ABŞ hesab edir ki, BMT-nin Baş katibi Antoniu Quterreş Moskvanın təzyiqinə tab gətirmədiyinə görə o, Rusiyanın İran dronlarından istifadə etməsini yoxlamaq üçün Ukraynaya rəsmilər göndərməyib.
Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir ki, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Ukrayna Rusiyanın İran istehsalı dronların tədarükünün BMT Təhlükəsizlik Şurasının 2015-ci ildə İranla nüvə sazişini təmin edən qətnaməsini pozduğunu bildiriblər.
Bu ölkələr Quterreşdən araşdırma aparmaq üçün rəsmiləri Kiyevə göndərməkdə israr edirlər.
Dekabrın 19-da İranın nüvə sazişi ilə bağlı 2015-ci il qətnaməsi ilə bağlı Təhlükəsizlik Şurasının iclasında çıxış edən ABŞ-ın BMT-dəki səfirinin müavini Robert Vud BMT-nin Rusiyanın İran dronlarından istifadə etməsi ilə bağlı araşdırmaya başlamamasından məyus olduğunu bildirib.
“Təəssüf edirik ki, BMT bu pozuntu ilə bağlı normal araşdırma aparmaq üçün addım atmadı. Katibliyin, görünür, Rusiyanın təhdidlərinə boyun əyərək, Təhlükəsizlik Şurasının araşdırma aparmaq üçün verdiyi mandatı yerinə yetirməməsi bizi məyus edir”.
Xatırladaq ki, oktyabr ayında İran Fransa, Almaniya və Böyük Britaniyanın BMT-yə Rusiyanın Ukraynaya hücum etmək üçün İran istehsalı olan dronlardan istifadə etməsi ilə bağlı iddiaları araşdırmaq çağırışını pisləyib.