. Əlbəttə, bu siyasətin formalaşmasında dövlətin təhlükəsizliyi  əsasdır. Amma hesab edirəm ki, yumşalma ilə bağlı addım atmaq imkanları mövcuddur. Rəhbəri olduğum təşkilat 2022-ci ildə BMT-nin İqtisadi və Sosial Şurasına üzv olub. Amma etiraf edim ki, təmsilçiliklə bağlı problemlərimiz mövcuddur.  Bu problem digər QHT-də də var. Bu məsələ üzərində də işləmək lazımdır. Hesab edirəm ki, bizim daha yaxşı beynəlxalq təmsilçiliyimiz üçün xarici QHT ilə birgə layihələrin işlənilməsi önəmlidir. Bu layihələr isə beynəlxalq donorlar vasitəsilə maliyyələşir. Bu çıxışın  əldə olunması üçün instutisional inkişaf, bilik və bacarıqların artırılması şərtdir.  Biz elə mühit yaratmalıyıq ki, bacarıqlı inşanlar, xüsusən savadlı gənclər  QHT sektoruna gəlsin. Bu nəticəni təmin edə bilsək, yaxın 5 il ərzində beynəlxalq platformalarda daha güclü təmsil oluna bilərik. Görüşdən müsbət təəssüratla ayrıldıq. Çünki dövlət rəsmiləri təkliflər üzərindən yeni görüşlərin keçiriləcəyini və bu istiqamətdə konkret addımlar atılacağını bildirdilər.

Check Also

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək

Bu il, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin nümayəndələri də deputat mandatı uğrunda …