ABŞ Dövlət Departamenti 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar dünyanın müxtəlif yerlərindən olan bir sıra qadınlara, o cümlədən İranda keçirilən etiraz aksiyalarında iştirak etmiş zərif cinsin nümayəndələrinə “Cəsarətli Qadın” Beynəlxalq Mükafatını təqdim edəcəyini açıqlayıb.
Boyukmillet.com xəbər verir ki, məlumatı “Amerikanın səsi“ radiosunun farsca redaksiyası yayıb.
ABŞ Dövlət Departamentindən verilən açıqlamaya əsasən, fəxri mükafat kollektiv şəkildə iranlı etirazçı qadın və qızlara verilir.
Martın 8-də ABŞ-ın dövlət katibi Entoni Blinken və birinci xanım Cil Bayden Ağ Evdə illik “Beynəlxalq Cəsarətli Qadın Mükafat”larını təqdim edəcək.
Dövlət Departamentinin açıqlamasında bildirilib ki, İran hakimiyyəti tərəfindən maliyyələşdirilən qadınlara qarşı zorakılıq tədbirləri uzun tarixə malikdir, ancaq Məhsa Əmininin vəhşicəsinə qətli ölkə cəmiyyətinə təsir edib, etiraz hərəkatına səbəb olub: “Onun ölümündən bir neçə gün sonra iranlı qadınlar və qızlar küçələrə çıxaraq baş örtüklərini açıb, yandırıb, saçlarını kəsiblər”.
Açıqlamada vurğulanıb ki, onların cəsarəti və itaətsizliyi kişilər və oğlanlar da daxil olmaqla, başqalarını kütləvi şəkildə onlara qoşulmağa ruhlandırıb.
Bildirilib ki, yüzlərlə dinc nümayişçinin, o cümlədən 70 uşağın ölümünə səbəb olan amansız cavaba baxmayaraq, iranlı qadın və qızların etirazı davam edib.
Qeyd edək ki, İranda hərbi-polis qüvvələri yürüş və mitinqlər zamanı 500-dən çox etirazçını qətlə yetirib.
Məlumata görə, Özbəkistan, Əfqanıstan, Monqolustan, Polşa, Qazaxıstan, Argentina, Mərkəzi Afrika Respublikası, İordaniya, Kosta-Rika, Efiopiya, Malayziya və Ukraynadan olan qadınlar da ABŞ Dövlət Departamentinin 2023-cü il üzrə “Cəsarətli Qadın” Beynəlxalq Mükafatına layiq görülüblər.
Bildirilib ki, bu mükafata layiq görülənlər insan hüquqları, gender bərabərliyi, qadınların və qızların hüquqlarının qorunması sahəsində fəaliyyətlərinə və şəxsi risklərə baxmayaraq, qeyri-adi cəsarət göstərdiklərinə görə seçilirlər.