Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Özbəkistanda Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycanın Özbəkistandakı səfirliyi, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə Xocalı faciəsi ilə bağlı mərasim keçirib.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkista-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı katibi professor Erkin Nuriddinov, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, Daşkənddə yaşayan azərbaycanlılar, tələbə-gənclər, jurnalistlər iştirak ediblər.

Tədbir iştirakçıları Xocalı soyqırımı və qardaş Türkiyə Cümhuriyyətində baş vermiş təbii fəlakət zamanı həlak olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Din xadimi tərəfindən faciə qurbanlarının ruhuna Quran ayələri oxunub.

Daha sonra çıxış edən səfir Hüseyn Quliyev Xocalı faciəsinin baş vermə səbəbləri haqqında ətraflı məlumat verərək, 31 il əvvəl erməni silahlılarının bir gecənin içində Xocalı şəhərini yer üzündən sildiklərini, şəhər əhalisini amansız şəkildə qətl etdiklərini bildirib. Bu qətliam zamanı Xocalı sakinləri olan yüzlərlə qoca, qadın, uşaq xüsusi amansızlıqla qətlə yetirilib. Səfir, hələ 1994-cü ilin fevralında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisində Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini, fevralın 26-sının isə Xocalı Soyqırımı Günü elan olunduğunu qeyd edərək, Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilən “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası haqqında danışaraq, dünyada Xocalı soyqırımının tanınması, bu insanlıq faciəsinə dünya dövlətlərinin ədalətli münasibət nümayiş etdirməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. Diplomat vurğulayıb ki, Xocalı soyqırımı indiyədək dünyanın 16 ölkəsi, Amerika Birləşmiş Ştatlarının 24 ştatı tərəfindən tanınıb və pislənib. Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə əlaqədar 13 sənəd qəbul edib və özündə 57 dövləti birləşdirən bu təşkilat 2012-ci il yanvarın 30-da Xocalı soyqırımını rəsmi şəkildə tanıyaraq faciənin XX əsrin dəhşətli cinayətləri olan Xatın, Xirosima, Naqasaki və Holokost soyqırımları ilə bir sırada dayandığını bəyan edib.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı katibi, professor Erkin Nuriddinov isə öz çıxışında bəşər tarixinin böyük faciələrindən biri hesab edilən və yaxın keçmişdə bütün dünyanın gözü qarşısında baş verən Xocalı soyqırımının humanizm üçün çox böyük bir dərs olduğunu qeyd edərək, hər bir dövlətin Azərbaycan xalqına qarşı törədilmiş bu hadisəni bəşəriyyətin faciəsi kimi qəbul etməli olduğunu, bundan nəticə çıxararaq bir daha bu cür faciələrin baş verməməsi üçün əməli işlər görməlidirlər. Amma təəssüf ki, bəzi dövlətlər bu faciəyə ilə bağlı ədalətli mövqe sərgiləmir. Lakin Azərbaycan xalqı və dövləti düzgün mövqe nümayiş etdirərək, bir tərəfdən hadisəni unutmur, digər tərəfdən də dünyadan Xocalıya ədalət tələb edir.

Daha sonra çıxış edən Avropa Akademiyasının akademiki, Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiri Almaz Məcidova ermənilərin bütün dünyanın gözü önündə Azərbaycan xalqına qarşı törədilmiş bu dəhşətli hadisəyə dünya dövlətlərinin biganə qalmamalı olduğunu qeyd edərək ermənilərin Azərbaycan xalqının nümayəndələri olan qocalara, qadınlara, uşaqlara dəhşətli işgəncələr və zülm verməsini, təhqir etməsini dilə gətirərək bunun bəşəryyətə qarşı yönəlmiş bir cinayət olduğunu vurğulayaraq belə bir əməli törədən bir dövlətə qarşı beynalxalq siyasi arenalarda münasibətin də buna uyğun olmasının vacibliyini diqqətə çatdırmışdır.

Tədbir iştirakçıları Xocalı faciəsi, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış olub, Xocalı faciəsi ilə bağlı film izləyiblər.

Tədbirin sonunda faciə qurbanlarının ruhuna ehsan verilib.

Check Also

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib. Boyukmillet.com xəbər verir ki, turistlər işğaldan azad edilmiş …