Rusiya qoşunlarını çıxarsa və həmçinin danışıqlara başlasa, ABŞ Ukrayna ilə bağlı diplomatiyaya hazırdır.
Boyukmillet.com Reporta istinadən xəbər verir ki, bu barədə çərşənbə günü mətbuat konfransında ABŞ dövlət katibi Entoni Blinken bildirib.
“Əgər Rusiya qoşunlarını çıxarsa və danışıqlara hazırdırsa, biz də bunu etməyə hazırıq”, – ABŞ rəsmisi vurğulayıb.
“Mən dostum və həmkarım, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə demək olar, hər gün əlaqə saxlayıram. Mən açıq şəkildə bildirdim ki, biz Ukrayna hakimiyyətinin atəşkəsə nail olmaq və Rusiya qüvvələrini geri çəkmək üçün istənilən diplomatik səylərini dəstəkləyəcəyik”, – Blinken əlavə edib.
O, həmçinin bildirib ki, Qərb ölkələri Ukraynaya hava hücumundan müdafiə sistemləri, tank əleyhinə sistemlər və digər silahların tədarükünü sürətləndirmək üçün hərəkətləri əlaqələndirirlər.
“Son bir neçə gün ərzində mən (ABŞ-ın) müttəfiqlərindən Ukraynaya təcili ehtiyac duyulan müdafiə vasitələrinin sürətləndirilmiş şəkildə təhvil verilməsini və bu aktivlərin, o cümlədən tank əleyhinə və zenit silahlarının, eləcə də atıcı silahların, sursatların öz ölkələrini məharətlə və qətiyyətlə müdafiə edən ukraynalı döyüşçülərə ötürülməsini sürətləndirmək üçün hər cür səyin əlaqələndirilməsini təsdiqlədim”, – diplomat bildirib.