Cümə , 16 Yanvar 2026
Drone Cameras

ABŞ Azərbaycan vətəndaşlarına daimi yaşayış vizalarının verilməsini dayandırır

ABŞ Dövlət Departamenti 75 ölkəyə, o cümlədən Azərbaycan vətəndaşlarına daimi yaşayış (immiqrasiya) vizalarının verilməsini dayandırır.

Bu barədə Fox News Dövlət Departamenti memorandumuna istinadla bildirir.

Siyahıya keçmiş SSRİ ölkələrindən Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan və Moldova daxildir. Bundan başqa, Somali, Əfqanıstan, Braziliya, İran, İraq, Misir, Nigeriya, Tailand, Yəmən, Haiti, Qvatemala, Kosovo, Küveyt, Kamboca, Livan və Liviya da məhdudiyyət tətbiq olunan ölkələr sırasındadır.

Sənədə görə, konsulluq işçilərinə həmin ölkələrin vətəndaşlarına immiqrasiya vizası verməmək tapşırılıb, çünki ABŞ Dövlət Departamenti müraciətlərin yoxlanması qaydalarını yenidən gözdən keçirir.

Yeni qayda yanvarın 21-dən qeyri-müəyyən müddətə qüvvəyə minəcək.

ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqott bildirib ki, qərar immiqrasiya müraciətləri üzrə yoxlama prosedurlarının yenidən nəzərdən keçirilməsi ilə bağlıdır.

“Dövlət Departamenti mövcud səlahiyyətlərindən istifadə edərək ABŞ üçün yükə çevrilə biləcək, Amerika xalqının sosial dəstək sistemindən sui-istifadə etmə ehtimalı olan şəxsləri müəyyənləşdirməyə çalışır”, – Piqott qeyd edib.

2025-ci ilin noyabrında Dövlət Departamenti dünyanın müxtəlif ölkələrindəki konsulluqlarına teleqram göndərib. Həmin sənəddə deyilirdi ki, yoxlamanı aparan şəxs ərizəçinin dövlət müavinətlərindən asılı vəziyyətə düşə biləcəyi qənaətinə gəlsə, ona immiqrant vizasının verilməsindən imtina etsin.

Məsələyə yanvarın 15-də Birləşmiş Ştatların (ABŞ) Azərbaycandakı səfirliyi də münasibət bildirib.  Səfirlik qeyd edib ki, fasilə yalnız immiqrant (daimi yaşayış) vizalarına aiddir.

https://www.facebook.com/plugins/post.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fbaku.usembassy%2Fposts%2Fpfbid0TEtUDmvDNHpQt5ZbK6oHRh9MNDczDAdJv1RgarfEiXRxfRzzruhaRyGHCXhzj9btl&show_text=true&width=500

“Bu, turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant viza müraciətlərinə şamil edilmir. ABŞ-nin Bakıdakı səfirliyində qeyri-immiqrant viza müraciətlərinin qəbulu davam edir”, – səfirliyin açıqlamasında deyilir.

Check Also

Qəzalı və istismar müddətini başa vuran binaların sökülməsi planlaşdırılır – Vüqar Oruc

Bakı şəhəri, Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nəsimi, Sabunçu, Suraxanı rayonlarında qəzalı və istismar müddətini başa …